ATƏT DTİHB-nin anti-Azərbaycan qərəzi

post-img

Yaxud torbadan quyruğu görünənlərin “hesabat”ı

Belə məlum olur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı hesabatını Bakıya gəlməmiş hazırlayıb. Belə sadə və məntiqi qənaətə gəlməyə bu fakt dəstəvuz verir ki, dünən səsvermə prosesi hələ başa çatmamış Avropadan Azərbaycana təşrif buyurmuş “haqq müdafiəçiləri” nə az, nə çox – düz 56 bənddən ibarət hesabat yayıblar. 

Özəl mənbələrdən əldə edilərək ictimailəşdirilən bu sənədin seçkilərdən xeyil əvvəl tərtib olunduğu­na və ATƏT-in başbilənləri tərəfindən təsdiqləndi­yinə zərrə qədər şübhə ola bilməz. Axı, “beynəlxalq hüquqa və demokratik prinsiplərə” söykənərək bu həcmdə sənədin ərsəyə gətirilməsindən ötrü bir dəstə mütəxəssis neçə gün çalışmalıdır. 

Sözün düzü, ATƏT DTİHB-nin seçkilərlə bağ­lı Azərbaycana sataşdığı birinci dəfə deyil. Məgər biz nizamnaməsində qeyd olunmuş “təhlükəsizlik” və “əməkdaşlıq” missiyasını “kollektiv Qərbin” an­ti-Azərbaycan, ermənipərəst fəaliyyəti ilə səhv salan bu qurumun sifarişləri haradan aldığını bilmirik? Bilirik: Brüsseldə mənzil salmış və Fransanın domi­nantlıq etdiyi Avropa İttifaqından, onun parlamentin­dən və bir də son vaxtlar sıx əməkdaşlıqda bulundu­ğu Vaşinqtondan. 

5 aprel Brüssel görüşündə üçtərəfli separat ra­zılaşmaya imzalarını atanların (Brüssel–İrəvan–Va­şinqton) ölkəmizə qarşı intensivləşən siyasi–ideoloji təzyiqləri fonunda ATƏT-in bu hesabatına təəccüb­lənməli deyilik. Bunların hamısı eyni nohurdan su içən, fürsət düşən kimi sancmağa hazır zəhərli ilanlar kimidir. Bu dəfə ATƏT DTİHB-ni qabağa veriblər. 

Bəs, bu psevdo-haqq müdafiəçiləri hesabatların­da nə yazır? “Seçkilərin hüquqi bazası demokratik seçkilər üçün əlverişli deyil”, “Konstitusiya və digər qanunların icazə verdiyi sərbəst toplaşmaq və ifa­də azadlığı məhdudlaşdırılıb”, “seçkilər beynəlxalq standartlara və ATƏT-in öhdəliklərinə uyğun gəl­mir”... 

Heç bir faktın göstərilmədiyi, hüquqi əsaslandır­manın aparılmadığı sənəddə deyilir ki, MSK daxil olan şikayətlərin əksəriyyətinə mahiyyəti üzrə baxıb, “amma dəvət olunmuş tərəflərin arqumentləri heç vaxt nəzərə alınmayıb”. MSK, guya, əvvəlcədən hazırlanmış qərarlar qəbul edərək şikayətçiləri qa­nunla, ATƏT-in öhdəliklərindən və beynəlxalq təc­rübədə nəzərdə tutulmuş prosedur təminatlarından məhrum edib. Bundan sonra irəli sürülən “ittiham­lardan” xoruzun quyruğu görünməyə başlayır. Əslin­də, “quyruq” bir neçə gün öncə bəzi media qurumları ATƏT-in Azərbaycandakı növbədənkənar parlament seçkiləri ilə bağlı hesabatının artıq hazır olması barə­də məlumatları yayanda görünmüşdü. Pişiyin tor­baya harada və kim tərəfindən salındığı məsələsinə qayıdacağıq. 

İndi isə görünən reallıqdan bəhs edək. Axı, Azər­baycan seçkilərə hazırlıq dövrünü və səsvermə pro­sesini yaxından izləmək üçün hamıya hər cür şərait yaratdı. Dünyanın 43 ölkəsindən və 24 beynəlxalq təşkilatdan ümumilikdə 228 beynəlxalq müşahidəçi MSK tərəfindən qeydə alındı. Onlar üçün yaradı­lan şərait Azərbaycanda seçki mühitinin demokra­tikliyindən xəbər verir. Milli Məclisə seçkiləri iz­ləmək üçün qeydiyyatdan keçən qurumlardan biri də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası idi. ATƏT bir qayda olaraq üzv ölkələrdəki seçkilərə DTİHB-ni göndərir və onun yekun rəyini əsas götürür. Amma reallıq onu deyir ki, DTİHB-nin yerinə yetirdiyi “müşahidə” missiyası formal xarakter daşıyır. Bu zaman onun “yekun rəyi” Vaşinqton və “kollektiv Qərb” üçün təzyiq “alətinə” çevrilir. Bunları bilən siyasi ekspert­lər üçün DTİHB-nin hesabatlarının çox vaxt digər beynəlxalq müşahidəçilərin rəyləri ilə ziddiyyət təş­kil etməsi təəccüblü deyil. Sınaqdan çıxarılmış “təc­rübə” bu dəfə Azərbaycanda parlament seçkilərində özünün növbəti isbatını tapmış oldu.

ATƏT-in bundan əvvəlki qərəzli bəyanat və açıq­lamalarının təkrarı, “şparqalkası” adlandırılmağa layiq hesabatında “Azərbaycanda siyasi aktorların, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəalları­nın, akademiklərin və jurnalistlərin həbslərinin seç­kiqabağı dövrdə də davam etdiyi” qeyd olunur. 

Bu məqamda “Stop!” işarəsindən istifadə etməyə məcburuq. Özəl mənbə bildirir ki, hesabatın yekun variantı neçə gün əvvəl Vaşinqtondan göndərilib və əslində, onun sabah açıqlanacağı gözlənilirdi. Artıq pişiyin torbaya harada və kim tərəfindən salındığı sualına avtomatik cavab gəlir... 

Güman edirik ki, rəsmi Bakının Ağ evə deməyə 56 bənddən də artıq sözü olacaq.

XQ-nin analitik qrupu

Siyasət