Mayın 15-də Portuqaliyanın Lissabon şəhərində Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Qlobal Dialoq Forumu öz işinə başlayıb.
Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, “Transformativ dialoq: Sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusuna həsr edilmiş forumda KAICIID-in Baş katibi Zuhair Alharthi tədbirin məqsədi barədə danışıb.
Avstriyanın sabiq Prezidenti Haynts Fişerin və Fransanın keçmiş Prezidenti Fransua Ollandın forum iştirakçılarına məktubları oxunub.
Konstantinopol Ekumenik Patriarxı I Varfolomeyin, İtaliyanın keç-miş Baş naziri Matteo Renzinin, Lissabon şəhərinin meri Carlos Moedasın, Məkkə məscidinin imamı Saleh bin Abdullah əl-Humeydinin, Misirin Baş müftisi Şövqü Əllam İbrahim Abdel-Kərimin, Polşanın Baş ravvini Mixael Şudriçin, Portuqaliya parlamentinin sabiq sədri Auqusto Santos Silvanın məruzələri və çıxışları dinlənildikdən sonra KAICIID-in fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin Qlobal Dialoq Forumunun iştirakçılarına ünvanlanmış məktubunu oxuyub.
Forumda KAICIID Direktorlar Şurasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə də çıxış edib. O, təəssüflə qeyd edib ki, beynəlxalq sabitliyə və təhlükəsizliyə əngəl törədən ideoloji və praktiki çağırışlar, o cümlədən, ksenofobiya, dini və etnik dözümsüzlük faktları, nifrət çağırışları qlobal miqyasda artmaqdadır. Şeyxülislamın sözlərinə görə, dünyanın xilası bəşəri mənafelər naminə bir araya gəlməkdən və etimad mühitinin formalaşdırılmasından keçir. Dinlərarası dialoq və əməkdaşlıq bu baxımdan əvəzolunmaz əhəmiyyət kəsb edir. Bütün mövcud problemlərin fövqündə duran sülhün bərqərar olunması, qorunması məramı ilə BMT Sivilizasiyalar Alyansı, G20 Dinlərarası Forumu kimi nüfuzlu beynəlxalq təşkilatların strukturlarında, İqlim Dəyişikliklərinə dair qlobal təşəbbüs – COP tədbirləri çərçivəsində sülh naminə dini liderlərin iştirakı ilə real əməkdaşlıq müstəvisinin təşkili yönündə səylər təqdir olunmalıdır.
Şeyxülislam bildirib ki, Azərbaycanda multikulturalizm dövlət siyasəti olaraq həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyətlər, dinlərarası dialoq, əməkdaşlıq proseslərinə ali dəstək və himayə göstərir.
Qeyd edək ki, KAICIID dünyanın bütün əsas dinlərinin nümayəndələri tərəfindən idarə olunan yeganə hökumətlərarası təşkilatdır. Təşkilatın missiyası müxtəlif dinlərə və mədəniyyətlərə malik insanlar arasında sülh, tolerantlıq və anlaşmanı təşviq etməkdir.
XQ