Bakı konfransında “Yaşıl artım portalı” təqdim olunacaq

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında COP29 çərçivəsində “Yaşıl artım portalı” layihəsinin təqim olunacağını bildirib. Nazir daha sonra  ABŞ-nin Harvard Universitetinin “Growth Lab”  Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausman ilə videokonfrans formatında keçirdiyi görüşdə iqtisadi inkişaf və artımın dəstəklənməsinə yönələn təşəbbüsləri, “Yaşıl artım portalı” layihəsini, vergi inzibatçılığında aparılmış islahatların əmək bazarına təsiri daxil olmaqla ikitərəfli əməkdaşlığın gündəliyindəki məsələləri də müzakirə etdiyini vurğulayıb.       

İqtisadiyyat Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, iqtisadi artımın dəstəklənməsinə yönələn təşəbbüslər, əmək bazarının leqallaşdırılması istiqamətində vergi inzibatçılığında aparılmış islahatlar barədə məlumat verilib. İslahatların əmək bazarına təsiri müzakirə edilib. “Growth Lab” Mərkəzinin Azərbaycanda çoxşaxəli və dayanıqlı iqtisadiyyatın təşviqinə dəstək göstərməkdə maraqlı olduğu bildirilib.

Mərkəzin irəli sürdüyü və COP29 çərçivəsində təqdim ediləcək “Yaşıl artım portalı” “Growth Lab”ın “İqtisadi mürəkəbblik” metodologiyasına əsasən hər bir ölkəyə “yaşıl” inkişaf imkanlarını müəyyənləşdirməyə şərait yaradacaq, bu təşəbbüsün Azərbaycanın “yaşıl artım” istiqamətində cəhdlərinə töhfə verəcək.

Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin sözlərinə görə, “yaşıl” enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Respublikamızda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılması nəzərdə tutulur. 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının emissiyasını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaq da hədəfdə olan vəzifədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, eləcə də Naxçıvan Muxtar Respublikası da daxil olmaqla sözügedən ərazilər “yaşıl” enerji zonası kimi müəyyənləşdirilib, ölkəmizdə 2024-cü il “Yaşıl” dünya naminə həmrəylik ili” elan edilib. Məqsəd iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələri artırmaq olub.

DVX rəisi diqqətçəkən bir məqama da toxunaraq qeyd edib ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan karbon emissiyasının azaldılması məqsədilə respublikamızda “karbon vergisi” və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsinin, “karbon vergi”sinin vergitutma obyekti olan karbon emissiyasının ölçülməsi sisteminin yaradılmasının tətbiqi kimi proseslər hazırda hökumətdə həmkar qurumlarla birgə müzakirələrin mühüm istiqamətidir.

Onun sözlərinə görə, bununla bağlı bir sıra beynəlxalq təşkilatlarla, beyin mərkəzləri, təhsil müəssisələri və əlaqəli sənayelərlə əməkdaşlıq əlaqələri mövcuddur. Bu sahədə həm təcrübələr öyrənilir, həm mövcud təcrübələrin yaratdığı çağırışlar birgə müzakirə edilir, həm də ölkəmiz üçün düzgün vergiqoyma siyasəti müəyyənləşdirilir.

“Yaşıl” iqtisadiyyatın stimullaşdırılmasında vergi siyasətinin mühüm rol oynadığını qeyd edən DVX-nin rəisi, həmçinin vurğulayıb ki, bərpaolunan enerji mənbələrinə sərmayə qoyuluşunun, istehsal sektorunda və ixrac olunan məhsullarda “karbon izi”nin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsi milli vergi sisteminin diqqət mərkəzindədir.

Hazırda ətraf mühitin qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir və vergi alətləri də bu prosesə müsbət təsir göstərir. Ölkədə dayanıqlı iqtisadi inkişafın, eləcə də iqlim əsaslı “yaşıl” iqtisadiyyata keçidin gerçəkləşdirilməsi yalnız bizneslərin üzərinə əlavə vergiqoyma ilə deyil, həm də bərpaolunan enerji mənbələrindən istifadə və yaxud “yaşıl” texnologiyalardan istifadənin vergilərlə təşviqi hesabına mümkündür.

Yeri gəlmişkən, COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin bildirdiyinə görə, iqlim konfransında danışıqlardan kənar önəmli istiqamətlər olan “İkiillik şəffaflıq hesabatları”, “Müəyyənləşdirilən milli töhfələr”, “Milli adaptasiya planları”nın hazırlanması və təqdim edilməsi məsələlərinə də diqqət yetiriləcəyi gözlənilir. Bu tədbir çərçivəsində Azərbaycanın COP29 Sədrliyi 14 əsas təşəbbüs irəli sürür. Məqsəd yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Azərbaycan bu təşəbbüslərlə qlobal səviyyədə “yaşıl” iqtisadiyyata keçidi dəstəkləyir, eyni zamanda, beynəlxalq səviyyədə etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.

Ölkəmizdə son illərdə “yaşıl” iqtisadiyyata keçid istiqamətində mühüm addımlar atılıb, enerji mənbələrinin genişləndirilməsi, enerji səmərəliliyi və dövri iqtisadiyyatın inkişafı sahələrində ciddi nailiyyətlər qazanılıb. 2030-cu ilə qədər baxışı təmin edən Milli Prioritetlər sənədində dayanıqlı inkişaf və ətraf mühitin qorunması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Başqa sözlə, Milli Prioritetlərdə respublikamızın “yaşıl” iqtisadiyyata keçidinin sürətləndirilməsi, təbii sərvətlərin səmərəli idarə olunması, karbon emissiyalarının azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və enerji səmərəliliyinin artırılması kimi konkret ekoloji məqsədlər yer alıb.

Belə bir yanaşma isə təsadüfi hal sayılmır. Çünki yaşadığımız indiki dövrdə iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir, mütərəqqi cəmiyyət quruculuğunda atılan məsuliyyətli addımdır. Ümumiyyətlə, dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün “yaşıl” iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir.

Ölkəmizdə aşağı emissiyalı məhsul və sənayeləri təşviq edən qanunvericilik aktları qəbul edilib. Elektrik və hibrid avtomobillərə, elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrinin enerji doldurucularına elektrik enerjisi ötürülənməsindən əldə edilən gəlirlərə münasibətdə tətbiq olunan təşviqlər bunun bariz ifadəsidir. “Yaşıl” enerjinin istehsalını həyata keçirənlər üçün iqtisadi stimulların verilməsi gündəmin prioritetidir.

Ekologiya