Metropolitenin "Dərnəgül-Həzi Aslanov" xətti üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

post-img

Bakı metropoliteninin "Dərnəgül-Həzi Aslanov" xətti üzrə hərəkət edən qatarın vaqonlarının qapısından siqnallar daxil olduğu üçün "28 May-Gənclik" tunel yolunda maşinist qapı sistemini yoxlamaq məcburiyyətində qalıb.

"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, normativ tələblərə görə, təkrar yoxlama keçirilməli olduğundan sərnişinlər "Gənclik" stansiyasında düşürülüb. Heç bir problem aşkar olmadığı üçün qatar "Nərimanov" stansiyasından sərnişinlərlə yoluna davam edib. Nəticədə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb. Xəttə ehtiyat qatar verilməklə yubanma aradan qaldırılıb.

Bakı metropoliteni sərnişinlərdən xahiş edir ki, vaqonların qapılarına müdaxilə etməsinlər. Bunun nəticəsində ümumi yubanmalar sərnişinlərin mənzilbaşına vaxtında çatmamasına, stansiyalarda sərnişin sıxlığının daha da artmasına səbəb olur.

Son xəbərlər