Bakıda “Media savadlılığı” konfransı

post-img

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə dekabrın 17-də Bakıda “Media savadlılığı” konfransı keçirilib.

Agentliyin icraçı direktoru Əhməd ­İsmayılov media savadlılığının artırılmasının kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı proses olduğunu, dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasının, effektiv kommunikasiyasının vacibliyini, medianın məzmun istehsalında peşəkarlığının yüksəldilməsinin bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını bildirib.

Audiovizual Şuranın sədri İsmət Səttarov çıxışında media savadlılığının ehtiyac duyulan məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığı olduğunu diqqətə çatdırıb. 

Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş isə müasir dövrdə elektron informasiya cəmiyyətinin sürətlə genişlənməsi və rəqəmsal mühitdə məlumatlara asan çıxışın təmin edilməsi ilə əlaqədar auditoriyanın xəbərin doğru və etibarlı tərəfini müəyyənləşdirməkdə çətinliklərlə üzləşdiyini vurğulayaraq media savadlılığının artırılmasının əhəmiyyətindən danışıb.

Prezident mükafatçısı və texno-bloger Tariyel Ağazadə dezinformasiyanın aşkarlanması ilə bağlı “Tools and Techniques” mövzusunda təqdimatla çıxış edib.  Sonra “Rəqəmsal dövrdə gənclər və media savadlılığı” mövzusunda panel sessiya təşkil olunub, mövzu ətrafında çıxışlar dinlənilib.

Konfrans işini “Süni intellekt və media savadlılığı” və “Təhsildə media savadlılığı” mövzularında dəyirmi masalarla yekunlaşdırıb.

XQ

 

Son xəbərlər