Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu

post-img

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu işə başlayıb. 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə bir sıra dövlət qurumlarının, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər iştirak edirlər. 

AQTA sədri Qoşqar Təhməzli bildirib ki, agentlik tərəfindən fermerlərin sağlam toxum məhsulu ilə təminatı və ölkə ərazisinin təhlükəli yeni bitki xəstəliklərindən mühafizə olunması istiqamətində genişhəcmli fəaliyyətlər icra edilir. Agentlik ölkə ərazisini qonşu ölkələrdə yayılmaqda olan təhlükəli bitki virus və bakteriya xəstəliklərindən qorumaq, respublikada bitkiçilik məhsullarının istehsalı və ixracı üçün yarana biləcək təhlükələri önləmək üçün pomidor, bibər, kartof kimi təsərrüfat əhəmiyyətli bitkilərin əkin materialının idxalı zamanı həyata keçirilən fitosanitar tədbirləri daha da genişləndirib. 

Həmçinin Q.Təhməzli vurğulayıb ki, agentlik qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, bitki sağlamlığı və bitki mühafizəsi vasitələrinin və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət sisteminin inkişafı, kadr və elmi potensialın gücləndirilməsi və digər əhəmiyyətli tədbirlər həyata keçirib. 

Forumda daha sonra Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Milli Məclisin Aqrar Siyasət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) tabeliyində fəaliyyət göstərən Ümumrusiya Bitki Karantini Mərkəzinin nümayəndələri çıxış ediblər. Natiqlər ölkəmizdə aqrar sahədə aparılan islahatlardan, bitkiçiliyin inkişafı istiqamətində görülən işlərdən və bu sahədə əldə olunan nailiyyətlərdən danışıblar.



Son xəbərlər