Cari ilin yanvar–sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 365,6 milyon manat ipoteka krediti verilib. Bunun da 66,5 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edib. Fonddan verilən məlumata görə, ilin əvvəlindən adi ipoteka kreditləri hesabına 3017, güzəştli ipoteka kreditləri hesabına isə 844 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb. Bu ilin 9 ayında verilmiş ipoteka kreditlərinin orta məbləği isə 94 min 683 manat təşkil edib.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş nizamnaməsinə uyğun olaraq əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Ötən müddətdə fondun vəsaiti hesabına 3,2 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 51 min 710 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. Həmin məbləğin 931 milyon manatdan çoxunu dövlət dəstəyinə ehtiyacı olan xüsusi kateqoriyaya aid şəxslərə verilmiş güzəştli ipoteka kreditləri təşkil edib. İpoteka kreditlərindən faydalananların 67 faizi isə gənclər və gənc ailələr olub.