Azərbaycanın həm COP29-a hazırlıq, həm də sonrakı dövr üçün “Yol xəritəsi” hazırdır
Xeyli müddətdir ki, dünyada baş verən iqlim dəyişmələri ilə mübarizə qlobal gündəliyi zəbt etmiş mövzulardan biri kimi həlli vacib prioritet məsələlərdən sayılır. Artıq Yer sakinlərinin ortaq probleminə çevrilmiş iqlim böhranının fəsadları əksər ölkələrin sabit inkişafına əngəl törətməklə yanaşı, sadə insanların gündəlik həyatına, onların güzəranına əhəmiyyətli dərəcədə təsir göstərməkdədir.
Bakının vəziyyətdən çıxış yollarını birlikdə aramaq barədə çağırışları getdikcə daha geniş əks-səda verməkdədir. Ölkəmizin planetin qlobal gündəliyində duran aktual məsələlərin həlli istiqamətində irəli sürdüyü yeni yanaşmaların, təklif etdiyi “Yol xəritəsi”nin beynəlxalq miqyasda təqdir olunması, “böyük güclər” tərəfindən müsbət dəyərləndirilməsi hamının bildiyi faktdır. Hazırda dünyanın “yaşıl nəbzi”nin Bakıda vurduğu isə hətta, Azərbaycanı xoşlamayan ölkələrin belə qəbul etdiyi danılmaz həqiqətdir. Bu, eyni zamanda, son illər beynəlxalq miqyaslı, çox nüfuzlu tədbirlərə yüksək səviyyədə evsahibliyi etmiş ölkəmizə olan inamın daha da artmasının göstəricisidir.
* * *
Bu gün Azərbaycan liderinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərin biri dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsidir. Məhz bu baxımdan Azərbaycanda keçiriləcək COP29 tədbiri böyük əhəmiyyətə malikdir. Ölkəmiz BMT-nin bu mötəbər sammitinə hərtərəfli hazırlaşır. Bakının məqsədi ev sahibi kimi iqlim kataklizmlərindən əziyyət çəkən bütün ölkələrlə körpülər qurmaqdır. Noyabr sammitində təmsil olunacaq dövlətlərin coğrafiyası, Azərbaycana təşrif buyuracaq xarici qonaqların sayı bunun üçün bütün şərt və imkanları yaradacaq. Bu günədək keçirdiyi beynəlxalq miqyaslı çoxsaylı tədbirlərdə olduğu kimi, bu dəfə də Azərbaycanın hamı üçün faydalı və kəsərli sözünü deyəcəyi şübhəsizdir. Sammit iştirakçılarının Bakıda eşidəcəkləri qlobal çağırışlara qarşılıq verəcəklərini, həmrəylik nümayiş etdirəcəklərini indidən söyləmək olar.
Beləliklə, noyabr ayında Bakı dünyaya “yaşıl nəfəslik” açmağa hazırlaşır. Azərbaycan Prezidentin söylədiyi kimi, bu, böyük siyasətdir və ölkəmiz bundan ötrü vahid platforma yarada bilər. Bu nöqteyi-nəzərdən ötən ilin sonunda Azərbaycan dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etmək şərəfinə layiq görülməsini həm də tarixi fürsət kimi dəyərləndirir.
“Bildirmək istərdim ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir. Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlərlə birgə əməkdaşlıq çərçivəsində ağıllı həllər tapmağa çalışacaq. Eyni zamanda, biz töhfə vermək istəyən qeyri-hökumət təşkilatları və beyin mərkəzləri ilə əməkdaşlığa açığıq”. Azərbaycan Prezidenti İlham Əliyev bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli 29-cu toplantının iştirakçılarına müraciətində bildirib. Dövlətimizin başçısı toplantı iştirakçılarına müraciətində COP29-a hazırlıqla bağlı Bakıda başlayıb, işğaldan azad edilmiş Zəngilanda yekunlaşacaq tədbir çərçivəsində dəyərli qonaqların, tərəfdaşların Azərbaycanla zəngin təcrübə və biliklərini bölüşərək dəstək göstərmək səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.
Qlobal istiləşmənin qarşısını almaq üçün bu günədək dünya ictimaiyyəti tərəfindən mühüm addımların atıldığına diqqəti çəkən Azərbaycan lideri qarşıda hələ yeni çağırışların, gündən-günə ciddiləşən problemlərin dayandığını da xatırladıb. BMT-nin bu mötəbər tədbirinə sədrliyi öz üzərinə götürən Azərbaycanın bütün tərəflərlə səmimi və faydalı nəticəyə hesablanan dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və sammitin uğurla yekunlaşması üçün əlindən gələni edəcəyini əminliklə dilə gətirən İlham Əliyev müraciətinin sonunda COP29-a hazırlıq mərhələsində iqlim fəaliyyəti gündəliyinin irəli aparılacağına, planetimiz üçün həyati əhəmiyyət kəbs edən qərarların qəbuluna öz töhfəsini verəcəyinə inandığını xüsusi olaraq vurğulayıb.
* * *
Bu gün işğaldan azad edilmiş Zəngilanda öz işini başa vuracaq “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” toplantısı beş ay sonra Bakıda gerçəkləşəcək BMT-nin ən nüfuzlu iqlim sammitinə hazırlıq xarakteri daşısa da, üçgünlük müzakirə və debatlarda kifayət qədər maraqlı və aktual fikirlər səsləndi.
“Azərbaycanda COP29-a hazırlıq işləri intensiv şəkildə davam etdirilir. BMT-nun belə nüfuzlu tədbirinə hazırlıqla əlaqədar Azərbaycanın təcrübəsində dövlət sektoru ilə bərabər vətəndaş cəmiyyəti, media və özəl sektorun nümayəndələrinin də iştirakı böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, həqiqətən də, Azərbaycanda COP29-un təşkili ilə bağlı bütün tərəflərin – qeyri-hökumət təşkilatları, akademik dairələr, beynəlxalq təsisatların fikirləri ciddi şəkildə nəzərə alınır, iqlim sammiti ərəfəsində onların təqdim etdiyi məsələlər ciddi müzakirə edilir, bir çox aspektlərlə bağlı nəticə əldə olunur. Prezidentin köməkçisi COP29 sədri olaraq Azərbaycan üçün bütün fikirləri eşitmək, konsensusa əsaslanan proqram hazırlamaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün hər kəsin imkanını genişləndirən ümumi həll yollarının tapılmasının vacibliyini önə çəkib.
“COP29-un uğurla keçirilməsi üçün Azərbaycan Qoşulmama Hərəkatına sədrlik təcrübəsindən istifadə edəcək”. Bunu Azərbaycanın Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev dünən Bakıda Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkilatçılığı ilə iqlim fəaliyyətinə dair forumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi zamanı əldə etdiyi təcrübədən uğurla istifadə etmək barədə düşünür. “Azərbaycan çalışır ki, bütün ölkələr qarşılıqlı maraq doğuran məsələlərlə bağlı dəstəklərini ifadə etsinlər. Bütün tərəfləri iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərə əməl etməyə çağırsınlar”, – deyə qeyd edən M.Babayev COVID-19 ilə iqlim dəyişikliyinə qarşı kollektiv mübarizə arasında paralellərin aparılmasının əhəmiyyətli olduğunu da vurğulayıb: “Bu, bizə ümumi problemi həll etmək üçün bütün dünya səylərini birləşdirməyin vacibliyini göstərib. Son aylarda komandamız maraqlı tərəflər və müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və məzmunlu məsləhətləşmələr aparıb. Biz ümumi iqlim probleminin nəticələrini aradan qaldırmaq üçün bütün tərəflərin birgə işləməyə sadiq olduqlarını gördük”.
Nazir çıxışında onu da qeyd edib ki, Petersberq İqlim Dialoqu zamanı Azərbaycan komandası bu qlobal problemlə mübarizə üçün ambisiya və fəaliyyətin artırılmasına yönəlmiş COP29 üçün bir baxış ortaya qoyub: “İndi komanda ümumi plandan daha konkret istiqamətlərə keçməyə hazırdır”.
* * *
Hər şeydən göründüyü kimi, Azərbaycan bütün xarici tərəfdaşlarına özünün milli iqlim fəaliyyəti ilə bağlı planlarına dəstək olmaq, şəffaf hesabatları vasitəsilə öz ambisiyalarını yüksəltmələrinə kömək etmək üçün çalışır. Həmin plan və hesabatlar isə qarşılıqlı etimadın yaradılmasına, eləcə də ortaya qoyulacaq sərmayəni düzgün istiqamətləndirməyə kömək edə bilər. Burada söhbət cəmiyyətin hər bir üzvündən gedir. Həmin üzvlərin arasında yetişməkdə olan gənc nəsil isə fövqəladə əhəmiyyətə malikdir. Hazırda iqlim dəyişmələri ilə bağlı Azərbaycanın təhsil sahəsində də müəyyən addımlar atılır, orta məktəblərdə maarifləndirmə işləri aparılır. Etiraf etmək lazımdır ki, bu, çox sevindirici haldır. Azyaşlılar arasında ekoloji maarifləndirmə fəaliyyətinə nəinki orta məktəbdən, hətta uşaq bağçasından başlanılmalı, onlara qlobal iqlim dəyişmələrinin fəsadları, təbiətə və insanlara zərərli təsirləri anlaşılan formada öyrədilməlidir. Bunu sürətlə korlanmaqda olan su, hava, torpaq, yerin təki kimi, millətin genefondu da tələb edir.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi
Azərbaycan bu ilin noyabr ayında iqlim dəyişikliyi ilə bağlı BMT-nin çox nüfuzlu tədbirinə evsahibliyi edəcək. Bu baxlımdan ölkəmiz təkcə bölgədə deyil, bütün dünyada baş verən iqlim hadisələri ilə bağlı müəyyən məsuliyyət daşıyır. Yəni, bu xarakterli məsələlərə diqqət yetirmək məcburiyyətindədir. Prezident İlham Əliyevin verdiyi açıqlamalr, səsləndirdiyi çağırışlar məhz bu səpkidədir. Planetin üzləşdiyi qlobal problemlərin həllinə Azərbaycan öz töhfəsini verməkdədir. COP29-un keçiriləcəyi noyabr ayından sonra da ölkəmiz bu prosesdə iştirakını davam etdirəcək. Azərbaycan artıq özündə Günəş və külək enerjilərinə daha çox üstünlük verir və bununla bağlı ciddi layihələr həyata keçirir.
Bundan başqa, bəzi kiçik dövlətlər, dənizaşırı ada-ölkələr vardır ki, onlar çox ciddi problemlərlə üz-üzə qalıblar. Qlobal iqlim dəyişiklikləri hətta bu ölkələrin bəzilərini yox olmaq təhlükəsi qarşısında qoyub. Həmin ölkələrdən bəzilərinin nümayəndələri bu yaxınlarda Bakıda keçirilən foruma qatılmışdılar. Əlbəttə ki, COP29-un ev sahibi kimi, Azərbaycan da bu qəbildən olan məsələlərə diqqət yetirir. Rəsmi Bakı yaranan problemlərin həlli istiqamətində öz fikirlərini bildirir, dünyanın böyük dövlətləri ilə birgə fəaliyyət göstərir.
Azərbaycan Prezidentinin çıxışlarında vurğuladığı əsas motiv məhz ölkəmizin öz üzərinə götürdüyü məsuliyyət yükü ilə bağlıdır. Bakı dünya gücləri ilə birgə iqlim dəyişiklikləri ilə bağlı dünyanın üzləşdiyi probemlərin həllində davamlı olaraq iştirak edəcək.
İmran BƏDİRXANLI
XQ