“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına 133,8 milyon manat investisiya yatırılacaq
İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəlki məcrasına qaytarılması strategiyasında sənayeləşmə siyasəti mühüm yer tutur.
Son zamanlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerli və xarici investisiyalar hesabına sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir. Hazırda həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətitilməsi üçün lazımi infastrukturun yaradılması sürətlə davam etdirilir. Bu baxımdan Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da təqdirəlayiq işlər görülür, bölgədə iqtisadi fəallığın təməli qoyulur.
Dövlət başçısının Şərqi Zəngəzura səfəri çərçivəsində sənaye parkının ərazisində təməli qoyulmuş yeni müəssisələr də işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyasını, bölgənin sənaye potensialının hərəkətə gətirilməsini və yeni iş yerlərinin yaradılması prosesini bir qədər də sürətləndirəcək. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına baş çəkiblər. Burada da dövlətimizin başçısına və birinci xanıma sənaye parkında görülən işlər barədə məlumat verilib.
Ölkə Prezidentinin iştirakı ilə sənaye parkının ərazisində təməli qoyulmuş mebel klasteri Litvanın “Dominari” şirkətinə məxsusdur. Xatırladaq ki, qısa müddətdə Baltikyanı ölkələrin və Şərqi Avropanın aparıcı mebel istehsalçılarından birinə çevrilmiş şirkət hazırda 2 min işçi və 200-dən çox korporativ müştəri bazasına malikdir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmış Litva şirkəti tərəfindən sənaye parkının 10 hektar ərazisində 5 mərhələdən ibarət mebel klasteri layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
İlkin mərhələdə döşək istehsalının əsas xammalı olan paralon materialının istehsalı zavodunun və mebel klasterinin müxtəlif mərhələlərini parça ilə təmin edəcək toxuculuq fabrikinin qurulması planlaşdırılır. İnvestisiya dəyəri 50 milyon manatdan çox olan müəssisədə ilkin mərhələdə 650 nəfər işlə təmin ediləcək. İşçilərin Cəbrayıl və ətraf rayonlardan cəlb olunması nəzərdə tutulur.
“Dominari” şirkəti ildə 6 min ton elastik poliuretan, 250 min ədəd müxtəlif mebel, həmçinin döşəklər, divanlar və çarpayılar üçün 1 milyon ədəd üzlük, 200 min döşək, 5,5 min kubmetr mebel komponentləri istehsal edəcək. Həmin məhsulların daxili bazarda satılması ilə yanaşı, ixracı da həyata keçiriləcək.
“Karabakh Stone” MMC isə 2024-cü ilin iyulunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Şirkətin yeni müəssisəsi sənaye parkının 3,5 hektar ərazisində yol və müxtəlif sahələrin abadlaşdırılması üçün dekorativ daşlar (tamet daşlar) və səki bordürlərinin istehsalı ilə məşğul olacaq. İnvestisiya həcmi 7,8 milyon manat olan layihə çərçivəsində 95 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
İstehsal gücü 1 milyon 250 min kvadratmetr təşkil edəcək müəssisədə hazırlanacaq məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Türkiyə texnologiyasından istifadə ediləcək müəssisənin 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.
“Prestij-Kimya” MMC sənaye parkının 2,15 hektar ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 5,8 milyon manat olan müəssisədə 214 nəfər daimi işlə təmin ediləcək. Türkiyə, Çin və Avropanın qabaqcıl ölkələrinin texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 30 min ton müxtəlif dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsal olunması nəzərdə tutulur. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, xarici bazarlarda da satışı planlaşdırılır.
Xatırladaq ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqamətlərinə logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması kimi mühüm tədbirlər daxildir.
Ərazisi 200 hektar olan sənaye parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Parkın yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi isə onun uğurlu fəaliyyəti üçün zəmin yaradır. Belə ki, sənaye parkının ərazisindən həmin magistral yollara birbaşa giriş-çıxışın təmin edilməsi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də ölkəmizin ərazisindən Rusiyaya yüklərin daşınmasına imkan verəcək.
Prezident fərmanında qeyd olunduğu kimi, Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması adıçəkilən sənaye zonasının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Bunun nəticəsidir ki, son zamanlar sənaye parkında iş görmək arzusunda olan sahibkarlıq subyektlərinin sayı getdikcə artır. Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq parka 133,8 milyon manat investisiyanın yatırılması, 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Ötən müddətdə rezidentlər tərəfindən sənaye parkına 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox daimi iş yeri yaradılıb.
Rezidentlər tərəfindən sənaye parkında fibrobeton və polistirolbeton blokların, quru inşaat qatqılarının, tamet daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, ayaqqabıların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların və digər məhsulların istehsalı, 40 otaqlı hotelin və 100 nəfərlik restoranın tikintisi həyata keçiriləcək, logistik mərkəz inşa olunacaq.
Yeri gəlmişkən, artıq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir müəssisə fəaliyyətə başlayıb. “Avto Lizinq Azərbaycan” MMC Azərbaycan – Rusiya birgə müəssisəsində kənd təsərrüfatı texnikalarına və yük maşınlarına texniki servis xidməti göstərilir.
Göründüyü kimi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında reallaşdırılacaq layihələr bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına və yerli istehsalın inkişafına böyük təkan verəcək. Eyni zamanda, parkın ərazisində çoxsaylı iş yerləri açılacaq ki, bu da ölkə üzrə məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq.