Malayziyanın Kuala Lumpur şəhərində Cənub-Şərqi Asiya regionunda yaşayan Azərbaycan icması ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Malayziya, İndoneziya, Tailand, Filippin, Vyetnam, Kamboca və Cənubi Koreyadan olan diaspor nümayəndələri iştirak ediliblər.
Azərbaycan və Malayziyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü açıq elan edən Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov diaspor tarixində ilk dəfə olaraq reallaşan bu toplantı münasibətilə soydaşlarımızı təbrik edib, diaspor fəaliyyətinin səfirliklərin gücünə güc qatdığını bildirib.
Səfir Elçin Bəşirov Tailandda Azərbaycan səfirliyinin yeni fəaliyyətə başladığını, diaspor fəallarına hər zaman dəstək verməyə hazır olduğunu söyləyib.
Tədbirdə ölkəmizin diaspor siyasəti, Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə reallaşan irihəcmli layihələr, o cümlədən Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri, komitənin xarici ölkələrdə təşkil etdiyi ixtisaslaşmış forumlar və s. haqqında müfəssəl məlumat verilib.