İyunun 20-də Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumunun açılış mərasimi olub.
Məclisdə COP29-un İqlim üzrə gənclər çempionu, QHGT-nin sədri Leyla Həsənova gənclərin qlobal problemlərin həllində iştirak etmələrinin son dərəcə vacib olduğunu bildirib: “Bu gün biz iqlim dəyişikliyi ilə bağlı yeni normanı modelləşdiririk. Biz başa düşürük ki, bu mübarizə bütün səviyyələrin, o cümlədən gənclərin və uşaqların iştirakını tələb edir”.
QHGT-nin son dövrlərdə fəaliyyətini və tədbirin loqo konsepsiyasını əks etdirən videoçarxın nümayişindən sonra COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dünyanın gələcəyi olan gənc liderlərin dinamik və yaradıcı qüvvəsinin beynəlxalq iqlim danışıqlarında mühüm rol oynadığını bildirib. Nazir gənclərin iqlim fəaliyyətində iştirakının vacibliyini vurğulayıb. Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov gəncləri tədbirdə fəal iştirak etməyə çağırıb, bütün iştirakçılara uğurlar arzulayıb.
COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərinin iqlim dəyişikliyi və ətraf mühitin davamlılığı məsələlərinə yönəlmiş müzakirələrə cəlb olunmalarının önəmindən bəhs edib. O, 121 ölkənin gənclərini birləşdirən ən böyük beynəlxalq gənclər təşkilatı olan QHGT platformasının gənclərin iqlim fəaliyyətinə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonda xatirə fotosu çəkilib.
***
Açılış mərasimindən sonra tədbir “Boşluqların doldurulması: iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlılıq tədbirlərində gənclərin mənalı iştirakının genişləndirilməsi” mövzusuna həsr olunmuş panel müzakirələrlə davam edib. QHGT-nin protokol və tədbirlərin təşkili üzrə meneceri Nəzrin Qasımovanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ali təhsil ocaqlarında elmi araşdırmaların aparılmasının vacibliyini bildirib.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva bildirib ki, COP29 gənclərin səsini eşitmək üçün gözəl fürsətdir. COP29-un adaptasiya, itki və zərər üzrə aparıcı danışıqçısı Elvin Əşrəfzadə gənclərin iqlimlə bağlı danışıqlara cəlb olunmalarına böyük əhəmiyyət verildiyini diqqətə çatdırıb.
Panel iclası müzakirələrlə davam edib.
Bakı və Şamaxı şəhərlərində 5 gün davam edəcək foruma QHGT-nin bir sıra Milli Bölmələrinin nümayəndələri, yerli və əcnəbi gənclər, həmçinin dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri kimi yüksək səviyyəli qonaqlar və ekspertlər qoşulublar.
XQ