Müdafiə Nazirliyi xəbər verir

post-img

Bu ilin hazırlıq planına uyğun olaraq, iyunun 12-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan bölmələri ilə taktiki təlim keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən redaksiyamıza verilən məlumata görə, şəxsi heyət, döyüş texnikası, aviasiya vasitələri və pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlimdə əsas diqqət komandirlərin qərar qəbuletmə bacarıqlarının və onların peşəkarlıq səviyyəsinin daha da artırılmasına, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Azərbaycanla İran arasında əldə olunmuş razılaşma əsasında İran İslam Respublikasının Ordusunun müvafiq qüvvə və vasitələrinin cəlb edilməsi ilə eyni vaxtda qonşu dövlətin ərazisində də taktiki təlim keçiriləcək. Hər iki ölkədə keçiriləcək təlimlərdə strateji obyektlərin və kommunikasiya xətlərinin mümkün təxribat-diversiya fəaliyyətlərindən mühafizəsi üzrə müxtəlif tapşırıqlar koordinasiyalı şəkildə yerinə yetiriləcək.

***

Dünən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Avstriya Federal müdafiə nazirinin Baş katibi doktor Arnold H.Kammelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir dost və tərəfdaş ölkənin nümayəndələrini Azərbaycanda görməkdən məmnunluğunu bildirib. Görüşdə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi, o cümlədən təhlükəsizlik sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının Avstriyanın təşkilatçılığı ilə keçirilən müxtəlif kurs, seminar və treninqlərdə iştirakı yüksək qiymətləndirilib.

Müdafiə naziri avstriyalı qonağı bu ilin sentyabrında Bakıda keçiriləcək “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

A.H.Kammel Azərbaycan ilə Avstriya arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Avstriya arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti müzakirə edilib, birgə hərbi əməkdaşlığın inkişafında qərargah görüşlərinin və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

XQ

 

Son xəbərlər