Xarici diplomatlar Laçında

post-img

Mayın 24-də Laçın şəhərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin - səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşki­latların təmsilçilərinin iştirakı ilə Laçın İqlim Fəaliyyəti Dialoqu keçirilib. 

Tədbirdə Azərbaycan Respublikası Pre­zidentinin köməkçisi - Prezident Administra­siyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın eko­logiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Baba­yev, Laçın rayonunda Azərbaycan Respubli­kası Prezidentinin xüsusi nümayəndəsi Mə­sim Məmmədov, COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, ölkəmizdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, eləcə də di­gər rəsmi şəxslər iştirak ediblər. 

Tədbir çərçivəsində COP29-la əlaqədar təqdimat mərasimi olub. 

Təqdimatda çıxış edən Azərbaycan Res­publikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbay­canın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Cənubi Qafqaz bölgə­sində yeni reallıqların yarandığını vurğulayıb. Hazırda laçınlı keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqlarını, Laçının və Azərbaycanın işğaldan azad olun­muş digər ərazilərinin dirçəldiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib: “Təbiət bu füsunkar diyarı öz rəngləri ilə mükafatlan­dırıb, hər künc-bucaq yaşıllıqlarla, çiçəklərlə bəzədilib. Bu gün biz Azərbaycanın COP29 gündəliyinin başqa bir unikallığı olan sülh quruculuğu prosesində də baş verən iqlim fəa­liyyətindən danışacağıq. Bu, Ermənistan və Azərbaycan arasında sülh quruculuğu prose­si nəticəsində yaranıb. Laçın şəhərinə aparan yol Ermənistan sərhədinə çox yaxındır. Həkə­ri çayının qarşı tərəfində ermənilərə məxsus dirək və bayraqları görürük. Azərbaycan Er­mənistanla mülki sərhəd, normal sərhəd qur­maq niyyətindədir”.

Azərbaycanın qarşıya qoyduğu məqsəd­lərə nail olmağı hədəflədiyini və bunun üçün bütün səyləri gücləndirmək niyyətində oldu­ğunu deyən Hikmət Hacıyev bildirib ki, ya­şıl enerjinin müsbət cəhəti hər yerdə istehsal oluna bilməsi ilə bağlıdır. Lakin bunun üçün yatırımlara, innovasiyalara ehtiyac var. Buna isə yalnız tərəfdaşlıq və əməkdaşlıq sayəsin­də nail olmaq olar. Biz bu məqsədə bir-biri­mizi dəstəkləyərək nail ola bilərik. Əgər biz COP29-un ev sahibi kimi uğurlar qazansaq, bu, bütün dünya üçün faydalı olar.

Laçın rayonunda Azərbaycan Respublika­sı Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib ki, Ermənistanın işğalı nəticəsində bu regionda bütün infrastruktur tamamilə dağıdılıb. Laçının bir çox yerində isə tank və piyada əleyhinə minalar basdırı­lıb. Bu minalar mülki vətəndaşların ölümünə səbəb olub. Azərbaycan Respublikasının Mi­natəmizləmə Agentliyi (ANAMA) Laçında və ətraf ərazilərdə minatəmizləmə əməliyyat­larını davam etdirir.

Laçının Azərbaycanın ən gözəl şəhərlə­rindən biri olduğunu vurğulayan M.Məmmə­dov deyib: “2023-cü ilin sentyabrından bəri Laçında 700-dən çox ev və yaşayış kompleksi yenidən qurulub. Biz Laçının Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə qürur duyuruq”.

Laçınlı keçmiş məcburi köçkünlərin artıq doğma evlərinə geri qayıtdıqlarını qeyd edən xüsusi nümayəndə deyib: “Bir il əvvəl keçmiş məcburi köçkünlərin ilk hissəsi Laçına qa­yıtdı və burada Prezident İlham Əliyev yeni evlərin açarlarını onlara təqdim etdi. Bu gün 730 ailə - 2766 nəfər Laçın rayonuna qayıdıb. Laçın şəhərində, Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlər üçün qısa müddət­də hər cür şərait yaradılıb. 2026-cı ilin sonuna qədər 12 min insanı öz evlərinə qaytarmağı düşünürük”.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezi­denti Muxtar Babayev COP29-a hazırlıq prosesində əməkdaşlığın önəmini vurğulaya­raq bildirib: “Biz sizi COP29 ilə bağlı bütün hazırlıqlarda məhsuldar olmağa və bu tədbi­rin gündəliyini fəal şəkildə hazırlamaq üçün dəvət edirik. Düşünürəm ki, müzakirə oluna­caq məsələlər çoxdur”.

Bu mötəbər tədbirə hazırlıq işlərindən danışan Muxtar Babayev deyib: “Bizim ko­mandamız artıq bir neçə aydır ki, COP29 üçün hazırlıqlar görür. Bugünkü tədbir isə si­zin təkliflərinizi dinləmək üçün bir fürsətdir. Ümidvarıq, bütün ölkələr COP29 ilə bağlı anlayış və həmrəylik göstərəcəklər. Onlar öz səylərini birləşdirərək bir-birinə daha yaxın olacaq, bu da məsələləri həll etməyimizə kömək edəcək”.

COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfi­yev qeyd edib ki, ötən il Dubayda keçirilən COP28 tədbiri bütün ölkələr üçün əlverişli olub. İndi isə Azərbaycan həmin səyləri artıq konkret fəaliyyətə çevirməyə başlayıb. Azər­baycanın əsas məqsədi COP hədəflərinə nail olmaq üçün hərəkətə keçmək və daha da irə­liləməkdir.

Nazir müavini bildirib: “Bizim Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə mühüm da­nışıqlarımız olub və bu sahədə bir çox irəlilə­yiş əldə etmişik. İtaliyanın G7 prezidentliyi də bizi danışıqlar aparmaq üçün dəvət edib. Konkret fəaliyyət olmadan hədəflər dəyişə bilməz”.

Energetika nazirinin müavini, “COP29 Azərbaycan” üzrə baş icraçı direktor Elnur Soltanov vurğulayıb ki, COP29 beynəlxalq ictimaiyyətin dəstəyi olmadan həyata keçi­rilə bilməzdi. “Azərbaycanın bu məsuliyyəti öz üzərinə götürməsi təqdirəlayiqdir. Bizə dəstəyinə, fikir mübadiləsinə, o cümlədən mütəxəssislərin göndərilməsinə görə bey­nəlxalq təşkilatlara təşəkkür edirik”, – deyə E.Soltanov vurğulayıb. 

Qarabağ və Şərqi Zəngəzurun Azərbay­can Prezidenti tərəfindən yaşıl enerji zonaları elan olunduğunu vurğulayan nazir müavini qeyd edib ki, buradakı bütün infrastruktur yaşıl enerjiyə keçid üçün uyğunlaşdırılaraq tikilir.

COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Ar­padarai Azərbaycanın bu mötəbər tədbirə qısa müddətdə hazırlıq görməsi üçün zəngin təcrübəsinin və imkanlarının olduğunu deyib: “Azərbaycanın COP29-a hazırlığı üçün cəmi bir neçə ay vaxtı var. Adətən ölkələrin bu pro­sesə ev sahibliyi etməsi üçün daha çox zama­nı olur”. O, COP29 inklüzivlik və bərabərlik platforması olacağına əminliyini ifadə edib. 

COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova iqlim hərəkatının kollek­tiv hərəkata keçidlə başladığını qeyd edərək bildirib ki, hər kəs bunu öyrənməyə, tətbiq etməyə evdən başlamalıdır. Bu məsələlər­də geniş maarifləndirmə işinin aparılma­sının önəmini vurğulayan L.Həsənova bu istiqamətdə müvafiq işlərə başlanıldığını, gənclərin məlumatlandırıldığını qeyd edib.

Azərbaycan Turizm Bürosunun Bey­nəlxalq bazarlar və işgüzar tədbirlər departa­mentinin direktoru Sevda Əliyeva çıxışında COP29 ilə əlaqədar ölkəmizə gələcək qonaq­ların yerləşdirilməsi imkanlarından danışıb. “Biz qonaqların qalacaqları məkanların təşki­li üzərində fasiləsiz çalışırıq. Burada 100-dən çox bina var. Qonaqlama prosesini yüksək sə­viyyədə təmin etmək çox vacibdir. “Çox şadıq ki, dünən bu barədə platforma istifadəyə ve­rildi. COP29-un qonaqlama platforması var. Ölkədəki bütün otellər bu platformada qeydə alınmaq üçün xüsusi yoxlamadan keçib”, - deyə S.Əliyeva vurğulayıb. 

Tədbirdən sonra diplomatik korpusun nümayəndələri Zerti Aqro-Sənaye Parkında olublar.

Diplomatlara Zerti Aqro-Sənaye Par­kındakı heyvanlar, yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün kon­teyner tipli təsərrüfatlar barədə məlumatlar verildi.

Bildirilib ki, burada fəaliyyət göstərən bütün müəssisələr ən müasir texnologiyalar­la təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər. Bu mənada Aqro-Sənaye Parkın­da fəaliyyət göstərən hər bir müəssisə həm də tədris-təlim mərkəzi sayıla bilər.

Diplomatik korpusun nümayəndələri son­ra “Hoçazfilm” studiyasına gəliblər. Məlumat verilib ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamət­ləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçi­riləcək mədəni-kütləvi tədbirlərin işıqlandı­rılması, Laçında yenidənqurma işlərinin, re­gionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əmək­daşlıq, gənclər üçün yay məktəbləri, yaradıcı­lıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolya­siyası baxımından beynəlxalq standartlara uyğundur.

Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə ver­mək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə forel balıqlarının buraxılması prosesini də izləyiblər.

Sonra 28 May – Müstəqillik Gününə həsr olunan “Xalça belə yarandı” sərgisinin açılışı olub. Sərgidə milli xalçalarla yanaşı, müxtəlif dizaynlarda hazırlanmış sənət nümunələri də nümayiş etdirilib.

Azərbaycanda akkreditə olunan diploma­tik korpus təmsilçilərinin Laçına səfəri başa çatıb.

Son xəbərlər