Goranboyun “yaşıl dünyası”

post-img

Bakı istiqamətindən Goranboya daxil olandan bir qədər sonra yol kənarında səliqə ilə, əksəriyyəti milli-memarlıq ənənələrinə uyğun inşa olunmuş irili-xırdalı müxtəlif sosial obyektlər, o cümlədən ticarət, ictimai iaşə obyektləri, digər müxtəlif təyinatlı tikililər diqqəti cəlb edir. Hiss olunur ki, müvafiq qurumlar, eləcə də rayonun icra strukturları əvvəlcədən onların həm səliqəli, həm də tikinti normalarına uyğun inşa olunmasına xüsusi nəzarət edirlər.

Lakin hər dəfə bu ərazilərdən keçərkən yaşıllıqların nisbətən az olması diqqəti­mizdən qaçmırdı. Bu dəfə isə tamamilə başqa bir mənzərə ilə qarşılaşdıq. Yüzlər­lə goranboylu yol kənarında idi və cid­di-cəhdlə boş sahələrdə ağac əkirdilər. Hətta obyektlərin qarşısı asfaltlandığı üçün səliqə ilə dairəvi çalalar açır, orada da müxtəlif növ ağac basdırırdılar. 

Rayon icra hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov qayğılı görünürdü. Gah kommu­nal təsərrüfatı idarəsinin rəhbərinə, gah yaşıllıq idarəsinə, gah da harasa zəng edib daha çox ağac göndərilməsini tapşırırdı: “Az qala, bütün rayon iməciliyə çıxıb, siz necə rəva bilirsiniz ki, onlar ağac gözlə­sin?!” Sonra da bizə izah edir ki, “bir gün əvvəl güclü leysan yağdığından ağacların torpaqdan çıxarılıb gətirilməsində bir az fasilə yaranır...”

Bir azdan rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafi­zə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar da bura gəlir. Bizimlə görüşüb hal-əhval tutduqdan sonra rayon rəhbəri deyir ki, ölkəmizdə tezliklə elə bir dünya səviyyəli tədbir keçiriləcək ki, bununla yalnız fəxr etmək, qürurlanmaq lazımdır. Bu, ölkəmizin qüdrətinin nümunəsidir, Azərbaycanın güçünün, dünyadakı nüfu­zunun göstəricisidir, cənab Prezidentimi­zin qələbəsidir, ona olan hədsiz hörmət və inamın ifadəsidir. Gərək hər birimiz bunun nə qədər şərəfli, həm də çox məsuliyyətli bir tədbir olduğunu dərindən fikirləşək. Bugünkü yaşıl aksiya da göranboyluların beynəlxalq tədbirə bir növ növbəti hə­diyyəsidir. Digər tərəfdən, məqsəd Go­ranboyu başdan-başa yaşıllıqlar, gül-çiçək rayonuna çevirməkdən ibarətdir. Bütün obyektlər, yaşayış evləri, səkilər, hasarlar gözoxşayan, səliqəli və gözəl olmalıdır. Evimizə qonaq gələndə nə edirik? Təbii ki, ev-eşiyi sahmana salır, necə deyərlər, qapı-bacanı süpürür, ən yaxşı nəyimiz var­sa qonaqlara göstərir, onların razı getmə­sinə çalışırıq. Azərbaycanımız da bir ailə­dir, qonaq qarşılamağa hazırlaşırıq. Artıq neçə illərdir ölkəmiz yaşıllaşdırma işində bir nümunə göstərir. Ölkə Prezidentinin təşəbbüsü ilə on min hektarlarla yaşıllıq zolaqları salınıb. Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva, “Ətraf mühitin mühafizəsi naminə” beynəlxalq dialoq ictimai birliyinin – IDEA-nın tə­sisçisi və sədri Leyla xanım Əliyeva bu sahədə yorulmadan çalışır. Bakıda və bölgələrdə keçirilən tədbirlərin sayı-hes­abı yoxdur. Əsrlər boyu heç vaxt yaşıllığı olmayan çöllər indi tamamilə başqa bir görkəmdədir. Goranboyda da çalışırıq ki, bu qədim məkan başdan-başa yaşıllıqlar diyarına çevirək.

...Rayonun digər ərazilərində də bir canlanma gördük. Olimpiya İdman Komleksinin qarşısında və ətrafında, sə­kilərin kənarlarında müxtəlif növ ağaclar, gül kolları əkən yüzlərlə rayon sakininə rast gəldik. Maraqlı olan bu idi ki, ak­siyada yaşlı adamlarla yanaşı, gənclər, yeniyetmələr, hətta kiçik yaşlı məktəb­lilər də həvəslə iştirak edirdilər. Əyninə əsgər paltarı geyinmiş, sinəsində orden və medalları olan bir nəfər diqqətimizi daha çox sol əlində əsa, digər əlində ağac tut­duğu üçün cəlb elədi. Yaxınlaşıb əl tutduq, tanış olduq. Ruslan Əmrahovun şəhərdəki 3 nömrəli məktəbin informatika müəllimi olduğunu öyrəndik. Vətən Müharibəsinin iştirakçısıdır, qazidir. Rayonda keçirilən ən müxtəlif tədbirlərin fəal iştirakçısıdır.

– O 44 gündə Goranboy düşmənin xain hücumlarının qarşısına mətanətlə çıxdı və istər rayonun müdafiəsində, istərsə də Qarabağ uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərdi, neçə-neçə şəhid versə də, düşmən onun əzmini qıra bil­mədi. Meşələrimiz, yaşıllıqlarımız, digər təbii sərvətlərimiz xain qonşular tərəfindən məhv edilsə də, biz onları yenidən, əv­vəlkindən də gözəl vəziyyətə gətiririk. Goranboyun harasında belə bir tədbir, iməcilik, aksiya olan kimi, özümü ora çat­dırıram. Nəsə əlimdən gələn bir kömək göstərəndə qəlbim dağa dönür, daxilən yüngülləşirəm. Çünki doğma Goranboyu­mu çox sevirəm. 

Qazinin dediklərində böyük həqiqət var. Goranboy son 35 ildə daim atəş al­tında yaşayıb, lakin rayonu buna görə bir nəfər də olsun tərk etməyib, əksinə, müba­rizlik, düşməndən qisas almaq arzusu bu rayonun bütün sakinlərinə sirayət edib. O ki, qaldı yaşıllıqlara, goranboylu ağac əkməyi, gündə, az qala, yüz dəfə onun başına hərlənməyi, meyvə yetişdirməyi, onu dərməyi, lazım gələndə pay verməyi, təbbii ki, məhsulunu satmağı da çox sevir. Gəncənin, Mingəcevirin, hətta Bakının ba­zarları daim Goranboy meyvələri ilə dolu olur, dadı-tamı da başqalarından seçilir.

Amma təkcə meyvə ağacları ilə rayonu yaşıllıqlar rayonu etmək mümkün deyil. Buna görə də son illər, o cümlədən bu ilin başlanğıcın­dan rayon ərazisində ən müxtəlif ağaclar, o cümlədən dekorativ ağac və gül kolları əkilir, qulluq göstərilir. Yəni bu rayonda son illər yaşıllıqların ge­nişləndirilməsi prioritet məsələlər­dən biridir. Belə ki, 10 il bundan əv­vəl Goranboy rayonunun ərazisində 2.121.200 ədəd ağac, 3 hektar sa­hədə 21 min ədəd gül kolu, gül-çiçək və 225 min hektar sahədə yaşıllıq zo­lağı (ot) olduğu halda hazırda rayonda ağacların sayı 186 min ədəd artırılaraq 3.234.050 ədəd, gül-çiçək əkini sahələri 2,3 hektar artırılaraq 7,3 hektar və yaşıllıq zo­laqları 15,8 hektar artırılaraq 265,8 hektara çatdırılmışdır. Yaşıllıq zolaqlarının becəril­məsinə xüsusi nəzarət olunur, ağacların və gül kollarının budanması, yaşıllıq (ot) zo­laqlarının biçilməsi və suvarılması optimal müddətdə təmin edilir. 

Goranboyun heç vaxt yaşıllığı ol­mayan Eyvazlılar kəndi yaxınlığın­da, Gəncə–Bakı, Goranboy–Go­ran, Goranboy–Qızılhacılı–Xan Qərvənd, Dəliməmmədli–Hazırəhmədli, Dəliməm­mədli–Qaradağlı, Goranboy–Suqovuşan avtomobil yollarının kənarlarında, Tap Qaraqoyunlu kəndindən keçən hissəsində on minlərlə müxtəlif növ həmişəyaşıl və meyvə ağacı əkilərək qeyd olunan yol kənarları başdan-ayağa yaşıllaşdırıl­mışdır. Həmçinin Goranboy şəhərinin da­xilində və şəhərdən Goran və Qızılhacılı qəsəbələri, Səfikürd, Rəhimli kəndləri istiqamətində minlərlə alyandr kolları və müxtəlif növ ağac, gül kolları əkilmişdir.

Son vaxtlar rayon ərazisində Xan çinar, evkalipt, Eldar şamı, tuya, göyrüş, Palıd və müxtəlif adda 186 min ədəd ağac, 38 min ədəd gül kolları əkilmişdir. 

Rayonun Səfikürd, Şadılı, Qarqu­caq, Borsunlu, Nizami, Qırıxlı, Səmə­dabad, Kəhrizli və digər yaşayış mən­təqələrində yaşı 400 ildən artıq olan çinar ağacları mövcuddur. Həmin ağaclar əhali tərəfindən yaşayış məntəqələri­nin tarixini əks etdirən canlı abidə kimi qo­runur. Hətta ağsaqqalların dediyinə görə Şəfəq (Mollavələdin ) kəndi ərazi­sində yaşı 250 ildən artıq olan Xan Çinarı var ki, 1812-ci ildə Goranboyda məş­hur Gülüstan müqaviləsinin bağlanmasına şahidlik etmişdir. Bu ağacın qorunmasını sakinlər xüsusi nəzarətdə saxlayırlar. 

Su olmayan yerdə heç bir yaşıllıqdan söhbət açıla bilməz. Bir vaxtlar ermə­nilərin Qarabağ istqamətindən gələn və rayonun ərazisindən keçən çayların və ka­nalların qarşısını kəsib başqa istiqmətlərə yönəltdikləri üçün yaşıllıqlara da ciddi zi­yan vurulmuşdur.

Lakin bütün bunlara baxmayaraq, rayonda suvarma işlərinin yaxşılaşdırılması istiqamətində icra strukturları müvafiq qurumlarla birlikdə bu vacib məsələnin həllinə əsasən nail ol­muşlar. Doğrudur, Goranboyda su təchizatı bu gün də əsas problem kimi qalmaqdadır. Amma işlər gedir və bu da öz səmərəsini göstərməkdədir. Hazırda əkin sahələrinin, yaşıllıqların suvarılması üçün 965 ədəd subertezian quyusu, 16 ədəd nasos stan­siyası və ümumi uzunluğu 2019 kilometr olan suvarma kanalları mövcuddur. İlin 9 aylıq yekunlarına dair hesabatda göstərilir ki, “rayonun kəndlərində suvarma suyuna ciddi tələbat olan ərazilərdə 31 ədəd təzə subartezian quyusunun qazılması nəzərdə tutulmuş, ilk mərhələdə Balakürd, Qa­zançı, Şahməmmədli, Qaradağlı, Borsun­lu, Səfikürd və Xoylu kəndlərində qazıl­ması nəzərdə tutulmuş 10 ədəd subertezian quyusunda işlər başa çatmış, 7-də isə ele­ktrik enerjisi ilə bağlı işlər başa çatdırıl­maq üzrədir.”

...Bu günlər Goranboyda hara baxırsan qızğın iş gedir. Ən diqqətçəkən məqam budur ki, rayon sakinlərinin özləri bu iş­lərin önündə gedirlər.Təkcə son aylarda magistral yolların kənarlarında vətəndaş­lara məxsus fərdi yaşayış evlərinin 3777 kvadratmetr dam örtüyü, 6276 kvadratmetr hasar hissəsi rənglənmiş, min kvadratme­trlərlə evin divar və hasarları suvanmış, qarışıq suvaq-rəngləmə işləri görülmüşdür. Bakı–Qazax magistral avtomobil yolunun kənarlarında 10 mindən artıq müxtəlif növ həmişəyaşıl ağac və gül kolları əkil­mişdir. Bütövlükdə isə Tapqaraqoyunlu–Talış avtomobil yolunu da nəzərə alsaq, Dövlət Şəhərsalma və Arxitektura Ko­mitəsinin təqdim etdiyi layihələr əsasında 461 sahibkarlıq obyektində müasir me­marlıq üslubuna uyğun şəkildə abadlıq və yenidənqurma işləri aparılaraq yekunlaş­mışdır. Əslində, turizm marşurutları üzrə ən böyük məsafə Goranboy rayonunun payına düşür və goranboylular ağır bir işin öhdəsindən ləyaqətlə gəlmişlər. Bu mö­vzuda söhbət düşəndə onlar deyir ki, öz evimizi səliqə-sahmana salırıq. Niyə qo­naq-qara yanında xəcalətli olaq?!

Bir məsələni qeyd etmək lazımdır ki, Goranboyda ölkə Prezidenti İlham Əliyevin keçən ilin dekabrın 25-də 2024-cü ili “Yaşıl Dünya naminə həmrəylik ili” elan etməsinin ertəsi günündən bu işlərlə məşğul olmağa başlanılmışdır. Rayon icra hakimiyyətinin müvafiq tədbirlər planına uyğun olaraq Go­ranboyda abadlıq, yaşıllıq, yenidənqurma işlərindən başqa, idarə, müəssisə və təşki­latlarda bu mövzuda 8 konfrans, 13 dəyirmi masa keçirilmiş, icra hakimiyyəti başçısının səyyar qəbullarında, digər tədbirlərdə iza­hat-təblğat işləri aparılmışdır. “Yaşıl Dünya naminə həmrəylik ili” ilə bağlı 40 ədəd banner hazırlanmış, 4 ədəd banner ekoloji maarifləndirmə məqsədi ilə inzibati ərazi nümayəndəliklərdə – rayonun Goranboy, Dəliməmmədli şəhər, Qızılhacılı qəsəbə və Səfikürd kəndində əhalinin daim toplaşdığı və sıx hərəkəti olan yol kənarlarına yerləş­dirilmişdir.

Ola bilsin quru rəqəmlərlə və faktlarla oxucunu yorduq. Amma bu gün Goranboyun küçə və prospektlərinə, yol kənarlarına çıxıb ba­xdıqda hər yerdən gül ətri gəlir. Bu, təkcə qızıl gül ətri deyil, görülən işin ətridir, qonaq-qaranı, turisti yaxşı qarşılamaq üçün məsuliyyətin ətridir, goranboyluların doğma diyarlarına olan məhəbbətlərinin ətridir. Bunları deməmək, qeyd etməmək etinasızlıq olardı. Goranboylular isə eti­nasızlığı sevmirlər. Ona görə də özləri­nin yaşıl dünyası var və bu dünya ilə hə­mişə qürurlanırlar. “Yaşıl dünya naminə həmrəylik ili”ndə olduğu kimi.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri, 

Goranboy















Sosial həyat