Milli təhlükəsizlik mövzusunun elmi tədqiqində yeni uğur

post-img

Siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “Milli təhlükəsizlik nəzəriyyəsi” adlı monoqrafiyası milli təhlükəsizlik məsələlərinin araşdırılmasına sanballı töhfə sayıla bilər. 

Uzun müddət bu istiqamətdə tədqiqat aparmış müəllif milli təhlükəsizliyin həm elmi-nəzəri problemlərinin hərtərəfli öyrənil­məsi və təhlil edilməsinə nail olmuş, həm də milli təhlükəsizliyin təminatı prosesinin prak­tik-tətbiqi mexanizmləri ilə bağlı məsələləri dolğun əks etdirə bilmişdir. 9 fəsil, ön söz və ədəbiyyat siyahısından ibarət olan monoqrafi­yada milli təhlükəsizliyin mahiyyəti, predme­ti, kateqoriyaları, tədqiq və tətbiq metodları aydınlaşdırılmışdır. Azərbaycan Respublika­sının milli təhlükəsizlik siyasəti və sisteminin təşəkkülü, formalaşması və inkişaf xüsusiy­yətləri, onun hüquqi əsasları, həyata keçirilmə mexanizmləri, əsas milli maraqlar və onların reallaşdırılmasının müvafiq istiqamətləri, pa­rametrləri, müasir beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik probleminə yeni tələblər, çağırışlar və yanaşmalar da ki­tabda ümumiləşdirilərək tədqiq olunmuş, düzgün elmi-nəzəri nəticələr çıxarılmışdır. 

Cəlil Xəlilovun milli təhlükəsizlik siyasə­ti məsələləri ilə bağlı elmi-nəzəri mülahizələ­rinin konkretliyini və dərinliyini şərtləndirən başlıca amillərdən biri də müəllifin praktik olaraq bələd olduğu bu mövzunu uzun illər araşdırması və onunla bağlı AR Prezidenti ya­nında İdarəçilik Akademiyasında tədris pro­sesi ilə məşğul olması ilə əlaqədardır. 

Siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun təhlükəsizlik nəzəriyyəsini ölkə­mizdə yeni bir elm sahəsi kimi dərindən araş­dırmaq səyləri, gətirdiyi arqumentlər, irəli sürdüyü mülahizə və qənaətlərin həqiqiliyi və inandırıcılığı onu deməyə əsas verir ki, müəl­lifin bu istiqamətdə tədqiqatlarının əhatə da­irəsini genişləndirməsi bu sahənin inkişafına töhfə vermək niyyətindən və potensialından qaynaqlanır. 

Monoqrafiyada Azərbaycan Respubli­kasının milli təhlükəsizlik siyasətinin təşki­li, milli maraqlar, onların təminatı prosesi, vasitələri, üsulları, təhlükəsizliyin müxtəlif aspektlərinin və ölkəmizə qarşı mümkün təhdidlərin təhlili, müvafiq dövlət orqan­larının bu sahədəki vəzifələri, səlahiyyət­ləri və əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi məsələləri elmi-nəzəri, həm də praktik baxımdan kifayət qədər əsaslan­dırılmış, düzgün nəticələr çıxarılmışdır. Müəllif hərbi, siyasi, iqtisadi, sosial, mə­dəni, ekoloji və digər istiqamətlərdə milli təhlükəsizliyin təminatı, dövlət, cəmiyyət və fərdlər səviyyəsində bu işin təşkili ilə bağlı məsələləri günün prizmasından dəyər­ləndirmiş və qeyd edilən sahələrdə daha səmərəli və əlaqləndirilmiş fəaliyyətin va­cib məqamlarına toxunmuşdur. 

Monoqrafiyada milli təhlükəsizliyə qarşı təhdidləri doğuran səbəblər, onların vaxtında aşkarlanması, qarşısının alınması üçün gö­rülən qabaqlayıcı tədbirlər və digər məqam­lar da ciddi tədqiqat obyektinə çevrilmiş, hərtərəfli dəyərləndirilmiş, bütün incəliklər nəzərə alınmışdır. Bir daha vurğulayaq ki, bütün bunların məntiqi ardıcıllıqla və yüksək səviyyədə təhlil olunması Cəlil Xəlilovun milli təhlükəsizlik məsələlərini yalnız nəzəri deyil, həm də təcrübi baxımdan yaxşı bilmə­sindən, peşəkar hərbi kadr kimi uzun müddət sərhəd, hərbi və milli təhlükəsizliyin təminatı sahələrində çalışmasından və son 10 ilə yaxın müddətdə Azərbaycan Respublikası Müha­ribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi fəaliyyətin­dən qaynaqlanır. Görkəmli alman filosofu və nasiri Hötenin təbirincə desək, “həmişə ya­şıl həyat ağacı”ndan bacarıqla bəhrələnməsi tədqiqat əsərini daha canlı və faydalı etmişdir. 

Müəllif haqlı olaraq, İkinci Qarabağ mü­haribəsində qazanılan Zəfərdən və 2023-cü ilin 19-20 sentyabrında bir günlük lokal an­titerror tədbirlərindən sonra öz ərazi bütövlü­yünü və bütün ərazisində dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin gerçəkləşdiril­məsində tamamilə yeni dövrün başlandığını, Azərbaycanın dünyanın müxtəlif təhlükəsiz­lik sistemləri ilə münasibətlərinin bu reallıq­lar zəminində təşəkkül tapması zərurətini xü­susi vurğulamışdır. 

Ümumiyyətlə, monoqrafiyada tədqiqata cəlb olunmuş mövzu ilə bağlı bütün məqam­lar nəzərə alınmış, dolğun və düzgün nəticələr çıxarılmış, təkmil bir elmi-nəzəri əsərin orta­ya çıxmasına nail olunmuşdur. 

Lətif BABAYEV,
tarix üzrə fəlsəfə doktoru

Son xəbərlər