Dövlət Bayrağımızın Xankəndi şəhərində ucaldılması xalqımızın yaddaşından heç vaxt silinməyəcək

post-img

Ötən il ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması ilə bitən antiterror tədbirlərindın sonra Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndiyə səfəri və şərəfli ordumuzun birinci döyüşçüsü kimi tarixi şəhərimizdə bayrağımızın ucaldılması ötən əsrin sonlarında müstəqilliyimizin bəyanı qədər xalqımıza xoşbəxtlik yaşatdı. Bu tarixi qələbə ilə bir ömür bölünən, ağrı-acı yaşayan, məhrumiyyət çəkən böyük bir xalqın məğlubedilməz, qüdrətli lideri kimi bütün dünyaya sübut etdi ki, miskin həyat heç vaxt azərbaycanlıların yaşam tərzi olmayıb!

Onun lideri olduğu bir xalqın qüruru ilə heç kim oynaya bilməz, buna heç bir dövlət cəsarət etməmişdi, Ermənistanın siyasi-hərbi rəhbərliyindən başqa. Qalib Komandan kimi tarixləşən, zəfəri evimizə, yurdumuza gətirən cənab Əliyev bu səhvi Ermənistana bağışlamadı və öldürücü cavab haqqımız tarixdə ilk dəfə olaraq Azərbaycana ümumxalq  xoşbəxtliyi gətirdi. İşğal günlərinin faciəsini, uzun müddət doğma torpağına qovuşmağın həsrətini yaşamış və bunun bir yuxu olduğunu zənn edən xalqımızın sevinc göz yaşları heç vaxt unudulmayacaq bir xoşbəxtliyin sonluğu oldu.

Bayrağımızın işğal altında olan bütün ərazilərdə dalğalanmasını əsas vəzifəsi hesab edən Prezident İlham Əliyev  ədalətsiz, ikili, riyakar siyasət yürüdən böyük gücləri diplomatik masada, Ermənistanı isə hərb meydanında ağır məğlubiyyətə uğradaraq Zərqi Zəngəzuru və Qarabağı bizə qaytardı və bayrağımız sahibi olduğu ərazilərdə Fatehi tərəfindən qaldırılaraq yüksəkliklərdə dalğalanmağa başladı! 

Qarabağ təkcə azad olmadı, ölkə vətəndaşları əmin oldular ki, onlar vədinə sadiq Prezidentinin lideri olduğu bir ölkənin vətəndaşlarıdır. Onlar qüdrətli liderləri ilə təkcə sabit, təhlükəsiz həyat deyil, həm də xoşbəxt  bir həyat yaşayırlar və bu da o deməkdir ki, bu dövləti, bu xalqı yıxmaq mümkün deyil. 

Uzun müddət torpaqlarımızda hökm sürən terrorun, separtazimin kökü kəsiləndən sonra Prezident İlham Əliyev tərəfindən Xankəndidə Azərbaycan bayrağının qaldırılması parlaq qələbəmizin məntiqi sonluğu oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Xankəndi şəhərində qaldırılan bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq. Bu tarixi hadisə ilə təkcə vətəndaşlarımız deyil, dünyada yaşayan on milyonlarla azərbaycanlı qalib ordumuzla və Azərbaycan dövləti ilə olaraq fəxr edir. 

Xankəndidə Prezident tarixi bir həqiqəti də haqlı olaraq qeyd etdi ki, ulu öndər Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyindən istefasından sonra iki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistana verilsin.

Bunun ardınca Heydər Əliyevsiz Azərbaycan faciəvi, böhranlı, utancverici hadisələr yaşadı. Torpaqları işğal olundu, vətəndaşları ağrılı-acılı həyat yaşadı. Yalnız Ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz ayaq üstə dayanmağı bacardı. Xalqımızın əziz övladının siyasətinin nəticəsi olaraq güclü iqtisadiyyat, güclü ordu ilə biz Qarabağdayıq, Xankəndidəyik və bukünku qüdrətimizlə dünyada hesablaşırlar. Mövqeyimiz, dövlətimizin addımları ilə təkcə bölgədə deyil, daha da böyük coğrafiyada qəbul olunur. 

Prezidenti İlham Əliyev tərəfindən oktyabrın 15-də Xankəndi şəhərində Dövlət Bayrağımızın  ucaldılması xalqımızın yaddaşından heç vaxt silinməyəcək. 

Fikir dahilərindən birinin qeyd etdiyi kimi xoşbəxtlik hissini yalnız müdriklər keçirə bilir.

Bu baxımdan bütün cəbhələrdə düşməni məğlub edərək bizə qələbə, xoşbəxtlik sevincini yaşadan Müzəffər Ali Baş Komandan məhz belə müdrik lider kimi xalqımızın canlı əfsanəsinə çevrildi. Prezident İlham Əliyev Azərbaycan qədər uca, bayrağımız qədər müqəddəslik simvolu kimi xalqımızın fəxarət ünvanı oldu! 


Rəşad Mahmudov,


Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini



Siyasət