Paytaxtda seçicilərin bələdiyyələrə növbəti etimadı

post-img

Yerli özünüidarəetmə orqanlarına seçkilər həm də bələdiyyələrin fəaliyyətinin əhali tərəfindən qiymətləndirilməsi və istiqamətləndirilməsi, problemlərin aşkara çıxarılıb həll olunması üçün zəruri tədbirlərin görülməsinə imkan verir. Dünən paytaxtın seçki məntəqələrində müşahidə etdiyimiz mənzərə bunu deməyə əsas verir.

Səbail

Səbail rayonundakı 7 saylı Dairə Seçki Komissiyasının 25 nömrəli seçki məntəqəsi Bibiheybət qəsəbəsindəki 162 saylı tam orta məktəbin geniş və səliqəli foyesində yerləşir. Dünən səhər saat 11.00 radələrində bələdiyyə seçkilərindən reportaj hazırlamaq üçün bura gəlmişdik. Məntəqədə xeyli adam var idi. Onlar növbə ilə səs verirdilər.

Əvvəlcə məntəqənin sədri Tünzalə Mikayılovaya yaxınlaşdım. Özümü təqdim etdim. Tünzalə xanım məmnuniyyətlə səsvermənin gedişi barədə məlumat verdi. Dedi ki, o, uzun illərdir bu təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyir. Peşəsinə çox bağlıdır, eyni zamanda ölkəmizdə keçirilən ictimai-siyasi kampaniyalarda fəal iştirak edir. 

Tünzalə xanım budəfəki bələdiyyə seçkilərinin kifayət qədər yüksək seçici fəallığı şəraitində keçdiyini bildirdi. O məlumat verdi ki, məntəqə üzrə 1297 seçici qeydə alınıb. Onlar Səbail bələdiyyəsi üzrə namizədliyi qeydə alınmış 31 namizəddən 17 nəfəri seçməlidirlər. Tünzalə Mikayılava məni 25 saylı məntəqənin daimi üzvləri ilə də tanış etdi. Onlardan 2 nəfəri Mizağa Ağayev və Xanlar Qənbəroov şəhid atalarıdır. 

27 saylı seçki məntəqəsi isə qonşu 51 saylı orta məktəbin binasında yerləşir. Məntəqənin sədri Gülxar Quliyeva səsvermə prosedurunun yüksək səviyyədə keçdiyini söylədi. 

7 saylı Səbail dairə seçki komissiyasının sədri Cahangir Məmmədov bildirdi ki, dairə üzrə 41 daimi, 1 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Dairə üzrə 52 min 293 seçici qeydə alınıb. Seçicilər tam sərbəst şəkildə Səbail və Badamdar bələdiyyələri üzrə ən layiqli hesab etdikləri namizədə səs verəcəklər. 

C.Məmmədov onu da qeyd etdi ki, bütün seçki dairələri ilə operativ qaydada əlaqə saxlayır və heç bir məntəqədə seçki pozuntusu qeydə alınmayıb. 

* * *

“7 saylı Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsi 1440 secisini əhatə edir. Vətəndaşların rahat və şəffaf səs vermələri üçün zəruri şərait yaradılıb”. Bunu isə XQ-ya açıqlamasında seçki məntəqəsinin sədri Aydın Ağayev söylədi. 

Sədrin sözlərinə görə, saat 11 üçün artıq 50-dən çıx seçici özünün səsvermə hüququndan istifadə edib. Bu məntəqədə söhbət etdiyimiz müşahidəçilər səsvermə prosesinin tam şəffaf və qaydalara uyğun şəkildə davam etdiyini, heç bir qanun pozuntusuna yol verilmədiyini vurğuladılar. 

Səsvermənin şəffaf və demokratik şəkildə keçirilməsi, komissiya üzvlərinin və müşahidəçilərin normal fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirən Səbail rayonundakı 2 saylı seçki məntəqəsinin sədri Süleyman Əliyev sahə üzrə 1332 seçicinin qeydiyyata alındığını qeyd etdi. Məntəqə sədrinin sözlərinə görə, səsvermə prosesini 21 müşahidəçi izləyir, ən gənc seçicinin 18, ən yaşlı seçicinin isə 94 yaşı var.

Nəsimi

Nəsimi rayonunun 2 müstəqil və Səbail rayonunun isə bir müştərək seçki dairəsinin məntəqələrində də növbəti bələdiyyə seçkiləri mütəşəkkil, yüksək siyasi fəallıq şəraitində keçirdi. 

Paytaxtın iri yaşayış massivlərindən olan mikrorayonlardakı 21 saylı dairənin seçiciləri, necə deyərlər, çox da uzağa getmədən – binalardan çıxıb ən yaxın məsafədəki məktəblərdə, mədəniyyət ocaqlarında, sosial obyektlərdə təşkil olunmuş məntəqələrdə rahat və ahəngdar şəkildə səs verirdilər. 21 saylı DSK-nin 5 saylı məktəbdə yerləşən 15 saylı məntəqəsində də seçicilərin siyasi fəallığı, önəmli vətəndaş hüququndan istifadə həssaslığı açıq-aydın duyulurdu.

Bayırdakı izdihamdan qruplarla ayrılıb içəri daxil olan seçicilər “barmaq yoxlanışı”ndan keçib seçki qərargahına yaxınlaşırdılar. Onlar burada “şəffaf mürəkkəb” əməliyyatından sonra bülleten alıb pərdə arxasında seçimlərini edirdilər. Qarşı tərəfdə əyləşmiş müşahidəçilər prosesi nəfəsdərmədən izləyirdilər. Səhər saatları olsa da, şəffaf qutulardan 2-si artıq dolmuşdu.

Məntəqə komissiyasının sədri Məlahət Hüseynova bildirdi ki, ərazidə yaşayan 1373 seçiciyə qabaqcadan bildirişlər göndərilib. Proses baş tutub, bunu yaranmış növbə də sübut edir. Bayırda toplaşanları da nəzərə alsaq, deyə bilərik ki, iştirak fəallığı yüksəkdir. Buna isə səbəb odur ki, Nəsimi Bələdiyyəsinin 19 üzvlüyünə 25 nəfər iddialıdır. Onların tərəfdarları bu gün öz namizədlərinə dəstək olmağa gəliblər.

10 nəfərə yaxın müşahidəçilərin arasında hərbi geyimli, yaxası orden-medallı 2 qazi də var idi. Xüsusi təyinatlı dəstənin əsgəri olmuş Muxtar Qocayev və Füzulidən Şuşayadək döyüş yolu keçmiş Nurlan Yusifov bildirdilər ki, Qarabağ zəfərimizə layiq seçki prosesi təşkil edilib. Səsvermə şəffaf və demokratik qaydada keçir. 

Digər müşahidəçilərdən Könül Rzayeva, Aidə Təhməzova, Tahirə Ağayeva və Gülarə İsayeva da indiyədək heç bir qayda pozuntusu olmadığını dedilər. Onlar qeyd etdilər ki, məqsədləri geniş təşviqat aparmış, proqramları ilə adamları inandırmış ən yaxşıların ədalətli surətdə seçilməsinə ictimai nəzarəti təmin etməkdir.

Baş çəkdiyimiz başqa məntəqələrdə də eyni mənzərənin şahidi oldurduq.

* * *

23 saylı Nəsimi Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində seçicilərin fəallığı diqqətimizi cəlb etdi. Saat 12-yə qədər 170-ə yaxın seçici artıq səsvermə hüququndan istifadə etmişdi. Bunu bizə seçki məntəqəsinin sədri Aytən Baxşıyeva bildirdi. 

Məntəqə müasir avadanlıqla, veb-kamera ilə təchiz olunub. Seçici Səfurə İbrahimlinin qəzetimiz üçün dedikləri məntəqə sədrinin açıqlaması ilə üst-üstə düşdü: “Birinci dəfə deyil səsvermədə iştirak edirəm. Seçkidən-seçkiyə irəliləyişin, müasirləşmənin, dünya standartlarına yaxınlaşmağımızın şahidi oluram.

Yasamal

17 saylı Yasamal III Seçki Dairəsinin 15 saylı seçki məntəqəsinin sədri Şərafət Feyzullayeva dedi ki, ərazidə 1245 nəfər seçici var. Əvvəlcədən bülletenlər seçicilərə çatdırılıb. Səhər saat 8-də məntəqə səsvermə üçün açılıb. İlk saatlarda 150 nəfər səs verib. 

Seçkini izləyən müşahidəçilərin fikrini də öyrəndik. Sevinc Məmmədova dedi ki, Yeni Azərbaycan Partiyasını təmsil edirəm. Saat 8-dən buradayam. Seçicilər sərbəst olaraq gəlib səs verirlər. Heç bir narazılıq yoxdur. Bütün seçicilər üçün rahat şərait yaradılıb. 

Seçicilərdən Lalə Muradəliyeva isə söylədi ki, Tolstoy küçəsi, 121 ünvanda yaşayıram. Bələdiyyə seçkilərinə inamım böyükdür. Çünki bu seçkilər demokratiyanın təzahürüdür. İstədiyim və etibar etdiyim namizədə səs verdim. Azərbaycanda keçirilən hər yeni seçkilər müstəqilliyimizin bizə töhfəsidir. 

16 saylı seçki məntəqəsinin sədri Fizzə Həmidova XQ-yə bildirdi ki, məntəqədə 1174 seçici qeydə alınıb. Onlar səsvermədə fəal iştirak edirlər. Heç bir şikayətlə üzləşməmişik. 

Nizami

Bələdiyyə seçkiləri ilə bağlı 24 saylı Nizami Birinci Seçki Dairəsinin seçki məntəqələrində yüksək fəallıq müşahidə edilirdi. 49 min seçici 36 seçki məntəqəsində səs verirdilər. Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılmışdı. 

Bu məntəqələrdən biri də 16 saylı seçki məntəqəsidir. Məntəqənin sədri Həbibə Ələkbərova bildirdi ki, səsvermə qanunvericiliyə uyğun təşkil olunub, burada vətəndaşlar öz iradələrini sərbəst şəkildə ifadə edirlər. Onun sözlərinə görə, məntəqədə 1475 seçici və 29 namizəd qeydiyyata alınıb. Səsvermənin gedişini isə 20-dək yerli müşahidəçi izləyir.

220 saylı məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində də fəallıq müşahidə olunurdu. Söhbət zamanı 1 saylı seçki məntəqəsinin sədri Rövşən Məmmədov bildirdi: “Məntəqə seçki prosesi üçün lazım olan bütün avadanlıqlarla təmin olunub. Bələdiyyə üzvlüyünə 29 namizəd qeydiyyata alınıb. Onlardan 19 nəfər bələdiyyə üzvü seçiləcək. Müşahidəçilər seçki prosesini diqqətlə izləyirlər. Səsvermə prosesi demokratik şəkildə davam edir”. 

Qeyd edək ki, məktəbdə yerləşən 2, 3 və 4 saylı seçki məntəqələrində də seçki fəallığı diqqət çəkirdi. Seçicilər yüksək əhval-ruhiyyə ilə namizədlərə səs verirdilər.

Binəqədi

Paytaxtın Binəqədi rayonunda da ölkəmizdə keçirilən növbəti bələdiyyə seçkilərinə hazırlıq işləri yüksək səviyyədə başa çatdırılıb. Bu da rayon ərazisində təşkil edilmiş seçki dairələrinə daxil olan məntəqələrdə səsvermə prosesinin azad, şəffaf və mütəşəkkil keçirilməsi üçün hərtərəfli şərait yaradıb.

8 saylı Binəqədi Birinci Seçki Dairəsinin dairə seçki komissiyasının sədri Natiq Əliyev qeyd etdi ki, dairə üzrə, ümumilikdə, 927 nəfər yaşlı seçici var. Yaşlı şəxslərin əksəriyyəti daşınan seçki qutusundan imtina edib. Ümumilikdə, dairə üzrə 33 namizəd qeydə alınıb, təşviqat dövründə namizədlər üçün bütün şərait yaradılıb. Bu seçkilərdə 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

11 saylı məntəqədə də seçicilər səsvermədə yüksək fəallıq nümayiş etdirirdilər. Məntəqə sədri Yadigar Paşayev bildirdi ki, bu seçki məntəqəsi üzrə 1314 nəfər seçici qeydə alınıb. İlk dəfə səs verəcək seçici sayı bir nəfərdir. Daşınan qutu ilə bağlı müraciət olmayıb. Seçkilər tam şəffaf şəraitdə keçirilir. Səsvermə prosesini onlayn rejimdə izləmək mümkündür.

12 saylı məntəqədə də bələdiyyə seçkilərində seçicilərin şəffaf və demokratik şəraitdə səs vermələri üçün məntəqədə bütün şərait yaradılıb. Məntəqə sədri Rəfiqə Əliyevanın sözlərinə görə, səsvermə prosesində qanunvericiliyə uyğun olaraq bütün zəruri prosedurlar həyata keçirilir. Hər hansı qanun pozuntusu aşkarlanmayıb.

* * *

8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 4 saylı məntəqəsində 1200-ə yaxın seçici qeydə alınıb. Seçicilərin sərbəst, maneəsiz şəraitdə səs vermələri üçün burada hər cür şərait yaradılıb. 

Məntəqə seçki komissiyasının sədri Fəridə Yunusova bildirdi ki, səs verəcək seçicilərin sayı 1144-dür. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, məntəqə üzrə yaşı 80 -dən yuxarı olan 5 seçici qeydə alınıb. Səsvermədə iştirak edə bilməyən əlil və xəstə seçicilər səyyar seçki qutuları vasitəsilə mövqelərini bildirirlər. Məntəqədə səsverməni izləyən müşahidəçilər– Elmira Babayeva, Süsən Əhmədova və Fəridə Rüstəmova bildirirlər ki, indiyədək səsvermə qanunun tələblərinə uyğun keçib. 

* * *

8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 25 saylı məntəqəsində də seçki siyasi fəallıq, şəffalıq şəraitində keçirdi. Məntəqə komissiyasının sədri Afiq Qasımov bildirdi ki, 19 bələdiyyə üzvlüyünə 33 nəfərin namizədliyi səsə qoyulub. 1292 seçici səsverməyə dəvət alıb. 

Məntəqədə seçki prosesi ilə bağlı bütün qaydalara dəqiq əməl olunurdu. Müşahidəçilər hər şeyə diqqətlə göz qoyurdu, səsvermə vətəndaşların bələdiyyə seçkilərinə böyük maraq göstərdiyini nümayiş etdirirdi.

Xətai

Bələdiyyə seçkiləri paytaxtımızın əhalisinin sayına görə ən böyük rayonlarından olan Xətai rayonunda da yüksək seçici fəallığı şəraitində keçdi. Səhər saatlarından etibarən apardığımız müşahidələr seçicilərin seçki məntəqələrinə axın etdiyini aydın şəkildə göstərirdi.

Qeyd edək ki, Xətai rayonu ərazisində 4 seçki dairəsi fəaliyyət göstərir. Bunlar 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü və 36 saylı Xətai-Suraxanı seçki dairələridir. Biz 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 17, 19 və 31 saylı məntəqələrində müşahidələr apardıq. Həmin məntəqələr Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəman Tahir Bağırovun adını daşıyan 59 saylı tam orta məktəbdə yerləşir.

Məntəqə seçki komissiyasının girişində səs verməyə gələn seçicilərin barmaqları ultrabənövşəyi şüalarla təchiz olunmuş xüsusi detektorlarla diqqətlə yoxlanılırdı. Seçkidə şəffaflığın təmin edilməsinin mühüm elementi olan həmin cihazla yoxlama səs verməyə gəlmiş seçicinin bundan öncə səs verib-vermədiyini aşkarlamaq üçündür. Seçki bülleteni alaraq kabinəyə yaxınlaşan seçicinin barmağına isə təkrar səs verə bilməməsi üçün gözlə görünməyən mürəkkəb vurulurdu.

17 saylı məntəqə seçki komissiyasının sədri Xalidə Nəbiyeva bildirdi ki, məntəqədə qeydiyyatda olan seçicilərin sayı 1396 nəfərdir. Biz məntəqədə olanda onlardan 397 nəfəri səsvermə hüququndan istifadə etmişdi. Məntəqədə müşahidəçilərin sayının çoxluğu diqqəti cəlb edirdi. Onu da öyrəndik ki, 17 saylı məntəqə Mərkəzi Seçki Komissiyasının veb-kamera quraşdırdığı 1000 seçki məntəqəsindən biridir.

Xəzər 

Dünən Bakının Xəzər rayonunda bələdiyyə seçkiləri demokratik, azad və sərbəst şəkildə keçirildi. Rayondakı dairə və məntəqə seçki komissiyalarının ərazisində apardığımız müşahidələrdən məlum oldu ki, seçicilər mütəşəkkil qaydada gələrək istədikləri namizədlərə səs verirlər.

12 saylı Xəzər Birinci Dairə Seçki komissiyasının sədri Mütəllim Balaqardaşov bildirdi ki, ərazi üzrə 48 min 9 daimi seçici qeydə alınıb.

Saat 12-də məntəqə komissiyalarından daxil olan məlumata görə, seçicilərin 7 min 609 nəfəri seçkidə iştirak edərək öz səslərini verib ki, bu da ümumi seçicilərimizin 15,8 faizi deməkdir. Bundan əlavə, yerli müşahidəçilər də səhər məntəqələr açılandan səsvermənin gedişini izləyiblər. Bütün məntəqələrdə seçicilərin barmaqları şəffaf mürəkkəblə rənglənib.

Sonra dairənin ərazisindəki 1 saylı seçki məntəqəsində olaraq səsvermənin gedişi ilə tanış olduq. Burada məntəqə komissiyasının sədri Failə Rüstəmova bildirdi ki, ərazidəki seçicilərin sayı siyahı üzrə 1289 nəfərdir: Səhər saat 12-yə qədər səs verənlərin sayı isə 200 nəfər olub. Burada 85 yaşlı seçici Ənvər Mustafa oğlu Mustafayevin də səs verdiyini gördük. Əməkdar müəllim bildirdi ki, həmişə ailəsi ilə birgə bütün seçkilərdə yaxından iştirak edir. Bu il də səs vermək üçün məntəqəyə gəlib.

Pirallahı

Dünən Pirallahı rayonunun seçiciləri də bələdiyyə seçkilərində fəallıq və mütəşəkkilliklə iştirak etdilər. Bunu rayonun seçki məntəqələrində apardığımız müşahidələr də sübut etdi. 

14 saylı Xəzər–Pirallahı Dairə Seçki komissiyasının sədri İmran Qəmbərov bildirdi ki, ərazidə 50 min 485 seçici siyahılara daxil edilib. DSK üzrə 93 namizəd qeydə alınıb. Saat 12-yə olan məlumata görə, 8 min 249 seçici məntəqələrə gələrək səsvermə hüququndan istifadə edib.

Dairənin 4 sayı seçki məntəqəsində sədr Zümrüd Abbasova qeyd etdi ki, seçicilərin ümumi sayı 1186 nəfərdir. Səhər saat 12-yə qədər 205 seçici səsvermədə iştirak edib. Məntəqədə bir neçə müşahidəçinin seçki prosesini izlədiyini gördük. Yeni Azərbaycan Partiyasının müşahidəçisi Vəfa İsmayılova gün ərzində heç bir pozuntu olmadığını, prosesin qanunlara uyğun, demokratik və şəffaf şəkldə davam etdiyini bildirdi.

 

Materialları hazırladılar: 
Tahir AYDINOĞLU, 
Məsaim ABDULLAYEV, 
Vaqif BAYRAMOV, 
İmran BƏDİRXANLI, 
Zərifə BƏŞİRQIZI, 
Mirbağır YAQUBZADƏ, 
Paşa ƏMİRCANOV, 
Pünhan ƏFƏNDİYEV, 
Kəmalə ABDİNOVA, 
Səxavət HƏMİD
XQ

Son xəbərlər