Dost qədirbilənliyinin Pakistan əks-sədası

post-img

Pakistanın aparıcı kütləvi infor­masiya vasitələri Azərbaycan Respublikasının Birinci vitse-pre­zidenti Mehriban xanım Əliyeva­nın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qardaş ölkədə çoxşaxə­li humanitar fəaliyyətindən bəhs edən məqalələr dərc edib.

Pakistanın nüfuzlu “İslamabad Post” qəzetinin birinci səhifəsində baş məqalə kimi dərc olunmuş “Heydər Əliyev Fon­dunun Pakistanda humanitar izləri” sərlöv­həli məqalədə qeyd olunub: “Heydər Əli­yev Fondu Azərbaycanın birinci xanımı, Zati-aliləri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təkcə Azərbaycanda deyil, müxtəlif dost ölkələrdə, o cümlədən qardaş Pakistanda ehtiyacı olan icmaların rifahına və inkişafına mühüm töhfələr verib. 

Məqalənin müəllifi qeyd edib ki, Heydər Əliyev Fondunun Pakistandakı diqqətəlayiq təşəbbüslərindən biri əhalinin sağlamlığını yaxşılaşdırmaq və yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi daşıyan Hayber-Paxtunxva və Pəncab əyalətlərində hepatit B virusuna qarşı peyvənd kampaniyası olub. Bundan əlavə, Fond xüsusi ehtiyacı olan və məh­dud fiziki imkanlı şəxslərə dəstək olmaq öhdəliyini nümayiş etdirərək, Peşəvərdəki “Əkbər Baxım” Serebral İflic İnstitutunda pulsuz müayinə təşkil edib.

Pakistanın daha bir geniş oxucu küt­lərinə malik olan “Herald Star” nəşrində dərc olunan məqalədə diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun Pakistandakı tibb müəssisələrinə, məsələn, açıq ürək əməliy­yatlarının aparıldığı İslamabaddakı Kulsum Xəstəxanasına göstərdiyi dəstək çoxsaylı insanların həyatını xilas edib və keyfiyyətli səhiyyə xidmətlərinə çıxışı yaxşılaşdırıb. Qəzet vurğulayıb: “Müasir qanköçürmə avadanlığı ilə təchiz olunmuş təcili tibbi yardım maşınının Həmzə Xeyriyyə Fon­duna bağışlanması Fondun regionda təcili tibbi yardım xidmətlərinin və qanköçürmə imkanlarının genişləndirilməsi istiqamətin­də səylərini vurğulayır”.

“Pakistan in the World” və “PakeCo­net” nəşrləri də Azərbaycanın birinci xanı­mının rəhbərlik etdiyi Heydər Əliyev Fon­dunun Pakistanda həyata keçirdiyi təhsil və səhiyyə layihələrindən yazıb. Məqalədə qeyd olunub: “Təhsil Heydər Əliyev Fon­dunun Pakistandakı təşəbbüslərinin diqqət mərkəzində olub. 2007-ci ildə Pakistanda­kı zəlzələdən sonra Müzəffərabadda qızlar üçün Rara Liseyinin tikintisi kimi layihələr uşaqlara daha yaxşı tədris mühiti və təhsil imkanları təmin edib. Bundan əlavə, Fon­dun İslamabaddakı Talassemiya Mərkə­zinə, həmçinin paytaxtdakı Əl-Fərabi adına Fiziki Qüsurlu Uşaqlar üçün Xüsusi Təhsil Mərkəzinə göstərdiyi dəstək xüsusi qayğı­ya ehtiyacı olan şəxslərin həyatına müsbət təsir göstərib”.

“DailyIttehad”, “World News”, “Dip­lomatic News Agency” xəbər portallarında Heydər Əliyev Fondunun humanitar səy­lərinin Pakistandakı müxtəlif sosial rifah institutlarını, o cümlədən əlillər üçün uşaq evləri və mərkəzlərini əhatə etdiyi qeyd olunur. Portalların dərc etdiyi məqalədə deyilir: “Pakistanın Beyt-ul-Maal Anemi­ya Mərkəzinin təmiri və avadanlıqla təchiz edilməsi üçün maliyyə yardımı göstərən, eləcə də Lahordakı “Edhi Homes” uşaq evində tədbirlər təşkil edən Fond, eyni za­manda, əhalinin həssas təbəqəsinə dəstək vermək və sosial inklüzivliyi təşviq etmək öhdəliyini nümayiş etdirib”.

Məqalələrdə diqqətə çatdırılıb ki, Hey­dər Əliyev Fondunun Pakistanda səhiyyə, təhsil, infrastrukturun inkişafı və sosial ri­fahı əhatə edən geniş humanitar fəaliyyəti saysız-hesabsız fərdlərin və icmaların hə­yatına dərin təsir göstərib. Fond ehtiyacı olan insanlara xidmət etmək üçün böyük fədakarlıq göstərərək, həm də qardaş Azər­baycan ilə Pakistan arasında əlaqələri daha da möhkəmləndirib.

“The Gulf Observer”, “The Europe Today” informasiya portalları Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Pakis­tanda həyata keçirilən layihələrdən bəhs edərək yazıb: “Qeyd edək ki, Heydər Əli­yev Fondunun Pakistanda nümunəvi işləri diqqətdən kənarda qalmayıb, onun rəhbəri cəmiyyətə verdiyi görkəmli töhfələrə görə təqdir və rəğbət qazanıb. Mehriban xanım Əliyevanın “Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı – 2013”ə layiq görülməsi onun humanitar işlərə böyük sa­diqliyinin göstəricisidir. Daha sonra, 2015-ci ildə Azərbaycan ilə Pakistan arasında əlaqələrin möhkəmləndirilməsində göstər­diyi müstəsna səylərə görə Fondun rəhbəri Pakistanın dövlət mükafatı olan nüfuzlu “Hilal-e-Pakistan” ordeni ilə təltif edilib. Bu mötəbər mükafatı alan ilk birinci xanım olan Zati-aliləri Mehriban xanım Əliyeva beynəlxalq əməkdaşlığın və xoşməramlı­lığın gücləndirilməsi istiqamətində fədakar səylərini davam etdirir”.



Son xəbərlər