Prezidentin Milli Məclis mesajlarının müzakirəsi

post-img

Oktyabrın 1-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Prezident İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbir keçirilib.

Tədbirdə BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında cari qlobal və regional böhranlar fonunda Azərbaycan xarici siyasətinin prioritetləri, ölkəmizin üzləşə biləcəyi təhlükəsizlik çağırışlarına adekvat reaksiya mexanizmləri barədə ətraflı çıxış etdiyini diqqətə çatdırıb.

Prezidentin xarici siyasət xətti və geosiyasi vəziyyət mövzusunda paneldə çıxış edən deputatı Rasim Musabəyov Azərbaycanın regional geosiyasəti formalaşdıran ölkə olduğunu və Ermənistanın kənar qüvvələr tərəfindən silahlandırılmasının bu gerçəkliyi dəyişməyəcəyini bildirib.

Milli Məclisin deputatı Fariz İsmayılzadə isə artan hibrid hücumlara diqqət çəkərək, Kanada və Avropa dövlətləri tərəfindən Ermənistana verilən dəstəyin təhlükəsizlik riskləri yaratdığını, Cənubi Qafqazda sülh və əmin-amanlıq əvəzinə, rəqabət və silahlanmanı gücləndirdiyini bildirib. Deputat Qaya Məmmədov Ermənistan daxilindəki revanşistlərlə yanaşı, hökumətdəki qüvvələrin anti-Azərbaycan siyasətini regional təhlükəsizliyə əsas hədə olaraq dəyərləndirib. Onun sözlərinə görə, Fransa və Hindistan ilə artan hərbi əməkdaşlıq, böyük atəş gücünə malik silahların tədarükü və xarici məsləhətçilərin Ermənistan ordusuna cəlb edilməsi, bunlarla paralel, minatəmizləmə fəaliyyətlərində Azərbaycana adekvat dəstək göstərilməməsi həmin ölkələrin İrəvanın təcavüzkar siyasətlərinə birbaşa dəstək verməsinin göstəricisidir. Deputat Ramid Namazov isə Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlərin daxili auditoriya ilə yanaşı, Ermənistana və onu dəstəkləyənlərə, dost və müttəfiq ölkələrə aid tezislər ehtiva etdiyini deyib.

Sonra BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədlinin moderatorluğu ilə “Parlament diplomatiyası və beyin mərkəzləri icması” mövzusunda panel keçirilib.

XQ



Son xəbərlər