YAP nümayəndə heyəti Çində

post-img

Noyabrın 14-də Çində səfərdə olan YAP nümayəndə heyətinin bu ölkənin Szyansu vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Çjou Quançji ilə görüşü keçirilib.

Görüşdə Ç.Quançji əvvəlcə Szyansu vilayəti haqqında ətraflı məlumat verib. Azərbaycanın Çinin dostu və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu söyləyən Çjou Quançji hər iki ölkənin bir-birinin maraqlarına hörmətlə yanaşdığını və strateji tərəfdaş kimi əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

Hakim partiyalar arasındakı məhsuldar dialoq şəraitində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edən Çjou Quançji Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası (ÇKP) arasında əməkdaşlıq memorandumunun imzalanmasının dostluq və tərəfdaşlıq əlaqələrinin əsaslarını möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Prezident, YAP-ın Sədri İlham Əliyev ilə Çin Sədri, ÇKP-nin Baş katibi Si Cinpinin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, strateji tərəfdaşlığa əsaslanan münasibətlərin genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atıldığını vurğulayıb.

Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsində həm hakim partiyalar, həm də parlamentlər arasındakı səmərəli əlaqələrin mühüm rol oynadığını bildirən Tahir Budaqov qeyd edib ki, YAP ilə ÇKP-nin fəal dialoqu Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərinin mühüm tərkib hissəsi kimi böyük önəmə malikdir.

Noyabrın 14-də YAP nümayəndə heyəti “Keyuan” intellektual elm və texnologiya şirkətini də ziyarət edib. Ziyarətçilər sənayenin müxtəlif sahələrində tətbiq edilən innovasiyalar barədə məlumatlandırılıblar.

Nümayəndə heyəti, həmçinin Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunun "Qlobal Cənub: bərabərlik, açıqlıq, əməkdaşlıq” mövzusunda keçirilən açılış mərasimi və plenar iclasında iştirak edib.

XQ

Son xəbərlər