VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dünən müxtəlif ölkələrin dini liderlərinin Şuşa görüşü keçirilib. Tolantının sonunda dini liderlərin Şuşa Bəyannaməsi qəbul olunub.
Sənəddə deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayədarlığı ilə təşkil olunan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar sessiyanın – Bakı və Şuşa görüşlərinin iştirakçıları olan dünya və ənənəvi dinlərin liderləri, ictimaiyyət, elm xadimləri, beynəlxalq və dini təşkilatların nümayəndələri Azərbaycanın beynəlxalq müstəvidə sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafında, milli-mədəni və mənəvi dəyərlərin qorunmasında, tolerantlıq və multikulturalizm ənənələrinin təbliğində önəmli rolunu qeyd edir, Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində iştirakını və dərin məzmunlu çıxışını yüksək dəyərləndirirlər.
Bəyanatda beynəlxalq səviyyədə terrorizmin geniş miqyasda yayılması, ksenofobiyanın, dini və etnik zəmində dözümsüzlüyün və zorakılığın artması faktları ilə bağlı dərin narahatlıq ifadə edilir, davamlı tərəqqiyə, sabitlik və təhlükəsizliyə maneə olan aqressiv təbliğatlara, nifrət çağırışlarına və dinlərarası ixtilafların qızışdırılması hallarına qarşı beynəlxalq birliyin birgə səylərinin zəruriliyi ifadə olunur.
Dini liderlər dünya xalqlarının dini və mədəni müxtəlifliyinin bəşər sivilizasiyasının ən böyük irsi kimi qorunmasının vacibliyini təsdiq edərək, silahlı münaqişələr, terror aktları, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı, mədəni və dini irsin talan və məhv edilməsi ilə müşayiət olunmasını yolverilməz hesab edirlər. Bu baxımdan sənəddə Ermənistanın işğal dövründə Azərbaycanın mədəni və mənəvi irsinə aid olan abidələri dağıtmasından, yandırılmış və minalanmış torpaq, ekosid və urbisid siyasətinin ağır nəticələrindən dərin narahatlıq ifadə olunur.
Bəyanatda dini liderlər Bakıda keçiriləcək İqlim dəyişikliyi üzrə COP29 Sammitinə, habelə bu mühüm platforma çərçivəsində beynəlxalq “Dini pavilyonu”na və “Dini Liderlərin Zirvə görüşü”nə ev sahibliyi edəcək Azərbaycan Respublikasına uğur diləyirlər. Sonda onlar İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə riayət olunmasına – insan hüquqlarının, qadın və uşaq haqlarının qorunması sahəsində dövlət, din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətini dəstəkləməyə çağırırlar.
XQ