Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində gələn il Xəzər dənizi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsinin başa çatacağını bildirib. Layihənin beynəlxalq dəhlizlərə və transsərhəd məlumat axınlarına qoşulacaq rəqəmsal infrastrukturun yaradılması baxımından Qazaxıstan üçün son dərəcə zəruriliyini diqqətə çatdıran dövlət başçısı telekommunikasiya şəbəkələrinin və məlumat mərkəzlərinin sürətli inkişafına həssaslıqla yanaşılmasının, qlobal kibertəhlükəsizlik standartlarının tətbiqinin, mütəxəssislərin səriştəsinin artırılmasının əhəmiyyətini vurğulayıb.
Kasım-Jomart Tokayev bu il sentyabrın 6-da Qazaxıstan, Azərbaycan və Özbəkistanın energetika nazirlərinin Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanan sənəddə Xəzər dənizinin dibi boyunca, həmçinin digər ölkələrin ərazisindən keçməklə yüksəkgərginlikli kabel çəkilməsi yolu ilə enerji sistemlərinin birləşdirilməsi imkanının yaradılacağına əminliyini diqqətə çatdırıb. O, Avropa İttifaqı (Aİ) ölkələrinə “yaşıl” enerji təchizatının texniki-iqtisadi baxımdan ən optimal variantının da həyata keçiriləcəyini söyləyib.
Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev sözügedən forum çərçivəsində Xəzər dənizinin dibi ilə dərin dəniz kabelinin çəkilməsi üçün əvvəllər hazırlanmış texniki spesifikasiya layihəsinə diqqət çəkib və bu layihədə əksini tapan beynəlxalq ötürmə dəhlizlərinin inkişafı və “yaşıl” enerjinin Aİ ölkələrinə satışı üçün təklif olunan biznes modelinin işlənib hazırlanacağını bildirib.
Üç gün sonra, sentyabrın 9-da Prezident Tokayevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü əsnasında enerji, nəqliyyat və logistika sahələrində əvvəllər əldə edilmiş razılaşmalar müzakirə olunub və onların icrasının gedişindən məmnunluq ifadə olunub. Beləliklə, Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın Xəzər dənizi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsinin inkişafında maraqlı olduğu açıq-aşkar görünür.
Qazaxıstanın nəqliyyat marşrutlarından, o cümlədən Azərbaycan istiqamətindən istifadə etməklə Avropa ilə ticarətin həyata keçirilməsi son illərdə genişlənib. Məsələn, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ötən il Qazaxıstanın Xəzər dənizindəki Aktau limanına səfəri rəsmi Berlinin Orta Dəhlizin inkişafına marağını nümayiş etdirib və bu dövlətin adıçəkilən marşrut vasitəsilə Çindən Avropaya mal daşınmasında məqsədini qətiləşdirib.
Beləliklə, Mərkəzi Asiya, Azərbaycan, Türkiyə və Avropa İttifaqını birləşdirən Orta Dəhliz güclü ticarət alyansı yaradır. Pekin də bu proseslərdə fəal iştirak edir. Çindən Avropaya malların tranzitinin 85 faizi də Qazaxıstandan keçir və bunun əhəmiyyətli hissəsi Xəzər dənizi və Azərbaycan vasitəsilə gerçəkləşir.
Orta Dəhliz Beynəlxalq Assosiasiyası İdarə Heyətinin sədri Nurlan Sauranbayev qeyd edib ki, bu marşrut boyu yerləşən ölkələrdə logistika infrastrukturu rəqabətədavamlı yük daşımalarının tam həyata keçirilməsinə imkan verir. Sözügedən assosiasiyanın məlumatına görə, yük daşımaları 2023-cü ildə 65 faizə (2,7 milyon tona qədər) yüksəlib.
Dünya Bankının proqnozuna əsasən, 2030-cu ilə qədər Orta Dəhlizlə yükdaşımaların həcmi 3 dəfə artacaq. Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Almaniyanın “DW” nəşrinə müsahibəsində bildirib ki, Avropa İttifaqı bu marşrutun inkişafı üçün 10 milyard avro investisiya ayırmaq niyyətindədir.
Rusiya – Ukrayna müharibəsi başlayandan sonra Avropa Şərqlə ticarət əlaqələri üçün alternativ nəqliyyat marşrutlarına ehtiyac duydu. Azərbaycan hökuməti ölkənin nəqliyyat infrastrukturunu quraraq qatarların və avtomobillərin tranzit keçidi üçün hər cür şərait yaratdı. Beynəlxalq nəqliyyat marşrutlarının ölkəmizdən keçməsi Azərbaycana təkcə iqtisadi deyil, həm də siyasi dividendlər gətirməyə başladı.