“Sağlam ailə modeli və nikah hüququ” mövzusunda ictimai dinləmə

post-img

Dünən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda birgə ictimai  dinləməsi keçirilib.

Müzakirəni giriş sözü ilə açan Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova  erkən nikahların, qohum evliliklərinin hazırda aktual məsələlərdən olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, məsələyə dair parlamentə qanun layihəsi daxil olub və komitə iclasında geniş müzakirə edilib.

Komitə sədri daxil olan qanun layihəsində nikah yaşının bir ildən çox olmayaraq azaldılması halının aradan qaldırılması ilə bağlı dəyişikliyin təklif olunduğunu, yetkinlik yaşına çatmayanla qeyri-rəsmi nikaha daxil olan şəxs və buna şərait yaradan valideynlər barəsində İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində məsuliyyətin nəzərdə tutulduğunu deyib. Hicran Hüseynova 2011-ci ildə  Milli Məclisin deputatı olarkən Birinci vitse-prezident ­Mehriban Əliyevanın təşəbbüsü ilə Ailə, həm də Cinayət Məcəlləsinə edilən dəyişikliklərin müsbət nəticələr verdiyini diqqətə çatdırıb. Qanunvericiliyə edilən son dəyişikliklər də ölkəmizdə ailə institutunun gücləndirilməsinə, sağlam ailə modelinin, düzgün ailə münasibətlərinin qurulmasına öz töhfəsini verəcək.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərin mahiyyəti barədə danışıb. Dinləmədə deputatlar, aidiyyəti qurumların, həmçinin  QHT-lərin nümayəndələri  və digər rəsmi şəxslər  çıxış edərək  qohum nikahların fəsadlarından, milli genofonda vurduğu ziyanlardan qanunvericiliyin sərtləşdirilməsinin əhəmiyyətini, bu sahədə həyata keçirilən dövlət siyasəti ilə bağlı fikirlərini bölüşüblər.

Əliqismət BƏDƏLOV
XQ

 

Son xəbərlər