Rusiya XİN rəsmisinin İrəvana xatırlatmaları
Ermənistan, demək olar, hər gün Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə ziddiyyətlərini dərinləşdirməkdə davam edir. Doğrudur, rəsmi İrəvan, hələlik, qurumla yollarını tam şəkildə ayırdığını bildirmir. Baxmayaraq ki, bununla bağlı da müəyyən eyhamlar var, erməni iqtidarı indilik yalnız psixoloji gedişlərə əl atır, sözügedən qurumun toplantılarını boykot etməklə kifayətlənir. Məsələn, Ermənistan təmsilçisinin təşkilatın Xarici İşlər Şurasının bu gün Almatıda keçiriləcək iclasına qatılmayacağı da məlumdur.
Ermənistan–KTMT ziddiyyətləri 2022-ci ilin noyabrından aktiv fazaya daxil olub. Həmin vaxt quruma rotasiya qaydasında sədrliyi həyata keçirən baş nazir Nikol Paşinyan KTMT-nin İrəvanda düzənlənmiş ali səviyyəli toplantısında tələb etmişdi ki, təşkilat Azərbaycanı pisləyən qərar çıxarsın. Daha dəqiq desək, 2022-ci ilin sentyabrında Azərbaycan–Ermənistan şərti sərhədində yaşanan gərginliyi rəsmi Bakının işğalçılıq niyyəti kimi tanısın. Paşinyanın bu istəyi keçməmişdi. Bildirilmişdi ki, iki Cənubi Qafqaz ölkəsi arasında sərhədlər müəyyənləşmədiyindən, KTMT-nin məsuliyyət zonası aktiv deyil. Həmin vaxtdan etibarən rəsmi İrəvan qurumun Ermənistandakı məsuliyyət zonasını dəqiqləşdirməyəcəyi halda, onunla münasibətlərin əvvəlki qaydada olmayacağını vurğulamaqdadır. Elə o zamandan başlayaraq KTMT, o cümlədən, Rusiya Ermənistanın, necə deyərlər, nazı ilə oynamaqla məşğuldur. Əslində, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin fikirləri də rəsmi İrəvan üçün KTMT ilə münasibətləri yoluna qoymağı düşünmək şansıdır. Bu barədə söz açacağıq. Ancaq əvvəlcə bir paradoksal məqamı diqqətə çatdıraq.
Məsələ bundadır ki, Paşinyan administrasiyasının təmsilçiləri 2022-ci ilin sentyabrında yaşanan hərbi eskalasiya nəticəsində Azərbaycanın suveren Ermənistanın ərazilərinə qəsb gerçəkləşdirdiyi fikrini deməkdən usanmırlar. Bu ritorikadan beynəlxalq müstəvidə ölkəmizə qarşı anti-təbliğat vasitəsi olaraq “yararlanırlar”. Üstəlik, KTMT-nin Ermənistanın təhlükəsizliyini qorumaq baxımından, guya, zəifliyini önə çəkirlər. Paradoksallıq isə bundadır: N.Paşinyan daxili auditoriyaya hesablanmış bütün çıxışlarında bildirir ki, Ermənistanın sərhədlərini dəqiq müəyyənləşdirmək lazımdır. Onun sözlərindən belə nəticə hasil olur ki, indiyədək Ermənistan adlı dövlət, ümumiyyətlə, mövcud olmayıb və bundan sonra görüləcək işlər həmin dövləti gələcək nəsillərə miras kimi saxlamağa yönəlməlidir. Bir vaxtlar Nikolun Ermənistan üçün “doğum şəhadətnaməsi” almaqla əlaqədar söylədikləri də fikrimizin təsdiqidir. Deməli, həqiqətən, KTMT-nin məsuliyyət zonası qeyri-müəyyəndir. O zaman rəsmi İrəvan qurumdan niyə şikayətlənir? Nəyin davasını aparır?
Belə qənaətə gəlirik ki, Ermənistan rəhbərliyinin bütün anti-KTMT davranışları planlaşdırılıb və onun mövcud xüsusda irəli sürdüyü fikirlər arqument deyil, yalnız bəhanələrdir. Yəni, rəsmi İrəvan Rusiyanın orbitindən tam şəkildə uzaqlaşmaq üçün bəhanələr axtarır və KTMT bu baxımdan yaxşı tutacaq yeridir. Qaluzin isə bildirir ki, Moskva Ermənistanın mövqeyindən geri çəkiləcəyini gözləyir. Yəni, haqqında söz açdığımız şans məntiqi elə budur.
Əlqərəz, Rusiyanın XİN rəhbərinin müavini deyir ki, Kreml İrəvanın KTMT platformasının regional təhlükəsizliyin təminatı məsələlərində əməkdaşlıq naminə hər cür imkanlar yaratdığını anlayacağına inanır: “Biz müttəfiq olaraq qalırıq. Ümidvarıq ki, erməni tərəfdaşlarımız regional təhlükəsizliyin təmin edilməsinin ən effektiv metodunun region dövlətləri arasında əməkdaşlıq olduğunu başa düşəcəklər. KTMT platforması bunun üçün hər cür imkan yaradır”.
Göründüyü kimi, M.Qaluzin, eyni zamanda, ölkəsinin Ermənistanın Cənubi Qafqaz regionuna kənar oyunçular cəlbi niyyətinə qarşı çıxdığını bəyan edir. O, dolayısı ilə İrəvanın gedişlərinin təhlükəsizliyə fayda verməyəcəyinin, əksinə durumu gərginləşdirəcəyinin anonsunu verir.
İkinci məqam “Region region ölkələri üçündür” deyimi ilə bağlıdır. Yəni, başlıca məsələ regional əməkdaşlığın saxlanılmasıdır. Bu əməkdaşlıqda mühüm halqa yenə də kənar oyunçuların dominant mövqeyinə imkan verməməkdir. Ancaq son günlər yaşanan proseslər onu göstərir ki, Ermənistan rəhbərliyinin istəyi oyun qaydalarını pozmaqdır. Məsələn, ABŞ Dövlət Departamentinin rəhbərinin müavini Ceyms O'Brayn İrəvana gəlir və faktiki olaraq bildirir ki, Azərbaycan–Ermənistan sülh müqaviləsi Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdırılmasına, ölkənin bölgədəki təsirini azaltmağa yönəlib. O, nəinki belə deyir, ümumən, məsələni Vaşinqtonun hədəfi formasında açıqlayır. Ermənistan rəsmiləri bununla razılaşmış kimi görünürlər...
Bundan başqa, son günlər Fransanın Ermənistanı silahlandırması ilə bağlı məsələ yenidən aktuallaşmaqdadır. Heç şübhəsiz, bu amil də regional təhlükəsizlik üçün ciddi təhdid yaradır. Nəzərə alsaq ki, hazırda Bakı–İrəvan sülh gündəliyi aktualdır, o zaman Fransanın hazırkı fəaliyyətinin, eləcə də Ermənistanın həmin fəaliyyətə adekvat davranışının hansı fəsadlara yol açacağını proqnozlaşdırmaq elə də çətin deyil.
Deməli, Paşinyan adminstrasiyası, ümumən, regional təhlükəsizlik alətlərini heçə saymaq yolu tutur və anti-KTMT kursu da mövcud mənfi trayektoriyadakı mühüm siyasi gedişlərdən biridir. Yeri gəlmişkən, onu da diqqətə çatdıraq ki, baş nazir N.Paşinyan 2024-cü il başlayandan həmin kursu genişləndirməklə məşğuldur. Məsələn, o, fevral ayında bildirmişdi ki, ölkəsi qurumdakı iştirakını dondurub. Yazımızda Qaluzinin açıqlaması fonunda bu dondurmanın bir seqmentini xatırlatdıq. Yada salaq ki, rəsmi İrəvan mayın 31-də KTMT-nin Almatıda keçirilmiş Müdafiə Nazirləri Şurasının iclasında da iştirak etməyib. Bu günlərdə isə N.Paşinyan bildirib ki, hakimiyyət lazım bildiyi zaman ölkə qurumdan çıxacaq.
Qeyd etdiklərimizlə yanaşı, Ermənistanın baş naziri Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bağlı bir müddət əvvəlki mənfi fikirlərini də KTMT müstəvisində gündəmə gətirmişdi. “Gedib Belarus Prezidentinin yanında oturub Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatında məsələləri müzakirə etməliyəmmi? Mən bəyan edirəm ki, Aleksandr Lukaşenko bu ölkənin Prezidenti olduğu müddətdə bir daha Belarusa getməyəcəm”, – deyən Paşinyan həddini aşaraq onu da bildirmişdi ki, Lukaşenko erməni xalqından üzr istəməlidir.
Bu yerdə cənab Lukaşenkonun Paşinyana cavabını xatırlatmaqla yazımızı bitirək. Hesab edirik ki, bu cavab Ermənistanın həm anti-KTMT kursuna, həm də ümumən xarici siyasətinin motivlərinə verilən ən yaxşı qiymətdir: “Qulaq asın, bu, axı gülməlidir. O deyir ki, qoy, Lukaşenko üzr istəsin. Yaxşı, mən indi, bu dəqiqə, hər kəsin qarşısında hazıram. Üzr istəyirəm, əzizim, amma sən iyrənc insansan. Daha bir şey… Bizdə artıq yaşıl köynəkdə, daha bir şey tələb edən belə bir iyrənc insan olub. Onunla artıq hər şey aydındır. Lakin bu Paşinyan bir zamanlar mənə gecə zəng vurub xahiş edirdi ki, onu Putinlə barışdırım. Mən həmin vaxt ona kömək etdim. Vladimir Vladimiroviç (Putin) mənə demişdi ki, Aleksandr Qriqoryeviç, bir bilsəniz bu Paşinyan necə bezdirib. O, bir az başqa cür demişdi, sadəcə indi sizə yumşaq formada deyirəm. O zaman xahiş etdim, onlar Moskvada görüşdülər. İndi mənə belə “təşəkkür” edir”.
Ə.CAHANGİROĞLU
XQ