Dünən Milli Məclisin Sədri Sahibə Qafarova Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qo Min ilə görüşüb. Səfiri salamlayan S.Qafarova deyib ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlər yüksək inkişaf dinamikasına malikdir. Bu münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və hər iki xalqın mənafelərinə cavab verir.
Spiker Azərbaycan və Çin dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli siyasi dialoqun ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib. O cümlədən, dövlət başçılarının təmasları iki ölkə arasında bütün sahələrdə əlaqələrin dərinləşməsində və inkişafında mühüm rol oynayır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına 5 səfəri qeyd edilib.
Heydər Əliyev Fondu iki ölkə arasında mədəni və humanitar mübadilənin genişlənməsinə böyük töhfə verir. Çinin Xarici Ölkələrlə Dostluq Xalq Cəmiyyəti ilə birgə müxtəlif layihələr uğurla həyata keçirilir. Ölkələrimiz üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan birmənalı olaraq “vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Çin də ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hər zaman dəstək verib. O cümlədən, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək göstərir.
Qeyd olunub ki, Azərbaycan və Çin arasında parlamentlərarası əməkdaşlıq da yüksək səviyyədədir. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir.
Səfir Qo Min Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu bildirərək, qeyd edib ki, iki ölkə arasında münasibətlər dinamik və sabit inkişaf edir. Diplomat əlaqələrin inkişafında dövlət başçıları arasında münasibətlərin vacib rolunu vurğulayıb. O deyib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin növbədənkənar prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Diplomat, həmçinin COP29-un ölkəmizdə keçirilməsi münasibətilə də təbriklərini çatdırıb. Səfir parlamentlərarası əlaqələrin ölkələr arasında münasibətlərin inkişafında mühüm rolu qeyd edərək, Çin üçün əsas məsələlərdə göstərilən dəstəyə görə Azərbaycan parlamentinə təşəkkür edib.
Qeyd edilib ki, Qədim İpək Yolu xalqları birləşdirir. Bu gün də ölkələrimiz arasında bu istiqamətdə əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Çin Xalq Respublikası Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Bu istiqamətdə mühüm layihələr həyata keçirilmiş, Azərbaycanın nəqliyyat imkanları xeyli artmış və iri iqtisadi layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradılmışdır.
Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən nəhəng bərpa və yenidənqurma işləri, o cümlədən, “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji” layihələri barədə də məlumat verilib. Səfir həmin ərazilərdə olduğunu və görülən işləri öz gözləri ilə gördüyünü bildirib.
Ə.BƏDƏLOV
XQ