İqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf İtaliyanın “Technip Energies” şirkətinin baş direktoru Marko Villa ilə görüşüblər.
Görüşdə bərpaolunan enerji ehtiyatlarına malik olan ölkəmizin “yaşıl artım” və davamlı inkişaf məkanına çevrilməsi məqsədilə xarici şirkətlərlə fəal əməkdaşlıq edildiyi, mövcud potensialın reallaşdırılmasında beynəlxalq təcrübənin, eləcə də müasir texnologiyaların tətbiqinin önəmi qeyd olunub. Azərbaycanda beynəlxalq tərəfdaşlarla “yaşıl” enerjinin istehsalı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.
Görüş çərçivəsində “SOCAR Downstream Management” MMC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və İtaliyanın “Technip Energies S.p.A.” şirkəti arasında “Plastik tullantılardan piroliz yağının istehsalı” layihəsi üzrə Birgə Müəssisənin təsis edilməsi haqqında müqavilə imzalanıb.
Ümumi dəyəri 97 milyon avro olan layihənin reallaşdırılması tullantıların səmərəli emalına, sənaye istehsalının təkmilləşdirilməsinə və karbon emissiyasının azaldılmasına stimul verəcək. Eyni zamanda, sənaye məhsullarının müxtəlifliyini və dayanıqlığını artıraraq, ölkənin təbii ehtiyatlarından daha səmərəli istifadəni təmin edəcək. Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa ediləcək zavodda ildə 36 min ton plastikdən 23 min ton piroliz yağı istehsal ediləcək. Layihədə “AİŞ” 30 faiz, “Technip Energies S.p.A.” 35 faiz, Dövlət Neft Şirkəti 35 faiz iştirak paylarına sahibdir.
Tədbirdə “Plastik tullantılardan piroliz yağının istehsalı” layihəsi barədə təqdimat nümayiş olunub. Layihə üzrə tətbiq ediləcək piroliz yağı texnologiyası plastik tullantıların yüksək temperaturda parçalanması yolu ilə təkrar emal edilməsini təmin edir. Bu, tullantıların azaldılması və yanacaqlara alternativ yanacaq istehsalı ilə karbon izini azaldır.
Qeyd edək ki, 60 illik təcrübəyə malik və 15 mindən çox işçi heyəti olan “Technip Energies” şirkəti 34 ölkədə dayanıqlı yanacaq, kimya, tullantıların emalı, qaz və aşağı karbon enerjisi, innovativ texnologiyalar, karbonsuz həllər sahələrində fəaliyyət göstərir.