Azərbaycandakı parlament seçkiləri xarici mediada

post-img

Sentyabrın 1-də Azərbaycanın bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzində saxlanılıb.

Türkiyənin Anadolu Agentliyi, TRT media qurumu, “Milliyet”, “Cumhuriy­yet”, “Son dakika”, “Haberler.com”, “Ensonhaber”, “Son dakika”, “Haber Global” kimi bir çox media qurumu ölkəmizdəki parlament seçkiləri ilə bağ­lı yazılı və video xəbərlər hazırlayıb.

“Azərbaycan Prezidenti və xanımı Milli Məclis seçkilərində səs verdilər”, “Azərbaycan Prezidenti Əliyev Milli Məclis seçkilərində səs verdi”, “Azər­baycan seçki prosesində: Qarabağda seçki keçirilir”, “YSK sədri Ahmet Ye­ner: Azərbaycanda seçkilər nizamlı və şəffaf şəraitdə keçirilib”, “Azərbaycan xalqı seçim edir: 30 il sonra bir ilk”, “30 il aradan sonra Azərbaycan bütün tor­paqlarında seçki keçirir”, “Qardaş ölkə Azərbaycan seçki prosesində” kimi bir çox sərlövhələrlə yayımlanan xəbər­lərdə builki seçkilərin ölkəmizin bütün ərazilərində keçirilməsinə vurğu edilib.

Məqalələrdə Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev, birin­ci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Bakıda səs verdikləri bildirilir.

Xəbərlərdə vurğulanıb ki, Azərbayca­nın erməni işğalından azad etdiyi bölgələ­rində də seçki qutuları yaradılıb ki, bununla da 30 ildən sonra ilk dəfə olaraq Azərbay­canın bütün ərazilərində parlament seçkilə­ri keçirilib.

Qeyd edilib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası, Müstəqil Dövlət­lər Birliyi, Türk Dövlətləri Təşkilatı, Türk­dilli Dövlətlərin Parlament Assambleyası kimi beynəlxalq qurumlardan çox sayda müşahidəçinin iştirak etdiyi seçkilər üçün ölkədə 125 seçki dairəsi üzrə 990 namizəd mübarizə aparıb. Azərbaycan parlament üzvlərini müəyyən etmək üçün yeddinci dəfə seçki keçirir.

Xəbərlərdə, həmçinin Türkiyə Ali Seç­ki Qurumunun (YSK) sədri Ahmet Yenerin qardaş ölkə mediasına verdiyi müsahibəsi yer alıb. Bildirilib ki, YSK sədri müsahi­bəsində sentyabrın 1-nin Azərbaycan de­mokratiyası və tarixi üçün mühüm bir gün olduğunu vurğulayaraq deyib: “Qırx dörd gün davam edən İkinci Qarabağ müharibə­sində qazanılan Zəfərdən sonra ölkədə ilk dəfə parlament seçkiləri bütün torpaqlarda keçirilir. Seçkilərin Azərbaycan xalqı və Türk dünyası üçün xeyirli olmasını arzula­yıram. Seçkilərin nizamlı və şəffaf şəraitdə keçdiyini, azərbaycanlı qardaşlarımızın seçkiyə böyük əhəmiyyət verdiyini gö­rürük. Bunu görmək bizim üçün sevin­diricidir. Seçici fəallığı çox yüksəkdir”.

Azərbaycan Milli Məclisinə keçi­rilən seçkilər, o cümlədən Rusiya medi­asının da diqqət mərkəzində olub. Belə ki, Rusiya mətbuatında budəfəki parla­ment seçkilərinin Azərbaycan tarixində xüsusi yer tutduğu, ölkənin müstəqillik tarixində ilk dəfə bütün suveren ərazi­sində keçirildiyi və xalqın birliyini ifadə etdiyi açıqlanır.

Rusiyalı müşahidəçilərdən biri, Ru­siya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin bi­rinci müavini İlyas Umaxanov “Vestnik Kavkaza” agentliyinə müsahibəsində bu seçkilərin Azərbaycan üçün əhəmiyyə­tindən danışaraq səsvermənin ölkəmi­zin bütün suveren ərazisində keçirildi­yini qeyd edib. O, azərbaycanlıların öz doğma torpaqlarına qayıtdıqlarını vur­ğulayaraq deyib: “Bu baxımdan biz bu gün Ümummilli Lider Heydər Əliyevin oğlu, Prezident İlham Əliyevə vəsiy­yətinin yerinə yetirildiyinin şahidiyik”. O, Rusiyanın Azərbaycanın siyasətini tam dəstəklədiyini, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinin iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin möh­kəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Agentliyin digər həmsöhbəti, MDB PA-nın Baş katibi Dmitri Kobitski parlament seçkilərinin monitorinqinin ilkin nəticələri ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, müşahidəçilərdən heç biri səsvermənin təş­kilinə dair hər hansı nöqsan qeydə almayıb. Onun sözlərinə görə, seçki məntəqələri və məntəqə seçki komissiyaları yaxşı hazırla­nıb, yerli müşahidəçilərdən də heç bir şikayət daxil olmayıb.

“News.ru” nəşri Rusiya-Bela­rus Parlament İttifaqının nümayəndə heyətinin üzvü Nataliya Kosixinanın rəyini oxuculara təqdim edib. O bil­dirib ki, seçkilər demokratik norma­lara və prosedurlara uyğun keçirilib. Səsvermənin gedişinə təsir göstərə biləcək qanun pozuntusu qeydə alın­mayıb. “Seçkilər ədalətli, açıq və əl­çatan keçib”, - deyə Nataliya Kosixi­na bildirib.

Şuşadakı seçki məntəqəsində mü­şahidəçi qismində iştirak edən Brita­niya Lordlar Palatasının üzvü Qurban Hosseyn də nəşrə müsahibəsində par­lament seçkilərinin nöqsansız keçdi­yini deyib.

“Mir” Dövlətlərarası Teleşirkə­tinin reportajında qeyd olunub ki, səsvermə prosesini 600-ə yaxın bey­nəlxalq müşahidəçi izləyib. MDB Parlamentlərarası Assambleyası beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin seçki məntəqələrində əyani materialların olduğunu, məntəqə seçki komissiyasına öz müşahidəçilərini ayırmış siyasi təşkilatların da səsvermənin gedişini izlədiyini müsbət hal kimi qiymətləndirib.

“Belarus seqodnya” nəşri MDB mü­şahidəçilər missiyasının rəhbəri Leonid Anfimovun rəyini öyrənib. L.Anfimov se­çicilərin səsverməyə məsuliyyətlə yanaş­dıqlarını, səs verəcəkləri namizədi yaxşı tanıdıqlarını diqqətə çatdıraraq bunun seçki prosesinin düzgün aparılmasının nəticəsi olduğunu deyib.

TASS agentliyi də parlament seçkiləri­nin gedişini ətraflı işıqlandırıb. MDB müşa­hidəçilər missiyasının üzvlərinin rəylərinin yer aldığı materialda bildirilir ki, səsvermə məntəqələri texniki cəhətdən mükəmməl təchiz olunub, Azərbaycan Mərkəzi Seçki Komissiyası, digər dövlət qurumları müşa­hidəçilər missiyası ilə əməkdaşlıq ediblər.

“Rossiyskaya qazeta” nəşri xatırladır ki, bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra keçirilən ikinci seçkilərdir. Azərbaycanda Prezident seçkilərinin fevral ayında reallaşdığı qeyd olunan materialda deputat mandatı uğurunda 990 namizədin mübarizə apardığı diqqətə çatdırılır.

“İnterfaks” agentliyi “exit-poll”un nə­ticələrini yayımlayıb. Agentlik ilkin hesab­lamalara əsasən 7-ci çağırış Milli Məclisə seçkilərdə hakim Yeni Azərbaycan Partiya­sının namizədlərinin çoxluq təşkil etdiyini bildirib.

XQ



Son xəbərlər