Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 29 qurumdan ümumilikdə 267 beynəlxalq müşahidəçinin qeydə alındığı bildirilib.
Həmçinin bildirilib ki, seçkilərlə əlaqədar 46 min 807 yerli müşahidəçi qeydiyyatdan keçib. Bu müşahidəçilərdən 5715 nəfəri MSK-da, 41 min 092 nəfəri isə dairə seçki komissiyalarında qeydə alınıb.
Bəs, müşahidəçilərə seçki prosesi zamanı hansı hərəkətlər qadağan edilib?
Seçki Məcəlləsinə görə:
– seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi haqqında sual vermək;
– seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək;
– seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
– seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;
– seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;
– seçicilər arasında təşviqat aparmaq;
– bu və ya digər namizədin, siyasi partiyanın, referenduma çıxarılan sualın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;
– müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;
– seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla);
– Seçki Məcəlləsinin 42.3-cü maddəsində göstərilən tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər.
Müşahidəçilər müşahidənin yekunlarına dair rəylərini mərkəzi, dairə və ya məntəqə seçki komissiyasının sədrinə təqdim etdikdə həmin rəy səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında protokola əlavə olunmalıdır.