Karbon qazından yağ alındı

post-img

Karbon qazı və sudan süni yolla yağ alınıb. Bu, elmi fantastika və ya zarafat kimi görünə bilər, lakin amerikalı sahibkar və milyarder Bill Qeyts CO₂-dən kərə yağı almaq üçün iddialı bir layihəyə sərmayə qoyub. 

Hazırda müxtəlif biokimyəvi texno­logiyalardan istifadə edilməklə havadan alınan karbon dioksiddən, eləcə də sudan çıxarılan hidrogendən yağların hazırlan­ması texnologiyası üzərində iş gedir. Bu texnologiyaya görə, termokimyəvi proses vasitəsilə atmosferdən alınan su və CO₂ yağ turşularına, sonra isə yağa çevriləcək. Maraqlıdır ki, kərə yağı istehsalı prosesin­də heyvan, bitki və ya kənd təsərrüfatı tor­paqlarından istifadə edilməyəcək.

Bu ideyanın təşəbbüskarı “Orca Scien­ces”ın himayəsi altında fəaliyyət göstərən və milyarder Bill Qeytsdən sərmayə alan “Savor” şirkətidir. Şirkətdən bildiriblər ki, yeni layihənin məqsədi istixana qazı emis­siyalarını azaltmaq və alternativ qida məh­sullarının istehsalını təşkil etməkdir. 

Bill Qeytsin sözlərinə görə, süni yağın istehsalı prosesində daha az sudan istifadə ediləcək. O bildirib ki, yeni məhsul əsl yağ kimi dadlıdır. Onun molekulyar quruluşu ənənəvi yağ variantları ilə demək olar ki, eynidir, lakin tərkibində qatışıqların olma­ması səbəbindən daha təmizdir. Gələcəkdə süni yağların əsasında kəsmik, dondurma, pendir və s. ağartı məhsullarının istehsalı da təşkil ediləcək.

Hazırkı mərhələdə xərcləri azaltmaq və qiymətlərin əlçatanlığını artırmaq üçün bu məhsulun istehsalının genişləndiril­məsi məsələsini həll etmək qalır. Şirkətin nümayəndələri gələcəkdə dünyada ən çox istehlak edilən palma yağı problemini həll etməyə çalışdıqlarını da bildiriblər. 

Bundan əlavə, elm adamları belə qida­ların fotosintezdən asılı olmadığını hesab edirlər və buna görə də istənilən miqyasda qida maddələrinin sintezi təbii ekosistem­lərin torpaqdan, kənd təsərrüfatı məhsul­larından asılılığını azaldacaq. Bu, eyni zamanda, kənd təsərrüfatı ilə bağlı bir çox ekoloji xərclərin qarşısını alacaq. 

Sonda vurğulayaq ki, yuxarıda qeyd etdiyimiz üsulla bütün üzvi birləşmələrin əsasını təşkil edən karbon və hidrogen yeni məhsulların yaradılması üçün geniş im­kanlar açacaq. 

PÜNHAN
XQ

Son xəbərlər