Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Vyana ofisində keçirilən “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfransın iştirakçıları Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları xalqlarının məruz qaldıqları müstəmləkə vəziyyətindən dərin narahatlıqlarını ifadə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Matteo Mekaççiyə və ATƏT-in media azadlığı üzrə nümayəndəsi xanım Tereza Ribeyroya açıq məktub ünvanlayıblar.
Kolonializmə qarşı mübarizədə Bakı Təşəbbüs Qrupunun rolunun xüsusi vurğulandığı məktubda qeyd olunub: “2023-cü ildə beynəlxalq miqyasda qeyri-hökumət təşkilatı kimi yaradılmış Bakı Təşəbbüs Qrupunun əsas məqsədi müstəmləkəçilik və neokolonializmlə mübarizəni dəstəkləməkdir. Bu çərçivədə Bakı Təşəbbüs Qrupu Cenevrə və İstanbulu da əhatə etməklə Bakıdan Nyu-Yorka qədər 10-a yaxın beynəlxalq konfrans təşkil edib.
Son zamanlar Bakı Təşəbbüs Qrupunun fəaliyyəti hökumətlərarası səviyyədə vurğulanıb. Xüsusilə bildirilib ki, Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilən bütün beynəlxalq konfranslarda Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında məşğulluq, mənzil təminatı sahələrində ayrı-seçkilik halları, təbii sərvətlərin istismarı barədə ətraflı məlumat verilib, Fransa hökumətinin himayəsi altında təşkil edilən kütləvi immiqrasiya faktları diqqətə çatdırılıb.
Həmin hallar məktubda aşağıdakı qaydada ümumiləşdirilərək təqdim olunub:
- Həmin ərazilərdə Fransa inhisarçılığının maraqları güdülərək, həddindən artıq qida asılılığına (ərzaq məhsullarının 80 faizindən çoxu Fransadandır) və həyat bahalılığına səbəb olan düşünülmüş zəif iqtisadi inkişaf strategiyası həyata keçirilir. Yoxsullaşma (Qvianada əhalinin 50 faizi yoxsulluq həddində yaşayır) və kütləvi işsizlik bu ərazilərin gələcəyini ciddi şəkildə sarsıdan hər cür neqativ hallara (zorakılıq, silah və narkotik ticarəti) gətirib çıxarıb;
- 1989-cu il (Qviana) Yerli və qəbilə xalqlarına dair (169 №-saylı) Konvensiya ratifikasiya edilməyib;
- Getdikcə daha çox təhdid edilən yerli dilləri arxa plana keçirən fransız mədəniyyətinin hegemonluğunun və assimilyasiya siyasətinin tərkib hissəsi kimi, yerli xalqların tarixinə, coğrafiyasına, mədəniyyətlərinə, eləcə də onların gələcəkləri ilə bağlı maraqlarına uyğun gəlməyən fransız tədris proqramları məktəblərdə tətbiq edilir;
- Torpaqların zəbt edilməsi (Fransız Qvianası torpaqlarının 90 faizi Fransa dövlətinə aiddir), sahəsi milyonlarla kvadratmetr olan Xüsusi İqtisadi Zonalara nəzarət (Fransa 11 milyon kvadratmetrlik Xüsusi İqtisadi Zona ilə dünyada ən böyük ikinci dəniz gücüdür), onilliklər ərzində yerli gənclərin Fransaya deportasiyası siyasətinin həyata keçirilməsi Qvadelupa və Martinikada ağır demoqrafik böhrana və təbii ehtiyatların talanmasına səbəb olub;
- Polineziya müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına yenidən daxil edildikdən bəri “boş kreslo” siyasəti həyata keçirilir;
- Böyük Qərb dövlətləri yerli xalqlarla ən kiçik məsləhətləşmələr aparmadan Hind-Sakit okean regionunda (Polineziya, Yeni Kaledoniya), Karib dənizi-Amerika bölgəsində (Fransız Qvianası, Martinika, Qvadelupa) və Korsikada (Solenzara bazası) ərazilərdən hərbi-geostrateji bazalar kimi istifadə edir;
- Numea Sazişinə əsasən başlayan müstəmləkəsizləşdirmə prosesinə əməl edilmir, beləliklə, qeyri-qanuni referendum keçirilir və seçicilərin sayı azalır.
“Tarix və öz xalqları qarşısında məsuliyyətdən yola çıxaraq, ən son fransız müstəmləkələri olan Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarından olan təşkilatların və Bakı Təşəbbüs Qrupunun nümayəndələri sizdən Fransa hökumətinə beynəlxalq norma və təcrübələrə zidd olan bütün hərəkətləri dayandırmaqla bağlı müraciət etməyi xahiş edirlər.
Biz yerli xalqların mədəni və dini irsinin vəziyyəti haqqında məlumat xarakterli hesabat hazırlamaq üçün UNESCO-nun rəhbərliyi ilə beynəlxalq ekspertlər qrupunun yaradılmasının və dərhal müvafiq ərazilərə göndərilməsinin zəruriliyini vurğulayırıq.
Biz, həmçinin 2024-cü ilin noyabrında Azərbaycan Respublikasının paytaxtı Bakıda keçiriləcək COP29-da Fransanın müstəmləkəçilik siyasətinin zərərli ekoloji təsirlərinin müzakirə edilməsinin böyük əhəmiyyətini vurğulayırıq.
Bəşəriyyətimizin qlobal istiləşmənin əsas fəsadları və onun gələcəyini təhdid edən görünməmiş təhlükələrlə üzləşdiyi bir vaxtda sizin kömək və dəstəyinizə inanır və ümid edirik ki, bu dəfə xahiş və müraciətlərimiz cavabsız qalmayacaq”, - deyə açıq məktubda qeyd olunub.
XQ