“KOB Fest” özəl fəaliyyəti təşviq edir

post-img

KOBİA-nın təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Əcəmi seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində “KOB Fest”in açılış mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq muxtar diyarda da özəl sektora qayğı göstərilir. Muxtar Respublikanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün dövlət proqramında əlverişli biznes mühitinin yaradılması, mikro, kiçik və orta biznesin dəstəklənməsi istiqamətində fəaliyyətin genişləndirilməsi, KOB dostu ofislərinin yaradılması, sahibkarlara güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq olunması nəzərdə tutulur. Ərazidə gömrük güzəşti nəzərdə tutan xüsusi rejimin yaradılması və ixraca logistik dəstək verilməsi istiqamətində də işlər aparılır. 

Səlahiyyətli nümayəndə daha sonra qeyd edib ki, 2024-cü ilin yanvar-avqust aylarında muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafı məqsədilə 52 milyon manatdan artıq kredit verilib. Bunun 43 milyon manatdan çoxu KOB subyektlərinin inkişafına yönəldilib. İndiki festival isə KOB subyektlərinə istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satış imkanlarının artırılması, ən əsası isə kiçik sahibkarlığın inkişafına dəstək verilməsi işində yeni hədəflər müəyyənləşdirəcək.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Naxçıvanda ilk dəfə “KOB Fest”in keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirərək qeyd edib ki, məqsəd sahibkarların məhsullarını geniş kütləyə təqdim etməsinə şərait yaratmaqdır. Vurğulanıb ki, Naxçıvanda sahibkarlıq fəaliyyəti üçün tam münbit şərait vardır. Artıq KOBİA-nın dəstək və xidmətləri Naxçıvan sahibkarları üçün daha əlçatandır. Naxçıvanda KOB İnkişaf Mərkəzi və KOB dostları fəaliyyət göstərir. Naxçıvan sahibkarları KOB dostları ilə aktiv əməkdaşlıq edərək fəaliyyət imkanlarını daha da genişləndirirlər. Bu gün keçirilən festival da məhz bu imkanların nəticəsidir.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Abbas İsmayılov qeyd edib ki, hazırda muxtar respublikanın bütün şəhər və rayonlarını əhatə edən 19 min 729 mikro, 309 kiçik və 91 orta sahibkarlıq subyekti olmaqla, ümumilikdə, 20 min129 aktiv KOB subyekti fəaliyyət göstərir. Bu da ilin əvvəli ilə müqayisədə 57,3 faiz çoxdur.

Sonra “KOB Fest”in sərgi-satış yarmarkası ilə tanışlıq olub. Məlumat verilib ki, yarmarkada 70-dən artıq mikro və kiçik sahibkarlıq subyektinin məhsul və xidmətləri nümayiş olunur. Festivalda muxtar respublika ilə yanaşı, ölkəmizin digər regionlarında fəaliyyət göstərən 20-dən artıq sahibkarlıq subyekti də iştirak edir. 

“KOB FEST” çərçivəsində bədii-əyləncəli proqram da təşkil olunub.



Sosial həyat