Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu siyasi-ideoloji fəaliyyətin mühüm istiqamətlərindən biri də türk dünyasının birliyidir. Ulu öndər 1990–1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə bu istiqamətdə qərarlar qəbul edib, qardaş Türkiyə ilə əlaqələrin qurulmasına xüsusi önəm verib. Türk dövlətlərinin institusional strukturunun formalaşması təşəbbüsünün müəllifi Azərbaycan Prezidenti İlham Əliyev, tarixi ideyanın rəsmiləşdirildiyi ünvan isə bu coğrafriyanın birləşdirici məkanı Naxçıvan olub.
Səlahiyyətli nümayəndə daha sonra qeyd edib ki, 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşünün Naxçıvanda keçirilməsi və “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”nin imzalanması mühüm tarixi-siyasi əhəmiyyətə malikdir. Ötən dövrdə türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına nail olunub, bütövlükdə, türk dünyası dövlətləri arasında inteqrasiya sürətləndirilib. 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizin və bunun ən mühüm nəticələrindən biri olan Zəngəzur dəhlizinin açılması perspektivində görülən işlər həm də Türk dünyasının coğrafi biriliyini təmin etmək yolunda atılmış ikinci addımdır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi idarə heyətinin sədri Fərid Şəfiyev çıxışında ortaq türk dünyası ideyasının XIX əsrdə formalaşdığını, praktik addımlar isə 1990-cı illərdə atılaraq, əvvəl zirvə görüşü təşkil olunub, sonra Naxçıvanda Türk Şurası elan edilib və nəhayət, Türk Dövlətləri Təşkilatı yaradılıb. Hazırda təşkilatın İstanbulda baş qərargahı, Astana, Bakı, Daşkənd və digər şəhərlərdə təşkilata bağlı olan qurumlar fəaliyyət göstərir. Bu fəaliyyət bundan sonra daha da genişlənəcək.
Türk Dövlətləri Təşkilatı baş katibinin nümayəndəsi Muradcan Mustafayev Naxçıvan müqaviləsinin 15 illiyi münasibətilə təbriklərini çatdırıb, bu tədbirin türk coğrafiyasında əsas körpü rolunu oynayan Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyətinə toxunub.
Konfransda qeyd edilib ki, strateji baxımdan Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən, 170 milyona yaxın əhalisi olan türk regionu qarşılıqlı ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar açır. 2023-cü ildə Türk Dövlətləri Təşkilatı iqtisadiyyatının ÜDM-i əvvəlki illə müqayisədə 18 faiz artaraq, təxminən, 2 trilyon ABŞ dollarına çatıb.
44 günlük Vətən müharibəsində tarixi Qələbəmizin və bunun ən mühüm nəticələrindən biri olan Zəngəzur dəhlizinin açılması perspektivində görülən işlər həm də Türk dünyasının coğrafi birliyini təmin etmək yolunda atılmış ikinci addımdır.
Konfransda Naxçıvan televiziyasının hazırladığı türk dövlətləri birliyinin inkişafını və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Məclis “Türk Dövlətləri Təşkilatı coğrafiyasında geosiyasi dəyişikliklər və Türk Dövlətləri Təşkilatı”, “Təhlükəsizlik sahəsində əməkdaşlıq”, “İqtisadi və ticarət əlaqələri” və “Enerji və nəqliyyat sahəsində əməkdaşlıq” mövzularında panel iclasları ilə davam edib.