Regionun ən böyük maliyyə qurumlarından olan Azərbaycan Beynəlxalq Bankı (ABB) bu il noyabrın 11-22-də ölkəmizdə keçiriləcək COP29 tədbirinin əsas bank tərəfdaşıdır. COP29-un Əməliyyat Şirkətindən bildirilib ki, ABB iqlim konfransında öz pavilyonu ilə iştirak edəcək.
Burada müxtəlif təqdimatlar, görüşlər təşkil olunacaq. Ziyarətçilərə ABB-nin dayanıqlı inkişaf hədəfləri, ölkəmizin “yaşıl” artımının sürətləndirilməsində maliyyə qurumlarının rolu, “yaşıl” investisiya, ticarətin dayanıqlı şəkildə maliyyələşdirilməsi, bərpaolunan enerjinin artırılmasına bankların dəstəyi, internet bankçılıq, kiçik sahibkarlığın inkişafı üçün “ABB Biz” tətbiqinin yaratdığı imkanlar, “Tezödə” platforması haqqında ətraflı məlumat veriləcək.
Dayanıqlı gələcək üçün bankçılığın rəqəmsallaşdırılması və “yaşıl” texnologiyaların tətbiqi, Azərbaycanda və regionda dayanıqlı maliyyə, iqlim dəyişikliklərinə qarşı mübarizədə “yaşıl” fintex və iqlim texnologiyalarının rolu, karbon izi kalkulyatoru, uşaqlar və dayanıqlı inkişaf, gənc nəsldə innovasiyalara marağın artırılması, qadın liderliyi və s. bu kimi mövzularda da maraqlı təqdimatlar, müzakirələr olacaq.
Tədbir çərçivəsində startap sessiyaları da təşkil ediləcək, ABB İnnovasiya Mərkəzində inkubasiya mərhələsini uğurla keçmiş bir neçə startap investorlara təqdim olunacaq.
İqlim konfransı müddətində ABB-nin bir neçə beynəlxalq tərəfdaşı ilə yeni razılaşma sənədlərinin imzalanması da nəzərdə tutulur. Eyni zamanda, noyabrın 14-də “Maliyyə, İnvestisiya və Ticarət Günü” və noyabrın 16-da “Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günü”nün keçirilməsi planlaşdırılır.