Qlobal iqlim dəyişikliyi və insan sağlamlığı

post-img

ADA Universitetində “Qlobal iqlim dəyişikliyi və insan sağlamlığı: təsirlərin azaldılmasında davamlı həllər və innovativ təşəbbüslər” mövzusunda konfrans keçirilib. Toplantı  “Regional İnkişaf” İctimai Birliyi, Elm və Təhsil, Ekologiya və təbii sərvətlər, Kənd kəsərrüfatı nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sənaye Korporasiyası, “AzerGold” QSC və ADA Universitetinin birgə təşkilatçılığı, eləcə də bir sıra qurumların dəstəyi ilə icra olunan “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində təşkil olunub.

Konfransda çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Aysel Həsənova Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi COP29 ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərə dəstək məqsədilə icra olunan layihənin əsas hədəflərini diqqətə çatdırıb. Bildirib ki, məktəbliləri dünya ictimaiyyətini narahat edən qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi və onun təsirləri barədə maarifləndirmək, onları bu problemin həllində fəal iştiraka və sağlam gələcək naminə innovativ ideyalar və həllər irəli sürməyə təşviq etmək layihənin əsas hədəfləridir. 

Konfransın rəsmi hissəsində çıxış edənlər COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizə olan yüksək etimadın göstəricisi olduğunu, dünyanı narahat edən iqlim dəyişikliyinin havanın çirklənməsinə, vektor xəstəliklərinə, suyun və qidanın keyfiyyətinə, su və qida təchizatına, ətraf mühitin deqradasiyasına, həddindən artıq istilərə səbəb olduğunu bildiriblər. Həmçinin qeyd olunan amillərin xüsusilə uşaqlarda müxtəlif xəstəliklərə, psixoloji gərginliyə yol açdığını və sağlam inkişafına mənfi təsir etdiyini, uşaqların erkən yaşlardan iqlim dəyişikliyi və onun təsirləri barədə geniş maarifləndirilməsinin zəruriliyini vurğulayıblar.

Konfransda qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri mövzusunda məktəblilər arasında keçirilmiş ümumrespublika müsabiqəsinin qalib komandaları mükafatlandırılıb. Müsabiqəyə təqdim edilmiş 53 layihə arasından Təşkilat Komitəsi tərəfindən seçilmiş, problemin həllində daha yaradıcı və innovativ yanaşmalara üstünlük verən ən uğurlu 5 layihə mükafatlandırılıb.

Konfrans öz işini “Dayanıqlı kənd təsərrüfatı və qida təhlükəsizliyinin qorunmasında innovativ həllər”, “Biomüxtəlifliyin və ekosistemin dayanıqlığının təmin edilməsində yeni çağırışlar” mövzularında panel müzakirələri ilə davam etdirib. İclaslarda dəyişən iqlim şəraitində kənd təsərrüfatında innovativ idarəetmə sistemlərinə keçid, qida təhlükəsizliyi, insan kapitalının inkişafı, iqlim dəyişikliyinin insan sağlamlığına təsirləri, karbon və istixana qazlarının emissiyasının azaldılmasında yaşıl texnologiyaların tətbiqi və digər mövzularda müzakirələr aparılıb, mütəxəssislər tərəfindən məktəblilərin sualları cavablandırılıb.

Ekologiya