Asiya ölkələri spikerləri Milli Məclisdə

post-img

Fevralın 20-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.

Milli Məclisin sədri Azərbaycanın xarici siyasətinin prinsiplərinə, müasir beynəlxalq münasibətlər sisteminə dair baxışları ilə bağlı Prezident İlham Əliyevin fikirlərini xatırladaraq, deyib ki, bu prinsiplər dostluq, bir-birinin daxili işlərinə qarışmamaq, beynəlxalq öhdəliklərə riayət etmək, qarşılıqlı hörmət nümayiş etdirmək kimi prinsiplərdir.

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf APA-nın Bakıda keçirilən 15-ci plenar sessiyasının önəmini vurğulayaraq, müzakirəyə çıxarılan qərarların əhəmiyyətindən danışıb. Qonaq ölkəsinin bütün qonşu dövlətlərlə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu, bu siyasətdə Azərbaycanın xüsusi yer tutduğunu qeyd edib, gələcəkdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılacağına əminliyini ifadə edib.

Görüşdə dövlətlərarası münasibətlərin mühüm bir istiqaməti kimi parlamentlərimiz arasında da əlaqələrin genişləndirilməsi, beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.

Həmin gün Sahibə Qafarova Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilaninin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə də görüşüb.

S.Qafarova qeyd edib ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub. Hər iki ölkə həm ikitərəfli, həm də beynəlxalq müstəvilərdə bir-birini daim dəstəkləyir və dövlətlərimiz arasındakı əlaqələr bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir.

Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani diqqətə çatdırıb ki, Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir, xalqlarımız ortaq dəyərləri bölüşürlər. Bildirib ki, Pakistan Ermənistanla diplomatik münasibət qurmayan nadir ölkələrdəndir. Pakistanın Azərbaycanla 1992-ci ildən yaradılmış diplomatik münasibətlər üzərində ötən illər ərzində bütün sahələrdə, o cümlədən parlamentlərimiz arasında yüksəksəviyyəli əlaqələr formalaşıb.

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığının Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh ilə də görüşüb.

Görüşdə Azərbaycan paytaxtında Asiya Parlament Assambleyasının 15-ci plenar iclasının uğurla təşkil olunduğu qeyd edilib, Assambleya çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan ilə Bəhreyn arasında münasibətlərin inkişafından da razılıq ifadə edilərək, xalqlarımız arasında mövcud olan ortaq dini və mədəni dəyərlərin ölkələrimiz arasında münasibətlərə müsbət töhfə verdiyi və ölkələrimizin bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdikləri bildirilib.

Görüşdə ölkələrimizin parlamentləri arasında münasibətlərə dair də fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlərin və sıx təmasların bu istiqamətdə vacib rol oynaya biləcəyi vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova Butan Krallığı Milli Assambleyasının sədri Lunqten Dorci ilə də görüşüb.

Söhbət zamanı xalqlarımızın sülhpərvər ideyaları dəstəklədikləri, dünyada sülh və sabitliyin bərpa olunması ilə bağlı təşəbbüslərin vacibliyi qeyd edilib. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün imkanlar olduğu vurğulanıb.

XQ



Son xəbərlər