Dünən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşlarının iştirakı ilə işgüzar görüş keçirilib.
Böyük Qayıdış planının daha sürətli icra olunması üçün qarşıda duran ən böyük vəzifələrdən biri olan ərazilərin minalardan təmizlənməsi prosesində ANAMA-nın fəaliyyətinə dəstək göstərmək məqsədilə təşkil olunan tədbirdə rəsmi şəxslər, deputatlar, Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşları və media nümayəndələri iştirak ediblər.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən yerləşdirilən minaların həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə ciddi maneə törətdiyini bildirərək, bu problemin həllində hər kəsin həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulayıb: “Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin təşkili, Qarabağın dirçəlişi bu gün bütün Azərbaycan ictimaiyyəti və dövlət qurumlarının qarşısında duran mühüm vəzifələrdən biridir. Lakin erməni işğalçıları tərəfindən həmin ərazilərdə yerləşdirilən minalar Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinin daha sürətlə aparılmasına, eyni zamanda, 30 il müddətində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə və gündəlik həyatlarına geri dönməsinə ciddi maneə törədir. Bu məsələnin aktuallığı və miqyasının olduqca böyük olması mina probleminin həlli üçün daha çox resursların səfərbər edilməsini, eləcə də cəmiyyətin bütün üzvlərinin bu işdə həmrəylik nümayiş etdirməsini zəruri edir”.
“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş da işğaldan azad edilmiş ərazilərin bərpası, minalardan təmizlənməsi istiqamətində həyata keçirilən işlərə dövlət qurumları ilə yanaşı, şirkətlər tərəfindən də dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb.
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı geniş məlumat verib.
Sonra işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə vermək məqsədilə “Azərlotereya” ASC tərəfindən alınmış üç minaaxtaran it QDF-in vasitəçiliyi ilə ANAMA-ya hədiyyə edilib. ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanova bununla bağlı sertifikatları Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş təqdim ediblər.
Tədbirdə QDF-in fəaliyyətinə verdikləri dəstəyə görə “Azərlotereya” ASC-yə xüsusi “Təşəkkür sertifikatı”, “Caspian Event Organisers” və “R Group Holding” şirkətlərinə isə “İanə sertifikatı” təqdim olunub.
Qeyd edək ki, tədbir zamanı QDF tərəfindən icra olunmuş layihələr və təşkil olunmuş tədbirlər, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, keçən il yerli sahibkarlar tərəfindən alınaraq QDF vasitəsilə ANAMA-ya hədiyyə edilən “Revival P” minatəmizləmə maşını və ANAMA-nın fəaliyyətinə həsr olunan videoçarxlar da tədbir iştirakçılarına nümayiş etdirilib.
XQ