Azərbaycanın Müstəqillik Günü Pakistanda qeyd olunub

post-img

28 May-Müstəqillik Günü münasibətilə Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərindəki Serena otelində rəsmi qəbul keçirib.

Qəbulda Pakistan Baş nazirinin İqlim Dəyişiklikləri və Ətraf Mühitin Koordinasiyası üzrə əlaqələndiricisi xanım Romina Xurşid Alam, senatorlar, xarici ölkələrin Pakistandakı səfirləri, dövlət qurumlarının, ictimaiyyətin, mədəniyyət və işgüzar dairələrin nümayəndələri, Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, QHT və KİV nümayəndələri, o cümlədən Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycanın və Pakistanın himnləri səsləndirildikdən sonra ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov bu il 106-cı ildönümünü qeyd edən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) keçdiyi müstəqillik yolu haqqında məlumat verib, cümhuriyyətin 1918-ci il mayın 28-də yaradıldığını və onun müsəlman Şərqində ilk demokratik respublika olduğunu vurğulayıb.

Səfir AXC-nin mövcud olduğu 23 ay ərzində əldə etdiyi uğurlar barədə danışıb, ilk Milli Məclisin və Hökumətin formalaşmasını, sərhədlərin müəyyənləşdirilməsini, bayraq, himn, gerb kimi dövlət rəmzlərinin qısa dövr ərzində qəbul edilməsi haqqında iştirakçılara məlumat verib. O deyib ki, AXC demokratik ənənələrin və milli dövlətçilik tarixinin formalaşmasında mühüm rol oynayıb. 

Səfir qeyd edib ki, AXC-nin hüquqi varisi olan müstəqil Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa edib və öz suverenliyini Azərbaycan xalqı və dövləti qarşısında böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin sayəsində qoruyub saxlaya bilib. O əlavə edib ki, bu gün Azərbaycanda ulu öndər Heydər Əliyev siyasəti dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. 

Vətən müharibəsi haqqında danışan diplomat vurğulayıb ki, Azərbaycan 2020-ci ildə İlham Əliyevin rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsini yerinə yetirərək 30 ilə yaxındır işğal altında olan, beynəlxalq səviyyədə tanınan ərazilərini azad edib.

Azərbaycanın beynəlxalq aləmdə keçdiyi inkişaf prosesindən danışan X. Fərhadov Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər bir çox mühüm qurumlara uğurla sədrlik etdiyini diqqətə çatdırıb. O həmçinin 2024-cü il mayın 1-3-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini diqqətə çatdırıb. Səfir əlavə edib ki, Azərbaycan bütün ölkələrin yekdil dəstəyi ilə 2023-cü ilin dekabrında COP-29-a növbəti ev sahibliyi etmək üçün seçilib və bu, Azərbaycanın iqlim dəyişikliyinin milli, regional və qlobal miqyasda həllində liderliyinin və səylərinin tanınmasını nümayiş etdirir. 

Pakistan ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlər barədə danışan diplomat həmin əlaqələrin bütün sahələrdə yüksələn xətlə inkişaf etməkdə olduğunu diqqətə çatdırıb. Səfir bidirib ki, Azərbaycan ilə Pakistan arasında 2022-ci ildən PİA, 2023-cü ildən isə AZAL tərəfindən həyata keçirilən birbaşa uçuşlar bu əlaqələrin inkişafına böyük töhfə verir. O həmçinin qeyd edib ki, 2023-cü ildə Azərbaycana 50 mindən çox pakistanlı turist gəlib. 

X. Fərhadov əlavə edib ki, Pakistan Azərbaycanın onlayn ASAN viza sisteminə daxil olan ölkələrdən biridir. Pakistan vətəndaşları 3 saat ərzində internet vasitəsilə asanlıqla viza alıb  Azərbaycana səfər edə bilərlər. Bu birbaşa əlaqə iki ölkənin bütün dairələrindən olan insanları daha da yaxınlaşdırır. 2022-ci ilin dekabrında Azərbaycan hökuməti qardaşlıq münasibətlərini nəzərə alaraq Pakistandan idxal edilən düyünü gömrük rüsumundan azad edib. Təsadüfi deyil ki, 2023-cü il ərzində iki qardaş ölkə arasında ticarət dövriyyəsi 100 milyon dollara çatıb.

Xanım Romina Xurşid Aləm çıxışında ilk növbədə Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan ilə Pakistan arasındakı əlaqələrdən danışaraq bildirib ki, Pakistan Azərbaycan müstəqilliyinin ilk günündən qardaşlıq əlaqələrini yüksək qiymətləndirir.

Pakistanın Azərbaycanla həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq hərtərəfli dəstəyini davam etdirdiyini vurğulayan Baş nazirin əlaqələndiricisi Pakistanın 1991-ci il dekabrın 12-də Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirib. 

Tədbirin sonunda 28 May-Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə hazırlanmış rəmzi tort kəsilib, xatirə şəkilləri çəkilib.

Həmçinin tədbir zamanı Azərbaycanla bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

İslamabad 

 











Sosial həyat