Xaçmazlılar seçkilərə mütəşəkkil hazırlaşırlar

post-img

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib.

“Seçki 2024” Müstəqil Media Mərkəzinin verdiyi xəbərə görə, avqustun 12-dən başlayaraq dörd gün ərzində 57 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının 300-ə yaxın üzvü treninqlərə cəlb olunub.

57 saylı Xaçmaz şəhər dairə seçki komissiyasının sədri Bəhram Ömərov bildirib ki, Milli Məclisə seçkilərin yüksək səviyyədə keçirilməsində treninqlər əhəmiyyətli rola malikdir.

Treninqlər MSK-nın “Treninq qrupu” tərəfindən hazırlanan cədvələ əsasən, təxminən 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə qruplar şəklində keçirilir. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələrinə dair protokol nümunəsi, bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.

Treninqlər, həmçinin şimal bölgəsində olan 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar və 61 saylı Qusar seçki dairələri üzrə də təşkil olunub. Qeyd edək ki, treninq layihəsi, ümumilikdə, 40 minə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.

Son xəbərlər