Builki yarmarkada 67,5 ton bal satılıb

post-img

Bu il fermerlər tərəfindən arıçılıq məhsullarının 24-cü sərgi-satış yarmarkasına çıxarılmış 120 tona yaxın arıçılıq məhsulunun 67,5 tonu satılıb. Bunun da 3 tondan çoxu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən builki bal yarmarkasında Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 275 arıçı iştirak edib. İştirakçılara maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı (çərçivə) gətirməyə icazə verilib. Yarmarkada 37 ton cökə balı, 26,3 ton çiçək balı, 13,7 ton meşə balı satışa çıxarılıb. Çiçək, cökə və meşə balları yarmarka dövründə satışa təqdim olunan bütün bal məhsullarının 64 faizini təşkil edib. Bundan əlavə, arıçı fermerlər yarmarkada qaratikan balı, may balı, dağ balı, biyan balı, çəmən balı, şabalıd balı, akasiya balı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr satışa çıxarıblar.

Təqdim edilən bütün arıçılıq məhsulları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlamadan keçirilib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb. 

İqtisadiyyat