“Ötən ilin fevralında Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə əməkdaşlığa xitam verəndə bir çoxları rəsmi Bakını qınadı və bu addımı beynəlxlalq təşkilatın fəaliyyətinə ciddi maneə kimi qiymətləndirdilər. Üzərindən heç bir il keçmədi ki, ABŞ-nin yeni administrasiyası USAİD-i “cinayətkar şəbəkə” adlandırdı. ABŞ-nin dövlət israfçılığı və korrupsiya ilə mübarizə aparan DOGE qrupuna rəhbərlik edən İlon Maska görə, USAİD “qurdlu alma yox, sadəcə qurd topasıdır”. O, hətta təşkilatı bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. İttihamlardan biri də qurumun Əfqanıstanda narkotik məhsulların istehsalını maliyyələşdirməsi ilə bağlıdır. ABŞ Prezidenti Donald Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib. Ağ Ev artıq təşkilatı maliyyələşdirməkdən imtina edib. Bir il öncə Bakının USAİD ilə bağlı verdiyi qərarın nə qədər ədalətli və yerində olduğu öz təsdiqini tapdı. Mənə maraqlıdır, görəsən, USAİD-lə əməkdaşlığa xitam verdiyi üçün Azərbaycanı ittiham edənlər indi heç utanırlarmı? Onlar ölkəmizdən üzr istəyəcəklərmi?”
Bunu saytımıza açıqlamasında Milli Məclisin üzvü Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, 1961-ci ildə ABŞ-ın sabiq prezidenti Co Kennedinin sərəncamı ilə yaradılan USAİD-in əsas hədəfi kimi inkişaf etməkdə olan ölkələrə maddi və mənəvi dəstək vermək idi: “Amma araşdırmalar və müşahidələr göstərir ki, USAİD fəaliyyət göstərdiyi ölkələrdə daim qeyri-ənənəvi, radikal qüvvələri dəstəkləyib, siyasi qarşıdurmalara rəvac verib, milli-mənəvi dəyərlərə hörmət göstərməyib. Rəsmi Vaşinqton tərəfindən idarə olunan qurumun rəhbəri ABŞ prezidenti tərəfindən təyin edilir. Bundan başqa ABŞ-da Federal büdcənin 1 faizi hər il USAİD-ə ötürülür”.
Deputat qeyd etdi ki, USAİD-in Azərbaycandakı maraqları ölkəmizin milli maraqlarına cavab verməyib: “Onlar sadəcə ABŞ-nin Azərbaycan siyasətini icrası ilə məşğul idilər. Onlar öz maraqlarını, siyasətlərini Azərbaycana diktə yolu ilə qəbul etdirmək istəyirdilər. Azərbaycanın heç bir marağını nəzərə almaq niyyətində deyildilər. Ona görə də dövlətimiz USAİD-lə sazişin bir daha uzadılmaması barədə qərar qəbul etdi. ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin yaydığı məlumatdan isə belə aydın olur ki, USAID-in fəaliyyəti heç ABŞ-ın əsas maraqlarına cavab verməyib. USAID-in fəaliyyətində ciddi korrupsiya faktları, şübhəli və təhlükəli istiqamətlərə pulların ayrılması halları üzə çıxıb. Təşkilat korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. 100-dən çox ölkədə fəaliyyət göstərən təşkilat 50 milyard dollarlıq büdcə ilə şübhəli fəaliyyətlə məşğul olub. USAİD, xüsusilə postsovet məkanında müstəqil xarici siyasət yürüdən dövlətlərə təzyiqlər göstərmək üçün inqilablara, çevrilişlərə sponsorluq edib. Məsələn, ötən il Gürcüstanda hakimiyyət dəyişikliyinə nail ola bilməyən USAİD seçkidən sonra aksiyaları maliyyələşdirməkdə ittiham olunur. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, USAID Gürcüstan-ABŞ dostluğunu gücləndirmək əvəzinə, seçkilərə kobud müdaxilə etməklə məşğul olub. USAID tərəfindən maliyyələşdirilən ISFED adlı QHT proqram təminatından istifadə edərək saxta nəticələr yayıb və seçkilərin saxtalaşdırıldığını iddia edib. Lakin sonradan "Gürcü Arzusu" Partiyası saxtakarlığı ifşa edib və ISFED də bunu etiraf edib. Amma USAİD Gürcüstan xalqından üzr istəməyib”.
USAİD-in Azərbaycandakı 34 illik fəaliyyətinə nəzər salan deputat əlavə etdi ki, təşkilat daim dövlətimizə, milli maraqlarımıza qarşı siyasət aparan, dəyərlərimizi ələ salan qüvvələrə dəstək verib: “USAİD-dən maliyyələşən QHT-lər, siyasətçilər, media qurumları təkcə hakimiyyətə qarşı deyil, dövlətimizə, xalqımıza, suverenliyimizə qarşı fəaliyyət göstəriblər. 44 günlük Vətən müharibəsində “novarçılar” fəallaşdılar, müharibədən sonra Qarabağda yaşayan etnik ermənilərin müdafiəsinə qalxdılar, onların könüllü şəkildə Ermənistana köçməsini “etnik təmizləmə” kimi qələmə verdilər. Biz COP29 sammiti ərəfəsində də usaidçilərin “fəaliyyətlərini” gördük. Onlar sammit ərəfəsində davamlı və məqsədli şəkildə insan hüquqları, həbsdə olan erməni separatçıların məsələlərini qaldırdılar. USAİD-in bu günə qədər Azərbaycana xərclədiyi 450 milyon dolların çox hissəsi radiakizmin maliyyələşməsinə sərf olunub. Biz təşkilatdan bu pulları hansı istiqamətlərə, kimlərə xərclədiyinin hesabatını tələb etməliyik. 1991-ci ildən USAlD Gürcüstana 1,8 milyard, Ermənistana isə 3,3 milyard dollar sərmayə yatırıblar. Onların İrəvana dəstəyi bu gün də davam edir. Maraqlıdır ki, USAİD yalnız Ermənistanda hakimiyyəti dəstəkləmək, onun şıltaqlıqlarına göz yummaqla məşğuldur. USAİD rəhbəri, Qarabağda özünü "dövlət naziri" elan etmiş və hazırda Bakıda məhkəməsi keçirilən erməni milyarder Ruben Vardanyanın yaxın dostu Samantha Pauer heç vaxt Türkiyə və Azərbaycana qarşı qərəzli mövqeyini gizlətməyib. Onun müəllifi olduğu "A Problem from Hell" adlı kitabın birinci fəslində Osmanlı dövründə ermənilərin "soyqırım" qurbanı olduğunu iddia edilir. Amma 1992-ci ildə Xocalıda baş vermiş qətliam barədə bir cümlə belə yazmayıb. USAİD heç vaxt Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, qaçqınların problemlərinin həllinə dəstək olmayıb, qərbi azərbaycanlıların qayıdış hüquqlarına dair hər hansı tədbir keçirməyib. Düşünürən ki, USAİD-ə ən doğru qiyməti Azərbaycan Prezidenti cənab İlham Əliyev verib. O, Rusiya mətbuatına müsahibəsində açıq bildirdi ki, ABŞ-nin USAID adlı qurumu Azərbaycana yardım etmək istəyir, amma lazım olan məsələlərdə deyil. Yuxarıda qeyd etdiyim kimi, artıq ABŞ-nin yeni hökuməti USAID-in faəliyyətinin təkcə xarici ölkələr üçün deyil, həm də ABŞ-yə təhlükə yaradığının fərqindədir.
Görünən odur ki, ABŞ rəhbərliyi USAID-i bağlamaq deyil, onun rəhbərliyini dəyişmək variantına üstünlük verdi. ABŞ-nin dövlət katibi Marko Rubionun USAID-in direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilməsi, təşkilatın siyasətində də müəyyən dəyişikliklərin olacağını düşünməyə imkan verir. Ümid edirik ki, USAİD təhlükəli siyasətinə yenidən baxacaq və ölkələrin milli maraqlarına, dəyərlərinə hörmətlə yanaşacaq”