Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda yüksək səviyyəli 29-cu toplantının rəsmi açılış mərasimi keçirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə moderator – Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin toplantını açdıqdan sonra Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. (Müraciətin mətni qəzetin 21 iyun nömrəsində dərc olunub)
Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.
Tədbirdə çıxış edən İ.Serageldin bildirib ki, Kyoto Protokolunun bağlanmasından 30 ilə yaxın müddət keçib. Geriyə baxsaq, 1997-ci ildə iqlim tullantılarının qarşısını almaq üçün ilk səylərin başladığı zamanla indiki vaxt müqayisə oluna bilməz.
Azərbaycanın bu il COP 29-a evsahibliyi etməsinin onları məmnun etdiyini vurğulayan İ.Serageldin bildirib: “Biz komandamızla sıx işləyirik, müzakirələr aparırıq. Biz həm Pakistanda, həm də Hindistanda 52 dərəcədən yuxarı rekord istini gördük, bu da bir insan üçün inanılmaz dərəcədə çətindir. Ümumiyyətlə, qlobal istiləşmə, iqlim dəyişikliyi bütün bəşəriyyət üçün çox ciddi problemdir”.
Azərbaycanın COP29-u inklüziv, şəffaf və ədalətli şəkildə təqdim etməyə sadiq olduğunu vurğulayan COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev diqqətə çatdırıb ki, COP29 Sədrliyi olaraq bütün fikirləri eşitmək, iqlim dəyişikliyi üçün hər kəsi ortaq həllər tapmağa səsləmək vacibdir.
Nazir, həmçinin qeyd edib: “Ötən aylar ərzində komandamız müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və dərin məsləhətləşmələr aparıb. Bu görüşlər ambisiyaları artırmaq və hərəkətə keçmək üçün yeni fürsətlər yaradıb”.
BMT Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər və müdafiə naziri Maria Fernanda Espinoza Azərbaycanın evsahibliyi edəcəyi COP29-a hazırlıq məqsədilə təşkil olunan Yüksək Səviyyəli 29-cu Toplantıda bir araya gəlməkdə məqsəd iqlim dəyişikliyi ilə mübarizədə əsas məsələlərlə bağlı müzakirələr aparmaq olduğunu deyib. Bildirib ki, COP-un bu günü və gələcəyi hamımız üçün mühümdür.
M.Espinoza vurğulayıb ki, COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq. İnanırıq ki, tədbir prosesə inamı və legitimliyi gücləndirəcək.
COP29-un bəşəriyyət ilə təbiət arasında sülhün bərqərar edilməsi üçün keçirilən tədbir olduğunu bildirən qonaq deyib: “Biz uğurun bir hissəsi və COP29-un səfirləri olmaq istəyirik”.
CGIAR şirkətinin icraçı direktoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş elmi işçisi İsmahane Elouafi qeyd edib ki, COP29-da müzakirə olunacaq məsələlər problemdən həll yollarının tapılması istiqamətində çox vacibdir. “Ümid edirəm ki, gələcək nəsillərə dünyanı daha sağlam və yaşanıla biləcək bir yer olaraq ötürə bilərik”, – deyə o vurğulayıb.
İqlim dəyişikliyi probleminin həlli üçün təcili birgə fəaliyyət göstərməyin vacibliyini qeyd edən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tədbir iştirakçılarına videomüraciəti zamanı diqqətə çatdırıb ki, iqlim dəyişikliyi probleminin həlli üçün təcili birgə fəaliyyət lazımdır. Dünyada bu problemlə bağlı yaşanan hadisələr iqlim dəyişikliyi ilə mübarizə üçün kollektiv fəaliyyətə təcili ehtiyac olduğunu aydın surətdə xatırladır. Biz birlikdə davamlı həll yollarına marağı artıra və gələcək nəsillər üçün daha sağlam dünya yarada bilərik.
Milyonlarla insanın Asiyada həddindən artıq istidən əziyyət çəkdiyini bildirən T.Qebreyesus iqlim dəyişmələrinin vəba, malyariya kimi xəstəliklərinin sürətlə yayılmasına səbəb olduğundan narahatlığını ifadə edib.
“İqlimin mülayimləşdirilməsindən əldə olunan gəlirlərlə hər il milyonlarla insanın həyatını xilas edə bilərik. Xərclənən hər 1 dollar 4 dollardan çox gəlir gətirə bilər. Bu tədbirlərə həssas insanları istilik dalğalarının təsirindən qorumaq, səhiyyə müəssisələri üçün bərpaolunan enerjiyə sərmayə qoymaq, ətraf mühiti çirkləndirən yanacaqlara subsidiyaların verilməsini dayandırmaq daxildir”, – deyə o vurğulayıb.
Bəşəriyyətin iqlim dəyişikliyinə və bu qlobal problemin həlli yolunda hərəkətsizliyə görə fəlakətin astanasında olduğunu diqqətə çatdıran BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos videomüraciətində planetin xilası geosiyasi parçalanmanın girovuna çevrilə biləcəyindən narahatlığını ifadə edib.
Migel Anxel Moratinos qeyd edib: “Unutmayaq ki, problemin həlli təkcə iqlimə deyil, iqtisadi rifaha və davamlı inkişafa da kömək etmək imkanı yaradır. İqlim dəyişikliklərini həll etmək planeti və həssas insanları qorumaq deməkdir”.
Tədbirə videoformatda qoşulan digər qonaqlar – BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima, Finlandiyanın sabiq Prezidenti Tarya Halonen, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktorunun müavini, Nüvə Elmləri və Tətbiqləri Departamentinin rəhbəri Nəcat Moxtar, Böyük Britaniyanın sabiq Baş naziri Qordon Braun iqlim dəyişikliyi ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. Natiqlər qlobal problemlərdən biri olan iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir işini panel iclaslarla davam etdirib.
***
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıq məqsədilə keçirilən “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda yüksək səviyyəli 29-cu toplantının ilk gününün birinci panel iclası “Çağırışın statusunun icmalı” mövzusuna həsr olunub.
Bosniya və Herseqovinanın sabiq Baş naziri və xarici işlər naziri Zlatko Laqumdziyanın moderatorluğu ilə keçirilən müzakirələrdə çıxış edən COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 komandasının iyul ayında yeni beynəlxalq tədbir təşkil edəcəyini diqqətə çatdırıb. O deyib ki, iqlim dəyişikliyi ilə mübarizə məsələlərini müzakirə etmək üçün tərəfləri daha qeyri-rəsmi şəraitdə bir araya gətirmək üçün bu vacibdir.
Dünyadakı icmaların iqlim dəyişikliyinin təsirindən əziyyət çəkməkdə davam etdiklərini söyləyən baş danışıqçı beynəlxalq ictimaiyyətin havanın temperaturunun yüksəlməsinin 1,5 Selsi dərəcədə saxlanılması ilə bağlı Paris sazişindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyini vurğulayıb.
İqlim dəyişikliyi ilə mübarizədə maliyyəyə ehtiyac duyulduğunu bildirən Y.Rəfiyev bu maliyyələşmənin təkcə dövlət sektoru ilə məhdudlaşmalı olmadığını deyib, orada özəl sektorun iştirakının da vacibliyinə diqqət çəkib.
Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev Azərbaycanda keçiriləcək COP 29-un uğurlu olacağından əmiliyini ifadə edib. Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə uğur qazanmaq istəyiriksə, fikirlərimizi beynəlxalq tribunalardan və yüksək səviyyədə çatdırmağı bacarmalıyıq. “Azərbaycan gələcək nəsillərə təmiz, yaşıl gələcək təmin etmək üçün çox vacib bir işin öhdəliyini öz üzərinə götürüb”, – deyə o vurğulayıb.
“Əsas məsələ budur ki, hər kəs qlobal istiləşmə problemi ilə bağlı ortaq bir həll yolu tapmalıdır”, – deyən BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi əks halda, məsələnin həlli istiqamətində heç bir addım atmağın mümkün olmayacağını diqqətə çatdırıb. Qeyd edib ki, burada və COP29-la bağlı müzakirə olunacaq məsələlər son dərəcə vacibdir. Çünki hazırkı statistik göstəricilər vəziyyətin hansı dərəcədə olduğunu göstərir. Dünyanı dəyişdirmək üçün özümüzdən başlamalıyıq.
***
Toplantının ilk günündə aparılan müzakirələrdən biri də “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” mövzusunda olub.
Panel iclasa "Liberal International" təşkilatının prezidenti, Mərakeşin İqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, COP21-in vitse-prezidenti Hakima El Haite moderatorluq edib.
COP29-un Təşkilat Komitəsi Katibliyinin rəisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Bakıda keçiriləcək konfransın iqlim dəyişikliyi ilə mübarizəyə mühüm təsir göstərəcəyini deyib. O qeyd edib ki, COP29-un əsas mövzusu maliyyə məsələləridir. “Maliyyələşdirmə olmadan iqlim dəyişikliyinin mənfi nəticələrini aradan qaldırmaq mümkün deyil. Bu altı ay ərzində bizim COP29 komandamız müxtəlif danışıqlar qruplarına daxil olan ölkələrlə məsləhətləşmələr apararaq onların fikirlərini dinləmək, prioritetlərini, mövqelərini anlamaq üçün dünyanın müxtəlif yerlərinə səfərlər edib və bu səfərlər çox uğurlu olub”, – deyə Prezident Administrasiyasının rəsmisi bildirib.
BMT-nin Məskunlaşma Proqramının sabiq icraçı direktoru Maimuna Mohd Şərif iqlim dəyişikliyinin qarşısının alınması üçün investisiya qoyuluşlarının zəruri olduğunu vurğulayıb. Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyətini qeyd edən M.Şərif deyib: “Daha yaxşı qlobal dəyişiklik üçün biz suallarımıza bu platformada cavab tapa bilirik. Xüsusilə təkrar emalda istifadə etdiyimiz bütün əşyaların iqlim dəyişikliyinə təsiri var. Daha xoşbəxt nəsil üçün təkliflərimiz çoxdur. Bunun üçün sülh mühitinə ehtiyacımız var”.
Çexiyanın sabiq Baş naziri Yan Fişer iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın önəmli işlər gördüyünü vurğulayıb. İqlim dəyişikliyi ilə mübarizədə siyasətçilərlə bərabər, elm adamları, tədqiqatçılar, beynəlxalq təşkilatları təmsil edən QHT-lərin rolunu qeyd edən Y.Fişer Azərbaycanda COP29-a yüksək səviyyədə hazırlıq görüldüyünü bildirib. Emissiyaların azaldılmasının vacibliyini vurğulayan qonaq deyib: “Biz bütün elmi araşdırmalarda görürük ki, emissiyaları azaltmaq üçün şirkətlər rəqabətədavamlı iqtisadi yollar axtarır, araşdırmalar aparırlar". Yan Fişer su problemlərinin həll olunmasında özəl və dövlət sektorlarının bir-biri ilə əlaqəli şəkildə əməkdaşlıq etməsinin müsbət nəticə verəcəyindən əminliyini ifadə edib.
COP29-un ilin ən vacib tədbirlərindən olduğunu vurğulayan Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç Bakda keçirilən toplantıdan gözləntilərinin çox olduğunu bildirib. “Biz bu tədbir çərçivəsində gələcəyimizi müəyyən edir, planetin üzləşdiyi problemləri müzakirə edirik”, – deyə o diqqətə çatdırıb.
Panel iclas sual-cavab sessiyası ilə başa çatıb.
***
İyunun 19-da “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda yüksək səviyyəli 29-cu toplantının ilk gününün sonuncu panel iclası “İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri” mövzusuna həsr olunub.
İclasda çıxış edən İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin sabiq Baş direktoru, iclasın moderatoru Valter Fust iqlim dəyişikliyi ilə mübarizədə ölkələr və beynəlxalq təşkilatlar arasında əlaqələrin, eləcə də medianın təsirinin böyük olduğunu deyib. Bu işdə medianın səfərbər edilməsinin və fəallığının artırılmasının vacibliyinə diqqət çəkən V.Fust bir neçə il əvvəl Davosda Dünya İqtisadi Forumunda ərzaq təhlükəsizliyi ilə bağlı sessiyada çıxışını xatırladıb. Onun sözlərinə görə, həmin iclasda bir çox mütəxəssis belə qənaətə gəlib ki, su probleminə toxunmadan heç vaxt qida təhlükəsizliyindən danışmaq olmaz.
Moldovanın sabiq Baş naziri Kirill Qaburiç bildirib ki, iqlim dəyişikliyinin zərər verdiyi sahələrdən biri də şirin su qaynaqlarının azalmasıdır. Su problemi biomüxtəliflik üçün ciddi təhlükə mənbəyidir. Sağlam planet və sağlam insanlar üçün yeni həll yolları tapılmalıdır. Bu işdə sadəcə dövlətlər deyil, şəxslər də iştirak etməlidirlər.
BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Caba Korosi istiləşmədən yaranan problemlərin müxtəlif sahələrdə özünü büruzə verdiyini qeyd edib. Qlobal istiləşmə ilə bağlı problemin həllini tapmaq üçün bütün aspektləri nəzərdən keçirməyin vacibliyini söyləyən C.Korosi deyib: “Bakıda keçiriləcək COP29-da sözügedən bütün aspektlərə toxunulacaq, geniş müzakirələr aparılacaq. Düşünürəm ki, insanların informasiyalarının artırılması bu məsələdə bizə kömək edə bilər”.
Qida təhlükəsizliyi üçün qlobal tədqiqat tərəfdaşlığı şirkəti olan CGIAR-ın icraçı direktoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş elmi işçisi İsmahane Elouafi qlobal istiləşmə problemini yaradan amillərdən bəhs edərək bildirib ki, bu məsələdə insanların rolu olduqca böyükdür: “Hər kəs anlamalıdır ki, yaşadığımız planet bizimdir və onu qorumalıyıq. Hazırda düşünülən ən dəhşətli məqam bizim sözügedən problemi özümüzdən sonra gələn nəsillərə ötürməyimizdir”.
***
İyunun 20-də “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda yüksək səviyyəli 29-cu toplantının ilk panel iclası “Elm, texnologiya və innovasiyanın rolu” mövzusuna həsr olunub.
Tədbir Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiçin moderatorluğu ilə keçirilib.
Miliça Peyanoviç-Durisiç bildirib ki, biz hazırda elm, texnologiya və innovasiyaların inqilabi dəyişikliklərinin yaratdığı inanılmaz zamanda yaşayırıq. Yeni biologiya, İKT və süni intellektin fövqəladə vəziyyətindəki inqilablar, bütün imkanlar artıq əlçatandır. Bütün bunların iqlim dəyişikliyi fonunda gələcək nəsillərə necə çatdırılmasının və ancaq faydalar üçün istifadə etməyin yollarını tapmaq əsas məqsədimizdir.
Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev Azərbaycanda İKT sektorunun inkişafına xüsusi diqqətin göz önündə olduğunu vurğulayıb. Deyib ki, hazırda Azərbaycan Çin ilə İKT sahəsində çox sıx əməkdaşlıq edir.
C.Otorbayev bildirib ki, ölkəni innovasiyalar məkanına çevirmək üçün İKT sektorunda çalışan mütəxəssislərin kritik kütləsini toplamaq şərtdir. Bu baxımdan COP29-un önəmli platforma olacağını deyən sabiq Baş nazir Azərbaycanın bunun öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edib.
Rumıniyanın sabiq Baş naziri Petre Roman Xəzər dənizinin suyunun getdikcə azalmasının son illərdə böyük narahatlıq doğurduğunu qeyd edib.
O bildirib ki, Xəzər dənizinin dibində baş verən tektonik hadisələr suyun səviyyəsinin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axınında da azalma müşahidə edilir.
COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai Azərbaycanın milli və beynəlxalq səviyyədə əməkdaşlığı gücləndirməyə sadiq olduğunu vurğulayıb.
O bildirib ki, COP29-da əsas prioritet iqlim dəyişikliyi problemlərinin həllinə sərmayə cəlb etməkdir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Nüvə elmləri və tətbiqləri departamentinin koordinatoru Jan-Pyer Kayol isə vurğulayıb: “İnnovasiyaların artırılması iqlim dəyişikliyi ilə bağlı qlobal prosesdə həlledici rol oynayacaq. COP29 çərçivəsində daha çox nüvə təhlükəsizliyi mövzularının olmasını vacib hesab edirəm. Düşünürəm ki, bu sahəyə təkcə dövlət deyil, həmçinin özəl sektor cəlb olunmalıdır. Bu baxımdan COP29-u yaxşı fürsət kimi dəyərləndirmək olar".
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bu il Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən yüzlərlə zəvvarın həlak olduğunu xatırladaraq deyib: “Bu, iqlim dəyişikliyinin əsas göstəricilərindən biridir. Biz təkcə 2025–2026-cı illər deyil, uzunmüddətli gələcək naminə iqlim dəyişikliyi problemlərini diqqət mərkəzində saxlamalıyıq”.
O bildirib ki, COP29 bu gün görülmüş və görüləcək işlərin nəzarətdə saxlanılması üçün vacib tədbirdir.
Panel müzakirə sual-cavab sessiyası ilə başa çatıb.
***
İyunun 20-də – “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda yüksək səviyyəli 29-cu toplantının ikinci günündə “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti” mövzusunda panel müzakirələri olub.
Panel iclasının moderatoru – Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqat Mərkəzləri Konsorsiumunun (CGIAR) icraçı direktoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş alimi İsmahane Elouafi iqlim dəyişikliyinin qarşısının alınması üçün hər bir sektorda görülə biləcək ən yaxşı işin emissiyaları azaltmaq və fəaliyyətin səmərəliliyini artırmaq olduğunu qeyd edib. Deyib ki, bunun üçün ərzaq və kənd təsərrüfatı sektoru həqiqətən dəyişdirilə bilər.
O bildirib ki, istixana qazlarının aradan qaldırılmasına böyük töhfə verə biləcək fəaliyyət həyata keçirmək və beləliklə, bəşəriyyətin iqlim dəyişikliyi problemini həll etmək üçün irəli sürülən həllərin tərkib hissəsi məhz kənd təsərrüfatı sisteminin səmərəli fəaliyyətidir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin son illərdə təbii fəlakətlərin aqrar sektora 3 trilyon dollardan çox zərər vurduğunu deyib. Qeyd edib ki, kənd təsərrüfatı istehsalı və ərzaq təhlükəsizliyi, həmçinin iqlim dəyişikliyi, pandemiya, epidemiya və silahlı münaqişələrdən də zərər çəkir.
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova diqqətə çatdırıb ki, ölkəmizin kənd təsərrüfatı sektoru iqlim dəyişikliyi, o cümlədən temperaturun dəyişməsi, yüksəklikdə yağıntıların norması və ekstremal hava hadisələrinin artması ilə bağlı əhəmiyyətli risklərlə üzləşir.
Ölkəmizdə kənd təsərrüfatı sahəsində tərəfdaşlıq sistemi haqqında məlumat verən nazir müavini deyib: “Buna görə də COP29-da ərzaq təhlükəsizliyi və qida məsələləri ilə bağlı bu çağırış bizim üçün vacibdir. Azərbaycanın kənd təsərrüfatı sahəsində məhsuldarlığını, ərzaq təhlükəsizliyini və kənd icmalarının rifahını yaxşılaşdırmaq əsas məqsədidir. Azərbaycanın hazırda bütün dünyada iqlim dəyişikliyi və ətraf mühitin qorunması məsələlərinə sadiqliyini bildirən Prezident İlham Əliyevin 2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan etməsi buna bariz nümunədir”.
İ.Qədimova vurğulayıb ki, hazırda Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət dəstəyi ilə dronlar, robotlaşdırılmış texnika və elmin ən yeni nailiyyətləri tətbiq olunur. Bu isə ərzaq və qida təhlükəsizliyinə töhfə verir.
Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç COP29-dan yüksək nəticə gözlədiyini deyib. Bildirib ki, hazırda bütün dünyada meyvə və su problemi var. “Biz bilirik ki, qlobal miqyasda istehsal olunan ərzaq məhsullarının təqribən 40 faizi israf edilir, hər bir ölkədə həddindən artıq ərzaq istehsalı baş verir. Ərzaq çatışmazlığı yoxsul ölkələrdə insanların həyatı və sağlamlığı üçün təhlükəli, ölüm halları doğuran səbəblərdəndir”, – deyə o əlavə edib.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz əl-Tüveycri bütün dünya əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunmasının zəruriliyini vurğulayıb. O, COP29-un da bu istiqamətdə atılan mühüm addım olacağına inandığını bildirib.
COP29-un əhəmiyyətini vurğulayan Əbdüləziz əl-Tüveycri bildirib ki, bu tədbir bütün dünya dövlətlərini aclıq və müharibələrdən əziyyət çəkən ölkələri dəstəkləməyə çağırmaq üçün bir vasitədir. Ərzaq çatışmazlığından əziyyət çəkən ölkələri dəstəkləmək bütün bəşəriyyətin gələcəyinə veriləcək dəstəkdir.
Panel iclası mövzu ətrafında müzakirələrlə yekunlaşıb.
***
“COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda yüksək səviyyəli 29-cu toplantının növbəti panel iclasında “İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi” mövzusunda müzakirələr aparılıb.
Dünya Bankının Şərqi və Cənubi Afrika regionu üzrə sabiq vitse-prezidenti Hafez Qanemin moderatorluğu ilə keçirilən panel iclasda çıxış edən COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dünyanın inkişaf etmiş ölkələrinin iqlim dəyişikliklərinin maliyyələşdirilməsini qrant layihələri formasında həyata keçirdiklərini bildirib. İnkişaf etmiş ölkələrin iqlim dəyişikliyi zamanı necə hərəkət etdiklərini və bu sahədə maliyyələşdirmənin nə qədər böyük olduğunu görməliyik. BMT-nin yaz sessiyasının iclasları göstərdi ki, orada resurs var. Deməli, maddi vəsait artıq mövcuddur, lakin onu bazarlara çatdırmaq mexanizmi yoxdur.
Y.Rəfiyev qeyd edib ki, sözügedən bu sahədə özəl sektorun da iştirakı çox vacibdir. “Biz təkcə dövlət vəsaitinə güvənməməliyik, çünki söhbət gedən mükafatları, milyardları təkcə dövlət vəsaitlərinin resursları hesabına ödəmək mümkün deyil. Biz mütləq özəl sektoru COP29-a cəlb etməliyik. Bir sıra ölkələrdə iki istiqamətə və potensial investorlara, həmçinin korporativ sosial məsuliyyət portfelinin bir hissəsi kimi korporativ sosial məsuliyyətə ehtiyac duyulur. Digər bir məsələ dövlətlərin ölkə platformaları kimi bəzi təşəbbüslərlə çıxış etmələri, bəzi təşəbbüslər irəli sürmələridir”, – deyə nazir müavini əlavə edib.
COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib ki, bir sıra ölkələr yer üzünü çirkləndirdikləri üçün hələ də inkişaf edirlər. Onların mövcud olan istixana qazlarından istifadə etmək imkanları yoxdur. Bir sıra dövlətlərin mövqeyi isə dünya ictimaiyyətinin gələcəyinə daha çox uyğun gəlir. Çünki onların tutduqları yol hər bir dövlətin milli maraqlarına uyğundur.
Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov qeyd edib ki, Avropada (müsəlmanların sayı 44 milyon nəfərdir) və ABŞ-da (müsəlmanların sayı hazırda 3,5 milyon nəfərdir), ümumiyyətlə, dünyada İslam maliyyələşməsi sürətlə genişlənir. 2060-cı ilədək dünyada müsəlmanların sayı 3 trilyon nəfərə çatacaq.
“Son illərdə İslam İnkişaf Bankının maliyyə vəsaiti 4 dəfə artıb. Hazırda İslam İnkişaf Bankının əməliyyat kapitalı 70 milyard dollar təşkil edir”, - deyən sabiq nazir bildirib ki, bu, demək olar məcburi deyil, xeyriyyə təşkilatlarından könüllü şəkildə, fondlara islami ianələrdən yığılan vəsaitdir. Yoxsulluğun aradan qaldırılması üçün İslam sosial maliyyəsinin potensialı çox böyükdür.
“Mən xüsusilə buna diqqət çəkmək istəyirəm. Çünki müsəlman əhalinin sayı dünyada artacaq, 2060-cı ildə dünyada 3 trilyon müsəlman olacaq və buna görə də bizim xüsusi diqqətə ehtiyacımız var. Çünki bu gün müsəlman ölkələrində iqlim böhranı artır”, - deyə o qeyd edib.
Tədbir müzakirələrlə davam edib.
***
“COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda yüksək səviyyəli 29-cu toplantının ikinci gününün sonuncu – 4-cü panel iclası “Eyni planet, eyni sağlamlıq: davamlı gələcək üçün birləşmək” mövzusunda olub.
İclasın moderatoru – Serbiyanın sabiq Prezidenti Boris Tadiç bildirib ki, sağlamlıq və iqlim dəyişikliyinin kəsişməsi dövrümüzün ən kritik çağırışlarıdır. İqlim dəyişikliyi mövcud sağlamlıq təhdidlərini gücləndirir və yeni risklər yaradaraq ən həssas əhaliyə qeyri-mütənasib şəkildə təsir göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, insanın fiziki vəziyyəti yaxşı olanda xəstəlikdən danışmır. Beləliklə, bütün inkişaf səylərində sağlamlıq bir nömrəli prioritet olmalıdır. COVID-19 bunu bizə çox yaxşı öyrətdi. COVID-19 bizə elə böyük sarsıntı yaşatdı ki, bu, bizdə çox primitiv bir amili - yaşamaq instinktini işə saldı.
“Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, COVID-19 bizə təxminən 14 trilyon dollara başa gəlib. Təkcə karantin xərcləri qlobal ÜDM-in 9 faizini təşkil edirdi. Biz etimad institutlarının itirilməsinin hələ də davam edən ictimai iğtişaşların və çoxtərəfli qərarların qəbuluna təsirlərinin dəyərini hesablaya bilmirik.
İndi biz COP29 adlı başqa bir çoxtərəfli qərar qəbuletmə prosesinə hazırlaşırıq. Söhbət, şübhəsiz ki, ekzistensial problemdən, iqlim dəyişikliyindən gedir. Amma bu dəfə qaçıb qapıları bağlamağa yer yoxdur”, – deyə o vurğulayıb.
Sloveniyanın sabiq Baş naziri Borut Pahor deyib ki, COP29-un ən güclü dəstək ola biləcəyi istiqamət vahid sağlamlıq yanaşması olar. Düşünürəm ki, biz COVID-19 böhranı zamanı beynəlxalq əməkdaşlığın son dərəcə vacib olduğunu gördük.
Qeyd edək ki, işini iyunun 21-də yekunlaşdıracaq tədbirin panel müzakirələrindən ikisi Zəngilan rayonunda təşkil olunacaq.
XQ