Gilavar Foto Klubunun veb-saytı istifadəyə verilib

post-img

“Gilavar Foto Klubu” İctimai Birliyinin yeni tərtibatda hazırlanmış gilavar.az veb saytı istifadəyə verilib.

Saytda Birliyin fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi layihələr, fotomüsabiqələr və sərgilər barədə məlumatlar yer alıb. Sayt “Gilavar”, “Təşkilatlar”, “Layihələr”, “Üzvlər”, “Xəbərlər”, “Foto” və “Video” bölmələrindən ibarətdir.

Veb, mobil və planşet versiyalarında hazırlanan saytın tərtibatında əsasən tünd mavi və ağ rəng çalarlarından, sadə və oxunaqlı şriftlərdən istifadə olunub.

“Gilavar” bölməsində Birliyin yaranması və fəaliyyəti, İdarə Heyəti və katibliyi haqqında məlumatlar, hesabatlar və klubun uğurları yer alıb.

“Üzvlər” bölməsində Birliyin üzvləri barədə məlumatlar, üzvlüyə qəbul qaydaları və şərtləri, “Layihələr”də isə klubun gördüyü işlər, həyata keçirdiyi layihələr, fotomüsabiqələr və sərgilər barədə məlumatlarla tanış olmaq mümkündür.

“Foto” və “Video” bölmələrində klubun fotoqraflarının müxtəlif tədbirlərdə çəkdikləri fotolar, reportajlar, Birliyin informasiya dəstəyi göstərdiyi tədbirlərindən olan keyfiyyətli fotolar, klubun həyata keçirdiyi layihələrin, tədbirlərin videoçarxları yer alıb.

“Xəbərlər” bölməsində azərbaycanlı fotoqrafların uğurları, ölkədə foto sənəti və fotoqrafiya ilə bağlı əhəmiyyətli tədbirlər, Birliyin üzvlərinin iştirak etdiyi tədbirlərdən fotoxəbərlər, klubun press relizləri, elanlar və digər məlumatlar təqdim olunur.

Bundan əlavə, elanlar, klubun göstərdiyi fotoxidmətlər, ianə sistemi köməkçi bölmələri də mövcuddur. Ziyarətçilər saytın ianə sistemi səhifəsinə daxil olaraq Birliyin bank hesabına pul formasında və ya mal, məhsul, əmlak şəklində ianə etməklə Azərbaycan foto sənətinə dəstək göstərə bilərlər. Həmçinin müxtəlif dövrlərə aid fotoaparatlar, fototexnikalar, fotoşəkillər, neqativlər, tarixi fotolar hədiyyə etmək də mümkündür.

Qeyd edək ki, “Gilavar Foto Klubu” İctimai Birliyi 1 dekabr 2017-ci ildə tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyev tərəfindən təsis edilib. 17 yanvar 2022-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Hazırda birliyin 40-dan artıq üzvü var.









Son xəbərlər