Bu gün Azərbaycan Mətbuat Şurasında Şuranın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sonuncu – beşinci toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid QHT Agentliyinə sözügedən layihəyə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
R.Məcid deyib ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi 7 ay müddətində davam edib. Layihə çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləri üzrə tədqiqatlar aparılıb, sorğular keçirilib. Medianın fərqli istiqamətləri ilə bağlı indiyədək 4 toplantı keçirilib. İyul, avqust, sentyabr və oktyabr aylarında reallaşdırılan toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub, o cümlədən, ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dair fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb.
Məlum olduğu kimi, layihə çərçivəsində MŞ-nin “presscouncil.az” saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri və jurnalist təşkilatları”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarını, həmçinin layihə çərçivəsində yayımlanmış məqalələri və keçirilmiş tədbirləri birləşdirib.
R.Məcid onu da bildirib ki, indiyədək layihə çərçivəsində nəzərdə tutulan 12 tematik məqalənin hamısı hazırlanıb və onların yayımı həyata keçirilib, eyni zamanda, məqalələr “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilib. Məqalələrdə mövzu ilə əlaqədar institsional yanaşma tətbiq edilib. R.Məcid, həmçinin, layihə çərçivəsində görülən işlərin tamamlandığını və layihənin yekunlaşdığını bildirib.
MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilmiş yeni məlumatlarla tanış edib. Bu kontekstdə o, layihə çərçivəsində aparılmış “Azərbaycan jurnalist təşkilatları barədə tədqiqat”ın nəticələrini şərh edib. Ələsgərli qeyd edib ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazası” beynəlxalq standartalara uyğun formada hazırlanıb.
Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Elşən Ağayev, MŞ İdarə Heyətinin üzvü, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli, “Bizimyol.info” saytının baş redaktoru Bahəddin Həzi, “Missiya.az” və “Missiya TV”nin baş redaktoru Nicat Dağlar, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı, “7news.az” saytının baş redaktoru Səbuhi Abbasov və digərləri icra olunan layihənin əhəmiyyətindən söz açıblar. Onlar bildiriblər ki, Azərbaycanın media məkanına aid bilgilərin, araşdırma materiallarının bir ünvanda toplanması vacibdir. Çıxışçılar, eyni zamanda, layihənin davamını zəruriləşdirən məqamlardan da söz açıb, Şuranın təşəbbüsünə göstərdiyi dəstəyə görə QHT Agentliyinə təşəkkürlərini ifadə ediblər.
Fotolar: Elşən Ağalar