Fevralın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Görüşdə Sahibə Qafarova Azərbaycanın və Özbəkistanın dost, qardaş ölkə olduğunu qeyd edərək deyib: “Bizi ümumi tarixi, mədəni dəyərlər birləşdirir. İki ölkə arasında münasibətlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan dövlətinin başçısı Şavkat Mirziyoyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Ölkələrimiz arasındakı bu yaxınlıq siyasi, iqtisadi, mədəni və digər sahələrdə də özünü göstərir”.
S.Qafarova Özbəkistanın Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonunda məktəb tikintisi həyata keçirməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini və bunun qardaşlıq münasibətinin təzahürü olduğunu diqqətə çatdırıb. O, qanunverici orqanlar arasında da əməkdaşlığın uğurla inkişaf etməsindən məmnunluqla danışıb.
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva APA-nın sessiyasına dəvətə görə təşəkkürünü bildirib. Qonaq bildirib ki, iki ölkə başçısının yaxın şəxsi münasibətləri parlamentlərimizə də sirayət edir. Dil və mədəniyyət yaxınlığımız isə əməkdaşlığımızın daha da dərinləşməsinə möhkəm zəmin yaradır.
XQ