Xalq bələdiyyələrdən daha yüksək fəallıq gözləyir

post-img

Naxçıvan

Muxtar respublikada keçirilən bələdiyyə seçkiləri 6 dairə, 330 məntəqə üzrə 44 bələdiyyəni əhatə edirdi. Ümumilikdə, həmin dairələrdə 286 min 956 seçici qeydiyyata alınıb ki, onlardan 1889-u ilk dəfə səsvermə hüququndan istifadə edib. 

4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin əhatə etdiyi məntəqələrdə olduq. Dairə komissiyasının sədri Ramil Sadıqovun verdiyi məlumata görə, dairə üzrə 44 məntəqə fəaliyyət göstərir. Həmin məntəqələrin 4-də veb-kameralar quraşdırılıb. Dairə üzrə 46 mindən çox seçici qeydiyyata alınıb ki, onlardan 237-si ilk dəfə səsvermə hüququndan istifadə edib. 

Dairənin 12 saylı məntəqəsində olarkən burada 1262 seçicinin qeydə alındığını öyrəndik. Bu məntəqədə veb-kamera da quraşdırılmışdı və seçkilərin yüksək əhval-ruhiyyədə keçməsi, şəffaflığın təmin olunması, yerli müşahidəçilərin, eləcə də media nümayəndələrinin prosesi sərbəst izləməsi üçün əlverişli şərait yaradılmışdı. 

Naxçıvan şəhərindəki Hüseyn Cavid adına tam orta məktəbdə təşkil olunmuş 21 saylı seçki məntəqəsində də seçici fəallığı hiss olunurdu. Naxçıvan şəhər sakini, 74 yaşlı Zeynəb Nəcəfova bizimlə söhbətində bildirdi ki, həyatında artıq neçənci dəfə səs verdiyini xatırlamır, amma hər zaman bu hüququndan istifadə edərək ən layiqli namizədlərə səs verib. Ümid edir ki, bələdiyyə üzvü olmaq üçün yetərli qədər səs toplayan namizədlər etimada layiq fəaliyyət göstərəcəklər. 

5 saylı Babək–Naxçıvan–Culfa Seçki Dairəsinin Culfa şəhərində yaradılmış 35 və 36 saylı məntəqələrində də seçicilər üçün lazımi şərait yaradıldığının şahidi olduq. 35 saylı seçki məntəqəsində seçici sayı 1477, 18 yaşı tamam olan və ilk dəfə səs verən isə 9 nəfər idi. 36 saylı seçki məntəqəsində isə 1475 seçici, ilk dəfə səs verən qeydə alınmayıb.

6 saylı Ordubad–Culfa Seçki Dairəsinin Yaycı kəndindəki 43 saylı seçki məntəqəsində də bələdiyyə seçkilərinə hazırlıq yüksək səviyyədə həyata keçirilmişdi. Səsvermə üçün məntəqəyə gəlmiş yazıcı-jurnalist Fərəc Fərəcov bildirdi ki, 1999-cu ildə yaradılan və yerli özünüidarəetmə təsisatı olan bələdiyyələr müstəqil dövlətçiliyimizin həyatında önəmli yer tutur. Buna görə də bələdiyyələrin fəaliyyəti ildən-ilə təkmilləşir və genişləndirilir. Bələdiyyələrdə çalışanlara lazımi şərait yaradılır. Müsahibimiz inandığı, təşkilatçılıq qabiliyyətinə yaxından bələd olduğu namizədlərə səs verdiyini bildirdi. Qeyd edək ki, Yaycı kəndinin 102 yaşlı sakini, 1923-cü il təvəllüdlü Abdulla Səfərov da bu məntəqəyə gələrək səs verib.

Müvafiq dairə sədrlərindən aldığımız məlumatlara görə, 1 saylı Şərur–Sədərək Seçki Dairəsinin Sədərək rayonu üzrə 11 seçki məntəqəsi yaradılıb. Dairə üzrə seçicilərin sayı 48 min 81 nəfərdir. Onların 35 min 49-u Şərur, 13 min 32-si Sədərək rayonunun payına düşür. Məntəqələrdə 343 seçici ilk dəfə səs verib. 

2 saylı Şərur–Kəngərli Seçki Dairəsində isə 57 daimi, 1 müvəqqəti seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrin 42-si Şərur rayonundadır. Dairə üzrə 50 min 224 seçici qeydə alınıb ki, onlardan 353-ü ilk dəfə bu siyasi kampaniyaya qoşulub. Seçkilərə yüksək hazırlıq işləri görülüb, məntəqələrdə veb-kameralar quraşdırılıb və seçkilərin gedişatını internet vasitəsilə izləmək mümkün olub. 

3 saylı Babək–Şahbuz–Kəngərli Seçki Dairəsi üzrə 64 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrdən 29-u Babək, 29-u Şahbuz, 6-sı Kəngərli rayonu ərazisində yerləşir. Dairə üzrə 47 min 95 seçici qeydə alınıb ki, onlardan 24 min 454-ü Babək, 16 min 779-u Şahbuz, 5862-i isə Kəngərli rayonunun sakinləridir.

5 saylı Babək-Naxçıvan–Culfa Seçki Dairəsi üzrə 47 məntəqə yaradılıb, həmin məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Dairə üzrə seçicilərin sayı 48 min 875 nəfərdir ki, onlardan 22 min 358-i Babək rayonunun, 13 min 678-i Naxçıvan şəhərinin, 12 min 839-u Culfanın payına düşür. Dairə üzrə ilk dəfə səs verənlərin sayı 79 nəfərdir.

6 saylı Ordubad–Culfa Seçki Dairəsi üzrə 63 seçki məntəqəsi fəaliyyət göstərir. Bu dairənin əhatə etdiyi ərazilər üzrə 45 min 841 seçici qeydə alınıb ki, onların 274-ü ilk dəfə olaraq seçkidə iştirak edib. Ordubad rayonu üzrə 42 məntəqədə seçicilər öz namizədlərinə səs veriblər.

Qeyd edək ki, ölkəmizdə keçirilən bələdiyyə seçkilərinə Naxçıvan Muxtar Respublikası üzrə 970 namizəd qeydə alınıb ki, bu namizədlər 44 bələdiyyə üzrə 512 yer uğrunda mübarizə aparıblar.

Gəncə

Azərbaycanda növbəti bələdiyyə seçkiləri Gəncədə də yüksək səviyyədə, aşkarlıq şəraitində keçirilib. 

Məntəqələrə gələn seçicilər fəallıq nümayiş etdiriblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da səsvermədə iştirak edərək səhər saatlarında 39 saylı Gəncə II Seçki Dairəsinin 4 saylı seçki məntəqəsində olub. 

Məlumat üçün bildirək ki, Gəncə şəhəri üzrə 4 dairə var. Bunlar 38 saylı Gəncə I, 39 saylı Gəncə II, 40 saylı Gəncə III və 41 saylı Gəncə-Samux-Goranboy seçki dairələridir. Səhər saat 8-də açılan məntəqələrdə seçicilər bələdiyyələrə olan inamı bir daha öz fəallıqları ilə sübut etmişlər. Qeyd edək ki, şəhər üzrə səsvermə hüququ olan vətəndaşların sayı 181 min 247 olmuşdur.

Dünən Gəncə şəhər Kəpəz və Nizami bələdiyyələrinə ümumilikdə 38 üzv seçilmişdir ki, bu yerlər üçün də 4 DSK üzrə 84 nəfər mübarizə aparmışdır.

38 nömrəli məktəbdə yerləşən 16 saylı məntəqədə olarkən sədr Ləman Həsənova söhbət zamanı dedi ki, bələdiyyə seçkilərinə heç vaxt bu qədər böyük maraq olmayıb. Müşahidəçilərdən Mehriban Babayeva, Sahilə Abdullayeva və başqaları da eyni fikri söylədilər.

Sumqayıt

Bələdiyyələr üçün keçirilmiş sayca 6-cı ümumrespublika seçkisi Sumqayıtda 6 dairənin məntəqələrində mütəşəkkilliyi ilə fərqlənib. 

...Sumqayıtın qəsəbələri istisna olmaqla, şəhərin özündən ümumilikdə 53 namizəd qüvvəsini sınayıb. Qəsəbələrlə birlikdə isə şəhərdə 19 bələdiyyə formalaşdırılacaq. Üzvlüyə namizədlər arasında Yeni Azərbaycan Partiyasından olanlar üstünlük təşkil edib. Seçkidə həmçinin digər partiyaların – KXCP, Ağ Partiya, Müsavat, ÜMİD, VP, DİP, MCP, AVP, MDHP, ƏHD-in üzvləri və müstəqil şəxslər də namizədliklərini irəli sürüb. Sumqayıtdan seçki mübarizəsinə qoşulanlar arasında gənclər də çox idi.

Biz seçkilərə jurnalist müşahidələrimizə 42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən başladıq. Dairə seçki komissiyasının sədri Təravət Rəsulova ümumi məlumat verərək bildirdi ki, 41 məntəqənin 7-də veb-kameralar var. Burada seçicilərin ümumi sayı 48 min 11 nəfərdir. Onların 259-u ilk dəfə səsvermə hüququndan istifadə edir. 80–100 yaş arası seçicilər 726 nəfərdir. İrəlicədən görüşlər, təlimlər, məlumatlandırmalar keçirilib ki, seçkilər zamanı heç bir problem olmasın. Biz də gün ərzində gəzdiyimiz məntəqələrin heç birində nə seçici, nə də müşahidəçi narahatlığına rast gəlmədik. 

Sonra 47 saylı Sumqayıt–Abşeron–Qaradağ Seçki Dairəsində olduq. Komissiya sədri İlqar Allahverdiyev nikbin idi. O dedi ki, 52 min 99 seçicinin 43 məntəqədə öz iradəsini sərbəst ifadə etməsi üçün hər cür şərait yaradılıb. İlk dəfə səs verənlər 395, ən yaşlı seçicilər isə 334 nəfərdir.

Dairənin Texniki və Təbiət Elmləri Liseyindəki ilk məntəqəsində səsvermə bütün qaydalara ciddi riayət olunmaqla gedirdi. Orada qəzetimiz üçün foto-şəkillər də çəkdik. Corat qəsəbəsindəki məntəqədə isə ilk dəfə səs verən seçici Hüseyn Mirzəağayevin doğum günü olduğu üçün ona təbrik açıqçası verildiyinin şahidi olduq. Hüseyn təbrikimizə cavab olaraq dedi:

– Artıq bir vətəndaş kimi seçib-seçilmək hüququm olduğu üçün sevinirəm. Mən namizədlərin çoxunu tanımıram. Amma seçkiqabağı təşviqat zamanı məndə inam yaratmış təqdimatları əsas götürərək səs verdim. Şəhərimiz onsuz da gözəl və yaraşıqlıdır. Qoy, yeni formalaşan bələdiyyənin səyləri ilə daha da gözəl olsun!

Sumqayıtdakı 43 saylı İkinci Seçki Dairəsində də olduq. Dairə Seçki Komissiyasının sədri Xəyal Məlikovla daha səmimi görüşdük. Çünki əvvəldən də tanış olduğumuz Xəyal uzun illər “Sumqayıt” qəzetinin baş redaktoru olmuş mərhum həmkarımız – Əməkdar jurnalist Qüdrət Məlikovun oğludur. Onlar bu il yaranmasının 150 illiyini qeyd edəcəyimiz Azərbaycan milli mətbuatının ilk “qaranquş”u olan “Əkinçi” qəzetinin banisi və redaktoru Həsən bəy Zərdabi Məlikovun nəslindəndirlər. 

Xəyal Məlikov səsvermənin gedişı barədə danışaraq bildirdi ki, saat 12:00-a qədər bu göstərici 13,7 faiz olub. Ərazidə yaşayan və səsvermə hüququ olan 48 min 180 nəfər vətəndaş yerli idarəetmə orqanında təmsil edilmək istəyən ən layiqli namizədlərə səs vermək üçün məntəqələrə gəlir. Özü də gənclik şəhərində məntəqələrinə ən çox veb-kamera quraşdırılan dairə məhz 43 saylıdır. Seçicilərdən 345-i ilk dəfə bu hüququndan istifadə edir, 558 nəfər isə yaşlı seçicidir və indiyədək dəfələrlə bu cür ictimai-siyasi kampaniyalarda iştirak ediblər. Hər kəs – gənclər də, ağsaqqal və ağbirçəklər də növbəti müddət üçün bələdiyyəyə daha bacarıqlı, çalışqan, doğma şəhərin təəssübkeşi olan namizədlərin seçilməsini arzulayırlar. 

Mingəçevir

Mingəçevirdə bələdiyyə seçkilərinə ciddi hazırlıq görülüb. Seçkiqabağı təşviqatın aparılması və görüşlərin keçirilməsi üçün yerlər müəyyənləşdirilib. 

Təbliğat kampaniyası zamanı bələdiyyə üzvlüyünə namizədlər və onları təmsil edənlər vətəndaşlarla görüşlərində fikir və təkliflərini, gələcək fəaliyyət planlarını təqdim ediblər.

54 saylı Mingəçevir Dairə Seçki Komissiyasının 40 seçki məntəqəsi var. 50269 seçici, eyni zamanda 703 gənc ilk dəfə səs vermək hüququna malikdir. Seçkilərə bir həftə qalmış seçicilərə bildirişlər paylanıb. 12 məntəqədə veb-kameralar quraşdırılıb, müşahidəçilər, ayrı-ayrı qurumları, partiyaları təmsil edən 421 nəfər müşahidəçi üçün hər cür şərait yaradılıb. 

53 saylı Yevlax Mingəçevir Dairə Seçki Komissiyasının tərkibində 16 məntəqə, o cümlədən 1 məntəqə hərbi hissədə yaradılıb. 2 məntəqədə veb kameralar quraşdırılıb. 19726 nəfər seçicisi olan məntəqələrdə müxtəlif partiyaları və qurumları təmsil edən 80 müşahidəçi qeydiyyatdan keçib. 

Seçici – “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirovun dedikləri:

– Bizim “Nur şəhəri”ndə bütün seçkilər, o cümlədən bələdiyyə seçkiləri hər zaman mütəşəkkilliyi, seçici fəallığı ilə diqqət çəkib. Çünki mingəçevirlilər tam əksəriyyətlə dövlətimizin siyasətini dəstəkləyir, qanun çərçivəsində, ədalətli rəqabətlə parlamentə, bələdiyyələrə ən layiqlilərin seçilməsinə çalışırlar. Bu baxımdan bu gün də müşahidə olunan fəallıq təbiidir. Arzu edirəm ki, yeni formalaşacaq yerli özünüidarəetmə orqanında bu ada layiq olanlar təmsil edilsinlər. 

Bu gün, yanvarın 29-da səhər tezdən başlayaraq mingəçevirli seçicilər könüllü olaraq seçki məntəqələrinə gedərək heç bir müdaxilə olmadan səs veriblər. Ümumilikdə bələdiyyə üzvlüyünə namizədliyini verən 44 nəfər 19 yer uğrunda mübarizə aparıb. Seçicilərlə söhbət zamanı onlar bildirirlər ki, azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetiriblər, məntəqəyə daxil olduqdan sonra onların əvvəlcədən səs vermədiyi xüsusi aparat vasitəsi ilə yoxlanılıb, şəxsiyyət vəsiqəsini komissiya üzvünə təqdim etdikdən sonra etimad etdikləri namizədlərə səs veriblər.

Lənkəran

Şairlərin “Cənub mirvarisi” adlandırdığı Lənkəranda da şəhər sakinləri, kənd və qəsəbələrdə yaşayan vətəndaşlar bələdiyyə seçkilərində fəallıq göstəriblər.

Səhər saatlarından etibarən lənkəranlı seçicilər mütəşəkkilliklə məntəqələrə gəlib, istədikləri namizədlərə səs veriblər. 77 saylı Lənkəran Şəhər Seçki Dairəsinin Dairə Seçki Komissiyasının sədri İqbal Rəcəbov bildirib ki, dairə üzrə səsvermənin gedişini 453 nəfər yerli müşahidəçi izləyib.

77 saylı Lənkəran Şəhər Seçki Dairəsində 41 seçki məntəqəsi üzrə ümumilikdə 47,869 seçici qeydə alınıb. Səsvermə prosesi Seçki Məcəlləsinə tam uyğun şəkildə təşkil edilib. Səsvermənin azad və demokratik şəraitdə keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb.

Müşahidələr göstərib ki, 76 saylı Lənkəran–Masallı, 77 saylı Lənkəran Kənd Seçki Dairələrinin dislokasiya olunduqları ərazilərdə də bələdiyyə seçkilərinin səsverməsi qüsursuz və mütəşəkkil keçib. 

Axşam saat 19:00-da səsvermə başa çatandan sonra müşahidəçilərin iştirakı ilə, seçki qanunlarına tam uyğun, heç bir pozuntuya yol verilmədən tam aşkarlıq şəraitində səslərin sayılmasına başlanıb və rəqəmlər dəqiqləşdirilərək Mərkəzi Seçki Komissiyasına göndərilib. Gün ərzində səsvermə və bülletenlərin sayılması prosesindən heç bir müşahidəçinin narazılığı qeydə alınmayıb. 

Balakən

Dünən sayca 6-cı olan bələdiyyə seçkilərində balakənlilər də fəal iştirak etdilər. Rayonda yerləşən 110 və 111 saylı seçki dairəsi üzrə 52 min 416 nəfər seçmək hüququ olan seçici yerli və seçkili idarəetmə orqanı olan bələdiyyələrə dəstəklədikləri namizədləri seçmək, onlara səs vermək üçün səhər saatlarından qeydiyyatda olduqları məntəqələrə gələrək istədikləri namizədlərə səs veriblər. Ayrı-ayrı məntəqələrdə söhbət zamanı seçicilər heç bir qanun pozuntusu olmadığını dönə-dönə vurğuladılar.

Bölgənin ən yaşlı seçicisi, fevralın birində 100 yaşı tamam olacaq Böyük Vətən Müharibəsinin iştirakçısı İosif Pavloviç Perekrestov da səs verib.

Göyçay

Hər yerdə olduğu kimi Göyçay rayonunda da saat 08:00-dan etibarən seçki məntəqələri seçicilərin səs verməsi üçün açılıb və seçki prosesinə mütəşəkkilliklə start verilib. 

Yerli idarəetmə orqanına keçirilən bu tədbirdə Göyçay rayonu üzrə 91 saylı Göyçay və 92 saylı Göyçay-Ağdaş Dairə Seçki komissiyaları üzrə müxtəlif siyasi partiyaların və öz təşəbbüsü ilə 13 bələdiyyəyə qeydə alınmış namizədlər mübarizə aparıb. 

Rayon seçki komissiyalarından aldığımız məlumata əsasən məntəqələrdə seçicilərin öz istəklərini demokratik şəraitdə reallaşdırmaları üçün hər cür şərait yaradılıb. Onlar sərbəst şəkildə bülleteni götürüb, kabinalara girib istədikləri namizədə səs veriblər. “Seçki fəallığına söz ola bilməz”. Bu sözləri söhbət zamanı Göyçay rayon sakini Ağanəzər Xəlilov bildirdi. Onu da dedilər ki, şəhər üzrə ümumilikdə 77 seçki məntəqəsi mövcuddur. Göyçay rayonu üzrə səsvermə hüququ olan vətəndaşların sayı 81 939 nəfərdir.

İsmayıllı

İsmayıllı rayonunda 29 yanvar bələdiyyə seçkilərində məntəqələrdə yüksək seçici fəallığı müşahidə olunub. Seçkinin demokratik, şəffaf və qanunvericiliyə uyğun keçirilməsi diqqətdə saxlanılıb. 

Gəzdiyimiz ayrı-ayrı məntəqələrdə görüşdüyümüz müşahidəçilər seçkinin tam demokratik, şəffaf keçirildiyini bidirdilər. Heç bir qanun pozuntusunun olmadığını dedilər. Yerli özünüidarəetmə orqanlarına irəli sürülən bir neçə namizədlə də söhbət zamanı seçkinin gedişindən narazı olmadıqlarını dilə gətirdilər. “Rayonda iki Dairə Seçki Komissiyası fəaliyyət göstərir. 89 saylı İsmayıllı şəhər Seçki Dairəsində seçicilərin sayı 51846 nəfər, 87 saylı Qobustan-Şamaxı-İsmayıllı şəhər Seçki Dairəsində seçicilərin sayı 7839 nəfər olmaqla rayon üzrə cəmi seçicilərin sayı 59685 nəfərdir. 89 saylı İsmayıllı şəhər DSK-nın əhatə etdiyi 64 məntəqənin 6-da veb-kameralar quraşdırılıb və gün ərzində məntəqələrdə seçkinin gedişi izlənilib. 

Göygöl

Son vaxtlar Göygöl rayonu öz simasını xeyli dəyişmişdir. Rayon xeyli abadlaşdırılmış, bir sıra mühüm layihələrin həyata keçirilməsi reallaşdırılmış, adamların torpağa, əkib-becərməyə həvəsi xeyli artmışdır. Təbii ki, bu işlərin görülməsində yerli icra strukturları ilə yanaşı, bələdiyyələrin də rolu az olmamışdır.

Dünən keçirilən növbəti bələdiyyə seçkiləri bir daha göstərdi ki, seçicilərin yerli özünüidarəetmə orqanlarına ümidləri azalmayıb. 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsi üzrə seçki məntəqələrinin sayı 98 olmuşdur. Məntəqələrdə normal səs vermək üçün hər cür şərait yaradılmışdı.

Seçicilərin ümumi sayı isə 51 min nəfəri keçmişdir. Göygöl rayonu üzrə 33 mindən çox, Daşkəsən üzrə isə 17 min nəfərə yaxın olmuşdur. Bu dairə üzrə 100 yaşdan yuxarı seçici 4 nəfər, ilk dəfə səs verən isə 321 nəfər idi.

Samux

Samux keçən il istər Prezident seçkilərində, istərsə də parlament seçkilərində yüksək fəallıq göstərmişdi. Maraqlıdır ki, oxşar fəallıq bələdiyyə seçkilərində də baş vermişdir. Adamlar dəstə-dəstə məntəqələrə gəlir, öz adlarına siyahıda baxır, bəzən də bir-birləri ilə məsləhətləşir, kimlərə səs verəcəklərini bir daha götür-qoy edirdilər. Şəhər sakini Anar Qasımovla bu barədə söhbət edərkən dedi ki, adam bilmir kimə səs versin. Çünki əksəriyyətini tanıyırıq, iş qabiliyyətlərinə bələdik, çox fəaldırlar. Gərək çalışaq ki, heç kim inciməsin.

Həmin gün rayon üzrə 46 seçki məntəqəsi fəaliyyət göstərirdi. Seçicilərin sayı isə 39 min 592 nəfər idi. Onlardan da 115 nəfəri ilk dəfə səs verirdilər. Ən yaşlı seçici Samux şəhərinin Kolayır yaşayış massivində yaşayan Ziynət Səfərova olmuşdur.

Səbuhi HƏSƏNOV,
İlqar HƏSƏNOV,
Əli NƏCƏFXANLI,
Hamlet QASIMOV
XQ 

 



Son xəbərlər