Şəfalı əllərin möcüzəsi

post-img

5 yaşlı Aydan ölümün pəncəsindən necə xilas edildi?

Xəstəxanada şərait nə qədər ideal, avadanlıqlar nə qədər müasir olsa da, əsas məsələ insan amilidir. Əgər həkim yüksək ixtisaslı peşəkar olmasa, ona müraciət edən pasientin dərdinə çarə tapmaq üçün can yandırmasa, yeri gələndə fədakarlıq göstərməsə, ən müasir avadanlıq da fayda verməz.

Bir çox hallarda şəfalı əllər sahibinin xeyirxahlıq, canıyananlıq kimi yüksək insani keyfiyətləri ən ağır xəstənin belə dərdinə çarə tapmaqda ona yol göstərir. Məhz həkimin insansevərliyi və mər­həməti öləziməkdə olan ümidi şölələndir­məyə, dünyadan əlini üzənə yeni həyat bəxş etməyə qadirdir.

Belə həkimlərdən biri Mərkəzi Göm­rük Hospitalının uşaq uroloq-cərrahı Toğrul Piriyevdir. Cari ilin yanvar ayında ağır vəziyyətdə xəstəxanaya çatdırılan 5 yaşlı Aydan balanı məhz Toğrul həkim həyata qaytarıb. Aydanın nənəsi Fəzilə Əmiraslanova bu barədə “XQ”-yə da­nışır: “Aydan mənim qız nəvəmdir. Biz onu Toğrul həkimin yanına gətirəndə sağ qalacağına ümidimizi itirmişdik. Toğrul həkim nəvəmi o dünyadan qaytardı. O, genişqəlbli insan, peşəsinin bilicisi kimi bizə köməyini əsirgəmədi. Sanki onu bizə Allah yetirdi. Allah ömrünü uzun, yo­lunu açıq, işini avand etsin”.

Qəbələ rayonunun Mıxlıqovaq kən­dindən olan Fəzilə Əmiraslanova şəhid anasıdır. Dünyaya gətirdiyi, boya-başa çatdırdığı 3 qızının yeganə qardaşı, oğlu Ümman Əmiraslanov Vətən müharibəsi zamanı – 2020-ci il oktyabrın 2-də Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə şə­hidlik zirvəsinə ucalıb.

Fəzilə ana deyir ki, oğlu Tovuz dö­yüşlərindən, xüsusilə general-mayor Polad Həşimovun şəhid olmasından xeyli təsirlənib. Azğınlaşmış düşməndən qisas almaq hissi Ümmanın elə həmin günlərdə – 2020-ci il iyulun 14-də könül­lü surətdə ordu sıralarına yazılmasına səbəb olub. Sentyabrın 21-dən təlimlərə cəlb olunan əsgər ayın 27-dən döyüşə atılıb. Torpaqlarımızın azad edilməsində xüsusi igidlik göstərib. Ancaq müharibə­nin başlanmasından 5 gün sonra yağı gülləsinə tuş gəlib. Şəxsi igidliyinə və şücaətinə görə ölümündən sonra dövlət başçısının sərəncamları ilə “Vətən uğ­runda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Uroloq-cərrah Toğrul Piriyevin hə­yata qaytardığı Aydanın atası Tamerlan Həmidov da Vətən müharibəsi iştirakçı­sıdır. Fəzilə Əmiraslanova danışır: “Ay­dan dayısına çox bənzəyir. Ona görə de­yirəm ki, şəhid balamın qoxusunu ondan alıram. Toğrul həkimə həm də ona görə minnətdaram ki, mənə oğlumun yadiga­rını qaytardı. Bu işə göydə Allah, yerdə Toğrul həkim vəsilə oldu”.

Şəhid anası söhbət zamanı nəvəsinin müalicəsinin əvvəlcə yanlış aparıldığını bildirdi: “Toğrul həkimin yanına gələnə­dək səhv yolda olduq, çox mərhələlər keçdik. Biz Gömrük Hospitalına çatanda Aydanın qızdırması 40 dərəcə, nəvəm ölüm ayağında idi. Allaha şükürlər olsun ki, Toğrul həkimi tapdıq. Balamızı həyata qaytardı. Ona çox minnətdarıq”.

Onu da öyrəndik ki, Aydanın xəstə­liyi qaraciyər absesi (qaraciyər toxuma­sında nekroz, infeksion iltihab və septik əlamətlərlə xarakterizə olunan xəstəlik – red.) olub. Xəstəlik genişlənərək uşağın bağırsaqlarını zədələyib. Bu səbəbdən Aydan beş saat yarımlıq ağır əməliyyat keçirib.

Yazını hazırlayarkən uşaq uro­loq-cərrahı Toğrul Piriyevin də fikirlərini öyrəndik: “Aydan bala kəskin qarın ağ­rısı, qusma və yüksək hərarətlə klinika­mıza gətirilmişdi. Müayinələr nəticəsində qaraciyərin sağ beşinci seqmentində 5 santimetrlik kisdidatik, yəni exnokok kis­tası aşkarlandı. Həm də kisidin qopma və deşilmə riskini nəzərə alaraq, təcili əməliyyata götürdük. Əməliyyat uğurlu keçdi. Yeri gəlmişkən, hospitalın rəh­bərliyi də Aydanın müalicəsinə xüsusi diqqət və qayğı ilə yanaşdı, əməliyyatın istənilən sonluqla bitməsinə dəstəyini əsirgəmədi. Klinikada dördgünlük müa­licədən sonra evə buraxıldı. Bir müddət keçəndən sonra kontrola gəldi. Hər şey normal idi”.

Fəxarət hissi ilə qələmə aldığımız və bizə müqəddəs Ramazan ayının İlahi fə­zilətlərini xatırladan bu hekayətin sonun­da xeyirxah Toğrul həkimə: – “Qazandı­ğınız növbəti savabınız mübarək olsun, Allah əllərinizdən şəfanı, ürəyinizdən mərhəməti əskik etməsin!” – deyirik.

Toğrul Piriyev 1986-cı il avqustun 19-da Bakı şəhərində anadan olub. 2004–2010-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. Universiteti fərqlənmə diplo­mu ilə bitirib. 2010-2011-ci illərdə Mərkə­zi Klinikada uşaq urologiyası ixtisası üzrə internatura keçib. 2017–2019-cu illərdə İstanbul Universiteti Cərrahpa­şa Tibb fakültəsində Uşaq cərrahiyyəsi və uşaq urologiyası ixtisası üzrə ixtisa­sartırma kurslarında olub və klinikada çalışıb. 2011–2013-cü illərdə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə hə­kim işləyib. 2014-cü ildən 2019-cu ilədək “Baku Medical Plaza”da uroloq-cərrah kimi fəaliyyət göstərib. 2023-cü ilin fev­ralından etibarən Mərkəzi Gömrük Hos­pitalındadır.

Səxavət HƏMİD
XQ

Sosial həyat