“Ötən ilin sentyabrında Azərbaycan suverenliyini tam bərpa etdi. Sürətli və uğurlu antiterror tədbirlərini həyata keçirməklə Azərbaycan özünün ərazi bütövlüyünə qarşı davamlı təhlükə yaradan amilləri aradan qaldırdı. Sözsüz ki, bu amil Azərbaycanda keçiriləcək parlament seçkilərinin də əhəmiyyətini xeyli yüksəltdi”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza deyib.
Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin ilk dəfə Azərbaycanın bütün ərazilərində baş tutacağını xüsusi vurğulayan beynəlxalq ekspert onu da bildirib ki, seçkilər hər bir ölkənin demokratik inkişafı baxımından vacibdir, bəzi hallarda isə regional təsir imkanına malikdir.
M.Brayza daha sonra COP29 ərəfəsində keçiriləcək seçkilərin Azərbaycanın qlobal nüfuzunu daha da gücləndirəcəyini və bu prosesi alqışladığını bildirib.