Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov “vb.kg” agentliyinə eksklüziv müsahibəsində Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə gözlənilən səfərinin bəzi məqamları barədə danışıb.
Azərbaycanın Qırğızıstandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, səfir Prezident Sadır Japarovun çox zəngin səfər proqramının nəzərdə tutulduğunu diqqətə çatdırıb. “Hər iki ölkə üçün qarşılıqlı maraq doğuran geniş müzakirə ediləcək məsələlər var. Sadır Japarovun Azərbaycana səfəri zamanı Dövlətlərarası Şuranın ikinci iclası keçirilməsi və 10-dan çox sazişin imzalanması planlaşdırılır”, - deyə diplomat bildirib.
Hazırda Azərbaycanın və Qırğızıstanın ən yüksək səviyyədə olan ikitərəfli münasibətləri inamla davam etdirdiklərini vurğulayan L.Qəndilov diqqətə çatdırıb: “Əməkdaşlıq son bir neçə il ərzində sürətlə inkişaf edir və böyük, hətta deyərdim ki, çox möhkəm məzmuna malikdir. Azərbaycan ilə Qırğızıstanı ümumi tarixi köklər, möhkəm dostluq və qardaşlıq ənənələri birləşdirir. Bu, müxtəlif sahələrdə dövlətlərarası əlaqələrin yeni üsullarla genişləndirilməsi üçün yaxşı imkanlar yaradır”.
Diplomat qeyd edib ki, iki ölkə arasında bütün səviyyələrdə daimi və davamlı fəal siyasi dialoq mövcuddur. Bu baxımdan əminliklə demək olar ki, prezidentlər İlham Əliyev ilə Sadır Japarov arasında mütəmadi görüşlər, şəxsi təmaslar və etimada əsaslanan münasibətlər hərtərəfli əməkdaşlıq üçün möhkəm, əlverişli zəmin yaradır, münasibətlərimizin çoxvektorlu xarakterini müəyyənləşdirir, iqtisadi əlaqələri gücləndirir və demək olar bütün sahələrdə əməkdaşlığın inkişafına təkan verir.
Qırğızıstan-Azərbaycan münasibətlərinin kifayət qədər geniş sahələri əhatə etdiyini vurğulayan səfir bildirib: “Bu, iqtisadi blokdur, eləcə də humanitar sahədə qarşılıqlı fəaliyyətdir. İqtisadi sahədə artıq konkret nəticələr var. Biz Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunu yaratdıq, bu qurum fəaliyyətə başladı. Fondun təqdim etdiyi bəzi layihələr var. Azərbaycanın İqtisadiyyat Nazirliyinin mütəxəssisləri İnvestisiya Fondunun fəaliyyəti çərçivəsində canlandırılması qarşılıqlı maraq doğuracaq müəssisələrdə olublar. Artıq qeyd olunduğu kimi, yeni layihələr daxil olduqdan sonra İnvestisiya Fondunun həcmi də artacaq. Azərbaycan sərmayələri əsasında İssık-Kul sahillərində beşulduzlu otelin tikintisi uğurla davam edir və onun planlaşdırılandan daha tez istifadəyə verilməsi nəzərdə tutulur.
L.Qəndilov qarşılıqlı səfərlərin kifayət qədər intensiv olduğunu vurğulayıb. Deyib ki, prezidentlərin görüşləri ilə yanaşı, ölkələrimizin müxtəlif strukturlarının nümayəndələri də qarşılıqlı səfərlər həyata keçirirlər. “Bu günlərdə Bişkekdə Xəzər İnvestisiya Biznes Forumu keçirildi. Əminəm ki, bu tədbir Azərbaycan və Qırğızıstan şirkətləri arasında uğurlu işgüzar əlaqələrin formalaşmasına, eləcə də əməkdaşlığın genişlənməsinə töhfə verəcək”, - deyən səfirin sözlərinə görə, iki ölkənin dövlət başçılarının səyləri sayəsində əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Xalqlar öz liderlərini dəstəkləyir, əməkdaşlığı, humanitar əlaqələri inkişaf etdirirlər. Bişkekdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adına məktəb tikilib. Bişkekdəki böyük məktəblərdən birinə Ümummilli Lider, Azərbaycan xalqının görkəmli oğlu və müasir dövlətimizin qurucusu Heydər Əliyevin adı verilib. Biz bunu xalqlarımız arasında dostluğun, qardaşlığın əlaməti, Heydər Əliyevin xatirəsinə ehtiram kimi qiymətləndiririk. Qırğızıstan, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial obyekt tikmək niyyətindədir.
Diplomat, həmçinin Azərbaycanda Qırğızıstan mədəniyyətinə və tarixinə diqqətlə, hörmətlə yanaşıldığını qeyd edib.