Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “Vətəndaşların seçki hüququnun təmin olunması” mövzusunda “dəyirmi masa” keçirilib.
Naxçıvan MR İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Günay Rzayeva tədbirdə çıxış edərək müvəkkil təsisatı tərəfindən muxtar respublikada vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi ilə bağlı vəziyyətin öyrənilməsi barədə, eləcə də müvafiq dövlət qurumları ilə birgə maarifləndirmə tədbirlərinin təşkili haqqında məlumat verib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxışında vətəndaş və siyasi hüquqların daha səmərəli təminatı və müdafiəsi sahəsində ardıcıl işlərin görüldüyü, seçki hüquqlarının təminatının daim diqqətdə saxlanıldığı və seçki qanunvericiliyi, seçki prosedurları barəsində məlumat verib.
MSK üzvü Nizami Nadirxanlı çıxış edərək parlament seçkiləri ərəfəsində komissiya tərəfindən görülən işlər və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.