Bişkekdə Müstəqil Dövlətlər Birliyi təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası keçirilib.
İclası Qırğızıstan Prezidenti Sadır Japarov açaraq MDB ölkələri arasında səmərəli dialoqun vacibliyi, xüsusi xidmət orqanlarının rolunun artırılması, təhlükəsizliyin təminatı üçün fəaliyyətin təkmilləşdirilməsi məsələlərinə toxunub.
Tədbirdə mütəşəkkil cinayətkarlıq, beynəlxalq terrorizm və ekstremizmlə mübarizə məsələləri, həmçinin bu il martın 22-də Moskvadakı “Krokus Siti Holl”da baş verən terror aktı ilə bağlı istintaqın nəticələri müzakirə edilib.
İştirakçılar təhlükəsizlik sahəsində çoxtərəfli qarşılıqlı fəaliyyətin vacibliyinə toxunublar. Şuranın üzvü olan dövlətlər MDB məkanında gələcəkdə sıx əməkdaşlıq haqqında razılığa gəliblər.
Tədbirdə deyilib ki, Şuranın növbəti yığıncağının bu ilin ikinci yarısında Qazaxıstanda keçirilməsi nəzərdə tutulur.
Şuranın iclası başa çatdıqdan sonra Qırğızıstan Prezidenti Sadır Japarov yığıncaq iştirakçılarını qəbul edib.
Görüş zamanı dövlət başçısı təhlükəsizlik sahəsində əsas problem olan terrorizm və ekstremizm məsələlərinə xüsusi diqqət yetirib. O bildirib ki, Qırğızıstan dövrümüzün ən böyük təhlükəsinə çevrilən terrorizmi qəriyyətlə pisləyir.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Bişkek